525.Az

Milli varlığımızın və müstəqil dövlətçiliyimizin iki mühüm simvolu


 

1 AVQUST AZƏRBAYCAN DİLİ VƏ AZƏRBAYCAN ƏLİFBASI GÜNÜDÜR

Milli varlığımızın və müstəqil dövlətçiliyimizin iki mühüm simvolu<b style="color:red"></b>

Yazı bəşəriyyətin ən dəyərli, ən əvəzsiz kəşflərindəndir.

Yazılı dildə işlədilən hərfi işarələrin hamısına əlifba deyilir. Hər bir əlifbadakı hərflər sıralanma ilə olur. Əlifba sırası isə müxtəlif yazı sistemlərində fərqli şəkildə özünü göstərir. Məsələn, yunan əlifbasında sıra alfa ilə başlayır omeqa ilə bitir, latın qrafikalı əlifbada A ilə başlayır, Z ilə qurtarır. Kiril əlifbasında A ilə başlanır, Ə (ya) hərfi ilə tamamlanır... Təsadüfi deyildir ki, bütün filoloji və ensiklopedik lüğətlərdən istifadə zamanı, yaxud elə onlar tərtib edilərkən əlifbadakı hərflərin sıra düzülüşü nəzərə alınır. Həmçinin ayrı-ayrı məqsədlərlə hazırlanan siyahılarda da əlifbadakı hərflərin ardıcıllığından istifadə edilir ki, bu da oxucunun işini asanlaşdırır, o, axtarışa çox vaxt itirmir.

Mədəniyyətlərin tarixində yazının tarixi kimi əlifbanın da yaranması ən qədim dövrlərə gedib çıxır. AMEA-nın müxbir üzvü, mərhum professor Afad Qurbanov yazırdı: " İnsanlar öz nitqlərini fonetik cəhətdən təhlil etməyə alışdıqları zaman səsləri işarələrlə, yəni hərflərlə əks etdirməyə başlamışlar..."

Əlifba tarixində finikiyalıların xidməti ilk dəfə olaraq işarələrlə - hərflərlə samit səsləri əks etdirməkdən, yunanların xidməti isə həm samit, həm də saitləri göstərərək əsl əlifbanı yaratmaqdan ibarət olmuşdur.

Bəllidir ki, yazı tarixən bir çox mərhələ keçirməklə təkmilləşmiş və bugünkü ideal vəziyyət, ideal formaya gəlib çıxmışdır. Elmə məlumdur ki, dünya xalqlarının heç də hamısı öz dilləri üçün xüsusi əlifba yaratmamışlar. Əgər belə olsaydı, bu gün dünyada mövcud olan 6000-dən artıq dilin hər birisinin əlifbası olardı. Hazırda dünyada 250-dən çox əlifbadan istifadə olunur. Bu əlifbalar xətlərin istiqamətinə, hərflərin miqdarına və quruluşuna və başqa cəhətlərə görə fərqlənirlər. Təbiidir ki, yer üzündə bir-birinin tamamilə eyni olan əlifba yoxdur və ola da bilməz. Amma bəzilərində quruluşuna, sisteminə, qrafikasına, hərflərinin zahiri görünüşünə az və ya çox dərəcədə oxşarlıq da yox deyildir ki, bunlar da bir mənbədən əmələ gələn və bir-birindən istifadə əsasında yaradılan əlifbalardır. Müasir əlifbalardan ən uğurlusu, ən üstünü, münasibi elə birisidir ki, onların başlıca xüsusiyyəti əlifbadakı hərflərin sayca azlığı, yazılışca asanlığı, quruluşca isə gözəlliyi, həmçinin bu dilin fonetik sistemini özündə tam əks etdirməsi tələblərinə uyğunluğudur.

Tarixdən bizə bəllidir ki, qədim Azərbaycan türkləri uzaq keçmişdə milli-mənəvi mədəniyyətlərini yaradıb inkişaf etdirərkən başlıca mədəniyyət vasitəsi olan əlifbadan da istifadə etmişlər. Xalqımız tarixən ümumməşhur qədim Türk-uyğur və Orxon-Göytürk əlifbalarından istifadə etmişlər. Sonralar isə VII əsrin ortalarında ərəblər Azərbaycanı işğal etdikdən sonra azərbaycanlıların işlətdiyi yazı sistemi sıradan çıxarılmış və ta 1929-cu ilədək uzun əsrlər boyu ərəb yazısından istifadə olunmuşdur. Ərəb əlifbası öz növbəsində mövcud əlifbalara nisbətən öz xüsusiyyət və quruluşuna görə çox mürəkkəb və çətin əlifbadır. Bizdən əvvəl bu əlifbanı farslar qəbul etmiş və dörd hərf ç, j, p, g hərflərini (ərəb əlifbasında isə 28 hərf vardır) artırmışlar. Biz azərbaycanlılar da 32 hərfdən istifadə etmişik. Azərbaycan yazısında işlənən ərəb əlifbası ana dilimizin səs sisteminə uyğun gəlmədiyi üçün tarixin müxtəlif zamanlarında bu yazıya etirazlar edilmiş, şairlər, alimlər, əlyazma yazan katiblər ən azı şikayətlənmiş, bu əlifbanın islah edilməsinə çalışmışlar.

Bu məsələ uzun söhbətin mövzusudur. M.F.Axundzadə, M.A.Şahtaxtlı və b. mütəfəkkirlər layihələr, təkliflər hazırlayıb irəli sürmüşlər. Amma bu məsələ yalnız 1922-ci ildə Azərbaycanda Sovet hökuməti yaradıldıqdan sonra öz həllini tapa bildi. Həmin vaxt Azərbaycanda latın əlifbasına keçmək uğrunda böyük bir hərəkat başlandı. Bu işin ən qızğın təşəbbüskarlarından və təbliğatçılarından Səmədağa Ağamalıoğlunun adını çəkmək istərdik. Həmin dövrdə mədəni inqilabın həyata keçirilməsinə başlandı. S.Ağamalıoğlu həmin dövrdə belə göstərirdi: "Azərbaycanda mədəni inqilabın həyata keçirilməsində bir çətinlik var ki, o da mənfur ərəb əlifbasıdır". Böyük dövlət xadimi savadsızlığın ləğvinin üsullarını göstərir, savad kursları açmağı lazım bilirdi. O, "Bizim yolumuz hayanadır?" adlı əsərində göstərir ki, bizə yeni əlifba lazımdır. Ağamalıoğlu əlifbaya güclü silah kimi baxırdı. 1921-ci il dekabrın 30-da Azərbaycan Xalq Komissarları Soveti yanında əlifba müşavirəsi çağırıldı. 1922-ci ildə S.Ağamalıoğlu əlifba üzrə Xüsusi Komissiyanın sədri kimi latın qrafikalı əlifba tərtib edir və bu, hökumət tərəfindən qəbul edilir. Yeni əlifba ərəb əlifbası ilə yanaşı, dövlət əlifbası hesab edilir. 1924-cü ildə yeni əlifba haqqında Azərbaycan K(b)PMK plenumu qərar qəbul edir. 1926-cı il, fevralın 26-da Bakıda I Ümumittifaq Türkoloji Qurultayının çağırılmasında Ağamalıoğlunun böyük rolu olmuşdur. Qurultay yeni türk əlifbasını alqışlayır. 1929-cu ildə SSR-də və bütün Şərqdə ilk dəfə Azərbaycan bütünlüklə yeni əlifbaya keçdi. Latın qrafikalı yeni Azərbaycan əlifbasının ömru 10 il oldu. Təəssüflər olsun ki, 1940-cı ildə Azərbaycan əlifbası kiril əlifbası ilə əvəzləndi və 1992-ci ilə qədər (Sovet hakimiyyəti devrilənədək) bütün yazı işləri, təhsil sistemi bu qrafika ilə aparıldı. Amma ana dili məsələlərinə xalqımızın dəyərli, qeyrətli oğulları yüksək qiymət verdilər. Azərbaycan xalqının qəhrəman oğlu, ulu öndər 1978-ci il konstitusiyasına ana dilini dövlət dili kimi daxil etdi. Bu mövqe, bu istiqamət, bu kurs sonrakı illərdə daha da cəsarətlə davam etdirildi. Ümummilli liderimiz Heydər Əliyevin ömrünün son 10-15 ilindəki fəaliyyəti ana dilimizin qorunması, saflığı, inkişafı, onun strateji bir silah kimi, göz bəbəyi kimi keşiyində duranlara örnək kimi qəbul olunmalıdır.

Bəllidir ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Partiya Təşkilatına rəhbər seçilməsi nəticəsində Azərbaycan Respublikasının siyasi, iqtisadi, təsərrüfat və b. sahələrində olduğu kimi mənəvi və mədəni quruculuq işlərində, o cümlədən, elm sahəsində də böyük dönüşlər, irəliləyişlər yarandı və Azərbaycan dilçiliyi yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin ana dilimizə olan məhəbbət və qayğısı 1970-ci ildə bir qrup Azərbaycan dilçilərinə (Yusif Seyidov, Əlövsət Abdullayev, Ağaməli Həsənov) ilk Respublika Dövlət Mükafatının verilməsində öz əksini tapdı.

Bir tarixi faktı da nəzər-diqqətinizə çatdırmağı lazım bildik. Azərbaycanlılar ayrı-ayrı dövrlərdə aşağıdakı müxtəlif quruluşlu əlifbalardan istifadə etmişlər:

1. Qədim milli türk əlifbalarından (ta qədimdən VII əsrin II yarısına qədər)

2. Ərəb qrafikalı əlifbadan (VII əsrin II yarısından 1929-cu ilə qədər)

3. Latın qrafikalı əlifbadan (1929-1940-cı illər)

4. Kiril əlifbasından (1940-1992)

5. Yenidən latın qrafikalı əlifbadan (1992-ci ildən)

Nəhayət, 1992-ci ildə yeni əlifba layihəsinin hazırlanması probleminin həyata keçirilməsi üçün yuxarı təşkilatların göstərişi ilə Əlifba Komissiyası yaradıldı. Komissiya AMEA-nın müxbir üzvü professor Afad Qurbanovun sədrliyi ilə Əlyazmalar İnstitutunda işə başladı və bu dəfə latın qrafikalı Azərbaycan əlifbası qəti şəkildə hazırlandı. Bu əlifba dövlət səviyyəsində (indi 14 illiyini qeyd edirik) Respublika prezidenti Heydər Əliyev tərəfindən verilən sərəncamla qəbul edildi. Bütün yazı və kargüzarlıq işləri hamısı yeni əlifba ilə aparılmağa başlanıldı və 2001-ci il avqustun 1-i Azərbaycan dili və əlifba günü kimi tarixə yazıldı. Bütün qəzet və jurnallar latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunmağa başlandı. Bu əlifba Azərbaycanın bir çox dünya dövlətləri ilə mədəni-mənəvi əlaqələr yaratmasına, habelə türkdilli dövlətlərlə hər cür əməkdaşlığı gücləndirməyə səbəb oldu.

İsmayıl MƏMMƏDLİ
professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü 

 





02.08.2016    çap et  çap et