525.Az

Azərbaycan təsviri sənətinin tanınmış siması - Oqtay Sadıqzadə


 

Azərbaycan təsviri sənətinin tanınmış siması - Oqtay Sadıqzadə<b style="color:red"></b>

Azərbaycan təsviri sənətinin inkişafında onun xüsusi xidmətləri var. O, həm rəngkarlıq və həm də qrafika sahəsində yaratmış olduğu çoxsaylı sənət əsərləri və bədii yaradıcılıq fəaliyyəti ilə öz adını Azərbaycan təsviri incəsənət tarixinə əbədi həkk edib.

Söhbət Azərbaycanın görkəmli incəsənət xadimi, Xalq rəssamı Oqtay Sadıqzadədən (1921-2014) gedir.

Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, görkəmli fırça ustası, kamil sənətkar Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə yazıçı Seyid Hüseynin ailəsində dünyaya göz açıb. Onun anası Ümmügülsüm xanım və atası Seyid Hüseyn dövrlərinin ziyalı vətənpərvər şəxsləri olmuşlar. Valideynləri məhz vətənpərvər ziyalı olmaları səbəbindən sürgün edilmişdir. O.Sadıqzadə lap körpə yaşlarından valideynlərini itirib və zaman-zaman həyatın acı mərhumiyyətlərinə təkbaşına sinə gərmək məcburiyyətində qalıb. Ağır mənəvi və maddi durum O.Sadıqzadəni sənətə olan sevgisindən uzaqlaşdıra bilməyib. Beləliklə o, əvvəlcə ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1935-39-cu illər), sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-1956-cı illər) alıb. O.Sadıqzadə 1977-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. İndiyədək o dünyanın müxtəlif ölkələrində yaradıcılıq ezamiyyətlərində olub. Onun əsərləri ölkəmizlə yanaşı müxtəlif ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

O.Sadıqzadə təsviri sənətin qrafika və rəngkarlıq sahələrinin müxtəlif janrlarında yaratdığı çoxsaylı yaradıcılıq nümunələri ilə yaradıcılığının lap erkən dövrlərindən sənətşünasların, sənətçilərin və  sənətsevərlərin diqqətini cəlb etmişdir.

Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi klassik kompozisiya qurmaq məharətini, əsərlərinin məna və məzmun dolğunluğunu, surətlərinin dəqiq bədii işlənilmə həllini və xarakterik xüsusiyyətlərinin ifadəliliyini, kolorit zənginliyini, əlvan yazı manerasını və digər xüsusiyyətləri qeyd etmək olar.

O.Sadıqzadənin rəngkarlıq sahəsində süjetli tablo və portret janrında bir-birindən maraqlı əsərlər yaratmışdır.

Onun süjetli tablolarına misal olaraq “Lənkəran qızları” (1965), “Kolxozçu qadınlar” (1972), “Oğullarını itirmiş ananın xatirəsinə” (1985), “Hüseyn Cavid” (triptix), (1997), “Nizami və dünya mədəniyyəti” silsiləsindən (1993-1999) “Nizami və Azərbaycan mədəniyyəti”, “Nizaminin sələfləri”, “Nizaminin davamçıları”, “Qədim Yunan filosofları”, “Avropa mədəniyyət xadimləri” və s. əsərlərini göstərmək olar.

Təbii ki, rəssamın ilk işlərində zəhmətkeş Azərbycan qadınının romantik biçimdə surətləri canlandırılıb. Lakin bu əsərlərdə o zamankı Azərbaycan ailə-məişət şəraitinin, ülvi qadın hissləri və saf ana məhəbbətinin tərənnümü əks olunub. Sadalanan xüsusiyyətləri rəssamın “Lənkəran qızları”, “Kolxozçu qadınlar” və başqa əsərlərinə şamil etmək olar.

O.Sadıqzadənin “Nizami və dünya ədəbiyyatı” silsiləsindən olan əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, rəssam bir çox dünya və Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinə  qrafik illüstrasiyalar yaratdığı üçün rəssamın Şərq və Qərb dünyasının ənənələrinə yaxından bələdliyi ona bu cür əlaqəli və yüksək intellektual səviyyəli kompozisiyaların yaradılmasına kömək etmişdir. Qeyd olunan silsilədən “Nizami və Azərbaycan mədəniyyəti” adlı möhtəşəm tablosunda rəssam Azərbaycan mədəniyyətinin dahi Nizami Gəncəvinin dövründən ta iyirminci əsrədək yetişdirmiş olduğu görkəmli elm, sənət və ədəbiyyat xadimlərinin açıq təbiət qoynunda, son dərəcə yüksək sənətkarlıqla yaddaqalan surətlərini yaradıb. Tamaşaçı tabloya ilk nəzərlərindən kompozisiyanın mərkəzində yerləşdirilmiş N.Gəncəvinin və onun sağında və solunda, eləcə də qarşısında əyləşmiş Məhsəti Gəncəvi, Memar Əcəmi, Məhəmmd Füzuli, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Səməd Vurğun və başqa Azərbaycan mədəniyyət xadimlərinin bədii estetik təsir gücünə malik, diqqəti cəlb edən obrazlarını görür. Rəssam zəngin sənət metodlarına əsaslanaraq, uğurlu kolorit həlli, əlvan rəng keçidləri və mahiranə rəng yaxıları ilə diqqəti cəlb edən tabloların yaradılmasına nail olmuşdur. Sadalanan xüsusiyyətləri bu silsilədən olan rəssamın digər tablolarına da şamil etmək olar.

O.Sadıqzadənin süjetli tablolarından onun portret ustası olduğunu asanlıqla sezmək olar. Bunu rəssamın yaratmış olduğu çoxsaylı portret əsərləri təsdiq edir. Onun müxtəlif sənət sahələrinin sahiblərinin  yaddaqalan portretlərini yaratmaq məharəti rəssamın yaradıcılığında portret janrının xüsusi çəkiyə malik olduğunu söyləməyə əsas verir. Rəssamın portret əsərlərinə misal olaraq “Seyid Hüseyn” (1960), “Tatalovanın portreti” (1963), “Qız portreti” (1966), “Bakılı qız” (1975), “Natəvan” (1983), “Fidan Qasımova”  (1988), “Akademik Zərifə xanım Əliyeva” (2000) və s. portretlərini qeyd etmək olar.

Rəssam “Qız portreti”ndə profildən dirsəklərini stola qoymuş və əllərini çənəsinə söykəmiş, nəzərləri uzaqlara yönəlmiş vəziyyətdə dalğın qızın çöhrəsini ustalıqla təsvir etmişdir. Yaşıl geyimli ağbəniz qızın qırmızı, çəhrayı fonda təsvir edilmiş təsirli cizgiləri son dərəcə ustalıqla təsvir edilib və olduqca bədii təsir gücünə malikdir.

O.Sadıqzadənin uğurlu portret əsərlərindən olan “Akademik Zərifə xanım Əliyevanın portreti” özünün lirik məziyyətləri ilə diqqəti cəlb edir. Kompozisiyada qara fonda Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi Z.Əliyevanın obrazı böyük  sənətkarlıqla təsvir edilib. Əsər əlvan rəng keçidləri ilə ustalıqla işlənib.

Yuxarıda qeyd etdiyimiz kimi O.Sadıqzadə həm də qrafikanın plakat və kitab qrafikası sahələrində məhsuldar fəaliyyət göstərib. Rəssamın plakat əsərləri yüksək inandırıcılıq və bədii təsir gücünə malik olub, tamaşaçıların bədii estetik zövqünün formalaşmasında böyük rola malikdir. Onun portret-plakatlarına misal olaraq Füzuli, Natəvan, Sabir, N.Nərimanov və s. göstərmək olar.

O.Sadıqzadə kitab qrafikası sahəsində çalışaraq bir çox yazıçıların əsərlərinə illüstrasiyalar çəkmişdir. Buna misal olaraq rəssamın 40-50-ci illərdə İ.S.Turgenevin “Atalar və oğullar”, O.Balzakın “Qorio ata”, M.Qorkinin “Artamonovların işi” və eyni zamanda  İ.Qasımov və H.Seyidbəykinin “Uzaq sahillərdə” (1954), V.Hüqonun “Səfillər” (1955-1963), C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (1958-1959), Xaqanin “Lirika” (1958), Nizaminin “Fitnə” (1966), R.Nurinin “Çalı quşu” (1963) və başqa əsərlərə məzmunun anlaşılmasına və əyani qavranılmasına kömək edən maraqlı kitab illüstrasiyaları yaratmasını göstərmək olar. Kitab illüstrasiyasının yaradılmasında rəssamdan yazıçının əsərinin sözlə ifadə edilmiş imkanları çərçivəsində istifadə edərək, yazıçının əsərinə xələl gətirmədən, onun əsərinin əyani qavranılmasını şərtləndirən illüstrasiyaların yaradılması tələb olunur. Bu da rəssamdan xüsusi bacarıq və incə yaradıcılıq vərdişləri tələb edir. Təbii ki, O.Sadıqzadənin yaratdığı kitab illüstrasiyaları yüksək sənət metodu ilə işlənilib və sadaladığımız xüsusiyyətlərə cavab verməklə yanaşı, kamil kitab illüstrasiyalarıdır.

O.Sadıqzadə yaradıcılığı müstəqillik illərində xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Rəssam 1999-cu ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb. Prezident İlham Əliyev 2011-ci ildə 90 illik yubileyi ilə əlaqədar rəssamı Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif etmişdir. O.Sadıqzadənin uğurlu yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilərək 2014-cü ildə rəssam Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Rəssamın 2011-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan yubiley sərgisində sənət adamlarının rəssamın həyatı və yaradıcılığı barədə fikirlərini dinləyəndə və  rəssamın  yaradıcılıq əsərləri ilə baş-başa qalanda tamaşaçı bir daha yəqin etmişdir ki, Azərbaycan təsviri sənətinin zənginləşməsinə xüsusi töhfələr bəxş etmiş O.Sadıqzadə kimi sənətkar unudulmazdır.  

Azərbaycan təsviri sənətinin tanınmış ustad rəssamı Oqtay Sadıqzadə özünün parlaq bədii yaradıcılıq dünyası və uğurlu sənət əsərləri ilə həmişə sənət adamlarnın və onu sevənlərin xatirəsində yaşayacaq. 

Əsəd QULİYEV
sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 





06.08.2016    çap et  çap et