525.Az

Mustafa Çəmənlinin “Xallı gürzə” tarixi romanı təkrar çap olundu


 

Mustafa Çəmənlinin “Xallı gürzə” tarixi romanı təkrar çap olundu<b style="color:red"></b>

Bugünlərdə “Kitab Klub” nəşriyyatı oxucuların istəyini nəzərə alaraq tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin “Xallı gürzə” tarixi romanını nəfis şəkildə nəşr etmişdir.

Xatırladaq ki, bu, “Xallı gürzə” romanının 4-cü nəşridir. İlk dəfə romanın böyük bir hissəsi 1990-cı ildə “Karvan” jurnalının 10 və 11-ci saylarında 45 min tirajla nəşr olunmuşdur.
 
Oxucuların geniş marağına səbəb olan bu tarixi roman 1991-ci ildə “Yazıçı” nəşriyyatında 30 min tirajla çap edilərək yayılmışdır. Əsər daha sonra 2001, 2006-cı illərdə və nəhayət, 2016-cı ildə təkrar çap olunmuşdur. İlk nəşrindən 25 il keçməsinə baxmayaraq, bu tarixi romana oxucu marağı azalmamışdır. Bunun ümdə səbəblərindən biri “Xallı gürzə” romanının tarixi əsər olmasına baxmayaraq, müasir səslənməsidir. Kitabın annotasiyasında deyildiyi kimi: “Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənah xanın Zəmanəyə diz çökməyən obrazını yaratmışdır. Xalqın dövranı qara gələndə Zaman onun böyük oğullarını xallı gürzə timsalında udub məhv edir. Roman bu qayə ilə - zaman və şəxsiyyətin faciəsi fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşanmaya sövq edir”.

Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin həyatından, ictimai-siyasi fəaliyyətindən, apardığı müharibələrdən bəhs edən bu romanda Nadir şah Əfşarın ölümündən sonrakı dövrün böyük bir mənzərəsini görürük. Müəllif romanda XVIII əsrin əvvəllərində Nadir şahın sarayından qaçaraq bir müddət Qəbələ, Şəki, Qarabağ dağlarında daldalanmış, az sonra Qarabağ xanlığını yaratmış, öz hakimiyyəti dövründə Bayat, Şahbulaq, Pənahabad (Şuşa) şəhər-qalaların əsasını qoymuş Pənah xanın parlaq obrazını yaratmışdır. Kitaba “Qan yaddaşımızı oyadan roman” adlı ön söz yazan filologiya elmləri doktoru Vaqif Yusifli haqlı olaraq yazır ki, “Xallı gürzə” romanı XVIII əsr Azərbaycan kaloritini, ələlxüsus, Qarabağ kaloritini dolğun əks etdirir. Pənah xanın xarakterinə gəlincə, müəllif, hətta iki əsr sonra onun qəzəbini də, kədərini də, dalğınlığını da, yeri gəldikcə hikkəsini, iddiasını, əzabını da görür, hiss edir.

Mustafa Çəmənli bu romanında xalqımızın adət-ənənəsini, məişətini çox təbii lövhələrlə əks etdirmişdir.

Romanda Pənah xanın dövründə yaşayan, fəaliyyət göstərən, əsərin qəhrəmanı ilə münaqişədə olan, dostluq edən - Şəki, Gəncə, Naxçıvan, Qaradağ, Urmiya... xanlarının obrazları da yaradılmışdır.

1989-1990-cı ildə qələmə alınmış roman belə ibrətamiz bir cümlə ilə bitir: “... Qarabağ xanlığı hələ çox uzun illər yaşayacaqdı. Onun qovğalı günləri çox-çox qabaqdaydı. Hələ Pənahabad-Şişə, Şişə-Şuşa olmamışdı. Hələ ər kişilər at belindəydi. Hələ “İrəvanda xan qalmadı, Şəkidə sultan qalmadı” oxumağa çox vardı”.

Müşfiq ŞÜKÜRLÜ

 





06.08.2016    çap et  çap et