525.Az

Fransanın Mədəniyyətlər Tarixi İnstitutunda beynəlxalq konfrans


 

TƏDBİRDƏ BAKI SLAVYAN UNİVERSİTETİNİN 8 ALİMİ ELMİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

Fransanın Mədəniyyətlər Tarixi İnstitutunda beynəlxalq konfrans <b style="color:red"></b>

Fransanın Luneville şəhərində Mədəniyyətlər Tarixi İnstitutunda "Obyekt" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Fransanın Mədəniyyətlər Tarixi İnstitutunun müxbir üzvü, professor Rəhilə Qeybullayevanın təşkil etdiyi "Ədəbiyyat araşdırma obyekti" paneli təqdim olunub. 

Konfransda Azərbaycan Elm Fondunun "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri " adlı layihəsini fransızdilli akademik çevrədə müzakirə obyektinə çıxarmaq məqsədi ilə  ədəbiyyat fənninin akademik elm kimi formalaşmasından, müasir dövrdəki qərb və şərq mühitində termin fərqlərindən və onların tarixindən danışılıb.

Tədbirdə Bakı Slavyan Universitetinin 8 alimi elmi məruzə ilə çıxış edib.  Məruzələr iki istiqamətdə - ümumi nəzəri problemlər və Azərbaycan ədəbiyyatında təsvir olunan obyektlər əsasında qurulub.

Bella Musayeva "Mirzə Şəfinin poziyasında məhəbbət obyekt kimi", Rəhilə Quliyeva "Dehumanizasiya kontekstində ədəbiyyat obyekti", Rafik Novruzov "Od mədəniyyətlərdə ortaq simvol kimi ", Etibar Babayev "Sovet dövrünün dəyişən stereotipləri ədəbiyyatın obyekti forması", Aygül Hacıyeva "Çiçək klassik islam poeziyasında", Fidanə Musayeva "Əli və Nino" əsərində tarix obyekt kimi", Nigar Bünyadova "Y. Polyakov nəsrində intelligensiya" adlı məruzələrini təqdim ediblər.

Əsas müzakirələr "Əli və Nino" əsərində tarix obyekt kimi" məruzəsinin ətrafında olub. Əcnəbi iştirakçılardan birinin Azərbaycanın XX əsrin sonundan öncə müstəqil dövlət kimi mövcud olub olmaması ilə bağlı verdiyi sualdan sonra nümayəndə heyətimizin üzvləri  xüsusilə Qərb alimlərinin mənbələrinə istinadən tutarlı nümunə, faktlar gətiriblər. Bununla bərabər xatırladılıb ki, yaxın keçmişdə - 1920-ci ildə Versal Sülh Konfransına qatılmaq üçün Fransaya ezam olunan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin üzvləri Sovet zülmündən qurtulmaq üçün məhz Fransa hökuməti tərəfindən siyasi sığınacaqla təmin olunublar.

Qeyd edək ki, bundan əvvəl 2012-ci ildə Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə "Mədəniyyətlər Tarixi" beynəlxalq elmi cəmiyyətin yaradıcılarından olan Didier Frankfort, Denis Saillardlə və Rəhilə Qeybullayevanın birgə təşkil etdiyi "Digərlərin dadı" (Taste of Others)  konfransı keçirilib. Konfransın materialları 2014-cü ildə Lorainne Universiteti tərəfindən fransız dilində nəşr edilib. Həmin məcmuəyə Bakı Slavyan Universitetinin alimlərinin də məqalələri daxil edilib.

Ceyhun ABASOV

 





02.08.2016    çap et  çap et