525.Az

“Azərbaycan üçün əsas məsələ münaqişənin sülh yolu ilə həllidir”


 

“Azərbaycan üçün əsas məsələ münaqişənin sülh yolu ilə həllidir”<b style="color:red"></b>

“Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağa dair təklifləri çoxdan hazırdır. Hesab edirəm ki, burada məsələ təkliflərin hazırlanmasından getmir əksinə məsələ Ermənistanı sülhə cəlb etməkdən gedir”.

Bu barədə müsahibəsində millət vəkili Asim Mollazadə deyib. Deputatın sözlərinə görə, Rusiyanın tam imkanları var ki, Ermənistan sülh istiqamətində ən zəruri addımı atsın və Azərbaycanın işğal olunmuş ərazilərini azad etsin:

“Düşünürəm ki, sülh istiqamətində olan ən gözəl təklif bundan ibarət olmalıdır. Ümumiyyətlə Ermənistanla Rusiya hərbi müttəfiqdir. Rəsmi İrəvanda ən böyük hərbi baza var. Təbii ki, Ermənistanın mövcudluğu da bilavasitə Rusiya ilə bağlıdır”.

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, prezidentlərin üçtərəfli görüşü kifayət qədər mühüm bir məqamda keçirilir.

Onun sözlərinə görə, regionda baş verən proseslər kifayət qədər intensivdir və dünyanın diqqət mərkəzindədir.

Politoloq vurğulayıb ki, məhz bu amili nəzərə almaq lazımdır ki, regionun üç əhəmiyyətli dövlət başçıları bir araya gəlirlər:

“Dövlət başçıları yaxın perspektiv üçün yeni əməkdaşlıq barədə müzakirələr aparacaqlar. Bu müzakirələrdə regiondakı durum, iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr ön planda olacaq. Bununla bağlı rəsmi açıqlamalar da verilib.

Eyni zamanda, Azərbaycanda prioritet təşkil edən məsələlər xüsusilə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq və bu ətrafda müzakirələrin aparılacağı şübhəsizdir”.

E.Mirzəbəylinin sözlərinə görə, Bakıda keçiriləcək üçtərəfli görüşlər və daha sonra isə Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş regionda yeni münasibətlər sisteminin formalaşmasına, yeni əməkdaşlığın yaranmasına imkan yaradacaq:

“Beləliklə, Ermənistan istisna olmaqla digər dövlətlər də anlayır və başa düşürlər ki, regionun təhlükəsizliyini, sabitliyini təmin etmək lazımdır. İndiki şəraitdə təhlükəsizliyə kifayət qədər ciddi təhdidlər var. Bunun da yolu yaxın əməkdaşlıqdan və qarşılıqlı münasibətlərin inkişafından keçir”.

Politoloq Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin ikitərəfli görüşündə Dağlıq Qarabağ məsələsinə toxunulacağını istisna etməyib və bildirib ki, münaqişənin sülh yolu ilə həlli məsələsi Azərbaycan üçün əsas məsələdir:

“Bildiyiniz kimi, prezident İlham Əliyev bütün mümkün imkanlardan istifadə edərək Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını hər zaman gündəmə gətirib. Bu amil təkcə ikitərəfli görüşlərdə deyil, hətta iqtisadi formatlarda keçirilən beynəlxalq tədbirlərdə belə dövlət başçısı tərəfindən gündəmə gətirilir.

Şübhəsiz ki, Vladimir Putinlə aparılacaq müzakirələrdə də prioritet məsələlərdən biri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi mövzusu olacaqdır.Azərbaycan üçün əsas məsələ münaqişənin sülh yolu ilə həllidir”.

PƏRVANƏ

 





06.08.2016    çap et  çap et