525.Az

Duyğu və düşüncə yazıçısı


 

Duyğu və düşüncə yazıçısı<b style="color:red"></b>

Fikirlərini çox yığcam, səlis ifadə edərək oxucunu öz cazibəsində saxlamağı bacaran Təranə Vahidin yaradıcılığı ilk gündən öz orijinal ifadə tərzi, fərqli duyğu və düşüncələriylə diqqəti cəlb etdi.

Onun “Cənnətdən yuxarı” kitabını oxuduqca bu yazılara valeh olmaya bilmirsən. Laçında dünyaya gələn müəllifin yaradıcılığını izlərkən Vətən, torpaq, yurd  itkisi ilə bərabər,  pak məhəbbət duyğuları, vüsalına çatmayan, aldadılan, sevmək, sevilmək arzusu ilə yaşayan gənc qızların hissləri, ölümün astanasında dayanan qocaların ümidsiz kölgələri,  övladı olmayan, yaxınları, hamı tərəfindən atılan qadınların iztirabları ilə tanış olur, müxtəlif taleli insanların hər kəsin gördüyü, əslində görmədiyi yaşantıları ilə qarşılaşırsan.

Təranə Vahid Qarabağ müharibəsindən yazarkən yalnız ermənilərin törətdikləri vəhşilikləri deyil, eyni zamanda vətənini itirən, çadırlarda yaşayan insanların sarsıntılarını, əzabın min bir şəklini, hiss və duyğuları gerçək boyalarla təsvir edir. “Müharibə, nənəm və itən vaxt” hekayəsində obrazın özü kənddir. Mühasirəyə alınan, insanlar tərəfindən tərk edilən, girov götürülən kənd. Kəndə mərmilər atılır, od vurulur. Kəndin camaatı  ölümdən qaçmaq üçün maşına sarı qaçır. Kəndindən, torpağından ayrılmaq nə qədər çətin olsa belə, başqa yol yoxdur...

Evindən, kəndindən çıxmayan bircə  Ədil kişidir. Torpağından ayrılmaq ona ölümdən də betərdir. Qızcığaz da kəndin camaatı ilə birlikdədir. Nənəsinin  o dar macalda qaçıb ərinin divardakı şəklindən halallıq istəməsi, başını itirmiş insanların faciəsi, kəndin ölümü onun gözləri qarşısında baş verir.

Bəs döyüşlərin birində ölən oğlunun qəbrini yadların əlində qoyub getdiyini dərk edib havalanan Nənəş arvad necə? “Maşın kənddən qaçdıqca maşındakıların ürəyi kəndə tərəf qaçırdı. Get-gedə nənəmin vəziyyəti pisləşirdi. Sən demə, nənəmdən də betər gündə olanlar varmış. Maşın sıldırımlı döngədə nəfəsini sıxıb dönəndə Nənəş arvad dəli kimi havalandı. Oğlunu inişil ermənilər dağda öldürmüşdülər. Yazıq arvad qəfildən balasını qoyub getdiyini anlayıb hamının gözü qarşısında dəli oldu...”.

Vətəndən didərgin düşəndən sonra qızcığaz nənəsini də itirir. “Nənəm o gecədən sonra çox yaşamadı. Dərdini götürüb heç kimlə halallaşmadan çıxıb getdi. İllər keçdikcə hər gün köç bir az da seyrəkləşir, “Çaşqın köç” tablosu isə ürəyimin divarından elə asılıb ki, axşam-səhər yolum köçün içindən, köç içimdən keçir...”.

Bu hekayə müharibə mövzusunda incə detallarla yazılmış qiymətli  ədəbiyyat nümunəsidir. İstedadlı yazıçı-dramaturq Əli Əmirli “Cənnətdən yuxarı” kitabının  ön sözündə yazır: “Təranə Vahidin hekayələri gözəl şeir kimidir, onları dəfələrlə oxuya bilərsən, hər oxunuşda da sözün gözəlliyindən, fikrin, ifadə tərzinin təzə-tərliyindən, duyğuların dərinliyindən, təbiiliyindən hədsiz zövq ala bilərsən”.

Qarabağ mövzusu müəllifin yaradıcılığından qırmızı xətlə keçir. Bu mövzuda yazılmış ən təsirli hekayələrindən biri də “Tapılmayan torpaq”dır. Erməni işğalçıları tərəfindən kəndi alınan Qərib kişi evindən heç nə yox, bir ovuc torpaq götürür. Onu göz bəbəyi kimi qoruyur, vəsiyyət edir ki, dünyasını dəyişəndə o torpağı qəbrinə töksünlər. O bir ovuc torpaq belə ona qismət olmur. Qərib kişinin ölüm ayağında dili tutulur, torpağı harda gizlətdiyini deyə bilmir. Qərib kişi ölür, meyit ortalıqda qalır. Müəllif hekayəni belə yekunlaşdırır. “Neçə illərdir ki, bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdir ki, yağışın altında Qəribin cənazəsi gözləyir. Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır”. Müəllif bu hekayədə də adi bir detalla oxucunu təsirləndirir, müharibə adlı iblisin insanlara gətirdiyi fəlakəti sənətkarlıqla qələmə alır.

“93-cü ilin qışı” hekayəsi də müharibə mövzusundadır. 1993-cü ildə madar balasını Murovda itirən ananın sarsıntılarına oxucu biganə qala bilmir. Bildiyimiz kimi, o illər sütül əsgərlərimizin çoxu Murovda xidmət edirdilər. Orda şəhid olub, donan əsgərlərimizi dəfn etmək mümkün olmadığından  qarın-buzun əriməyini, yazın gəlməsini gözləyirdilər. Murovda şəhid olan oğullardan biri də Həvvanın oğludur. Oğlunu torpağa tapşırandan sonra Həvva arvad yaşasa da, əslində, buna yaşamaq demək olmazdı. Təranə Vahid qəm, kədər içərisində yaşayan bu əzabkeş ananın ölümünü belə təsvir edir. “Əslində 93-cü  ilin qışını unudanların biri də azaldı”. Görən, 93-cü ilin faciələri xatirələrdən silinəcəkmi? Bax bu dəhşətdir. Bizim unutqanlığımızdır ki, mənfur ermənilər zaman-zaman başımıza müsibətlər gətirir. Elə ona görə də müharibə mövzusunda yazılan əsərlərdə real faktları qələmə almaq, oxucuya çatdırmaq olduqca əhəmiyyətlidir.

“Cənnətdən yuxarı” kitabında müəllifin həm hekayələri, həm esseləri, həm də miniatür   duyğuları  çap olunub. Yuxarıda dediyimiz kimi, bu əsərlərin mövzusu müxtəlifdir. Məsələn, hekayələrinin çoxu müharibəyə həsr olunsa da, esse və miniatürlərində müxtəlif insan taleləri, onların yaşam tərzi, hiss və düşüncələri öz əksini tapır.

Müəllifin düşüncə tərzi yenidir. O, kimisə yamsılamır. Əsərlərinin hər biri eyni zamanda müəllifin hisslərinin, duyğularının məhsuludur. Müəllif qələmi əlinə götürərkən qəlbinə qulaq asır. Bu qəlbdə nələr yoxdur: orda sevgi də var, nakam məhəbbət də, itirilmiş kəndin həsrəti, yurda dönmək istəyi, kövrək ürəyin çırpıntıları və bütün bunların ustalıqla qələmə alınması.

Fikirləşirsən, müəllif, “Cənnətdən yuxarı” essesində cənnətdən yuxarı deməklə nəyi nəzərdə tutur. Övladı olmayan və övladsızlığın əzabını çəkən bir qadın obrazı. Dünyaya övlad gətirə bilmədiyi üçün əri, yaxınları, doğmaları tərəfindən atılan qadın o qədər əzab çəkir ki, Tanrı bu əzaba dözməyib Yerə enir.

“Sən mənim anam, mən sənin balanam” deyir. Görən, əzab çəkən ananın Tanrıya cavabı nə olacaq? Burada da Təranə Vahidin qələmi oxucunu heyrətdə qoyur. “Xoşbəxtlikdən qadının öləzimiş ruhu dirçəldi, dodaqları titrədi, dizləri əsdi. Əllərini göyə açıb: - Pərvərdigara, mənim balamı qoru, - dedi. Allahı Allaha tapşıranda Tanrının köksü açıldı. Cənnəti anaların ayağı altına atdı”.

“İntihar” hekayəsi sevdiyi qızın toy günündə özünü asmaq qərarına gələn bir gəncdən bəhs edir. Ancaq o,  özünü nənəsigilin damından asmağa gedəndə kəndin gözəl, sadə qəlbli bir qızı ilə rastlaşır. Sən demə, qız çoxdan bu oğlana vurulubmuş. Qızla oğlan arasındakı balaca bir dialoqda nələr yoxdur?! Qızın səmimiyyəti, oğlana olan məhəbbətini etiraf etməsi, oğlanı dədəsinin tutduğu balığa qonaq etmək istəyi o qədər təbii, yumor hissi ilə zəngin, inandırıcıdır ki, istər-istəməz bu sarışın qıza rəğbətin birə-on artır.

Fariz Yunisli “Cənnətdən yuxarıdakılar” yazısında müəllifin “İntihar” hekayəsindəki üzü çilli qızı bir mələyə bənzədir. “İlahi, bu çilli qız nə imiş? Adamı əzrailin əlindən alan afət! Doğrudan da, bəzən dara düşmüş, yolunu azmış bir insanı xilas etmək üçün ilahi qüvvə öz köməyini, xilaskar mələyini bir adamın simasında göndərir” (525-ci qəzet, 2014, 17 sentyabr).

Pak məhəbbət duyğuları Təranənin içindən gəlir. O, “Əmanət” essesində sevginin insanın həyatını necə dəyişdiyini yüksək sənətkarlıqla qələmə alır.

Əvvəllər sevginin nə olduğunu bilməyən qəhrəman qız məhəbbətin əsiri olandan sonra həyatın gözəlliyini dərk edir. İnsanlar, hətta yerdəki daşlar, çınqıllar da onun gözündə gözəlləşir. Ürəyini sevdiyi insan aparır və söz verir ki, qayıdacaq. Qayıtmır. Uzun ayrılıqdan sonra görüşürlər. Sevgilisinin yolunu gözləyən qız ondan ürəyini - əmanətini istəyir. Onun sevgi ilə döyünən ürəyi həmin ürək deyil. “Ovcunda ürəyin zəif döyüntüsünü hiss etdi. Bir zaman çırpınan, sevincindən yerə-göyə sığmayan ürəkdən əsər-əlamət qalmasa da, ovcunu sinəsinə sıxıb o yerdən uzaqlaşdı...”. Müəllifin sevgi haqda yazdığı bu essedə nə artıq sözə, nə giley-güzara, nə də göz yaşlarına rast gəlirsən. Məhəbbətsiz ölən ürəyin taleyinə biganə qalmayan oxucu bu ürək sahibinə ürəkdən bağlanır.

Müəllif bu essedə sevən bir qəlbə malik olan insanın mənəvi dünyasını görür və onu işıqlandırmağı bacarır. Poetik iradəsilə, yatımlı dili ilə, orijinal, təkrarlanmayan sözləriylə!

“Axşamüstü” hekayəsindəki gənclərə qibtə edən, ömrünün qışını yaşayan qoca obrazı diqqətimizi çəkir. Bu qoca bulaq başına gedən qızlara baxır, cavanlığı yadına düşür. Ən qəribəsi budur ki, hamıdan çəkinən utancaq kənd qızları ondan çəkinmir. Gənclərə qibtə edən qocanı qızların onu saymamağı, ona əhəmiyyət verməmələri sarsıdır. “Qızları kəndin dəliqanlı gədələrindən başqa heç kəs maraqlandırmırdı. Qocaya da kefləri istəyəndə salam verirdilər, kefləri istəməyəndə yox. Bu da qocanın xətrinə dəyirdi. Dodağının altında mızıldanırdı ki, Allahın altında cavan vaxtım olaydı. Onda görərdiniz ki... “Bu sözləri deyəndə qocanın dodağı əsirdi. Bilirdi ki, day bundan sonra cavan olası deyil ha...”

Əsərin əsas qayəsi də budur. Qocanın həqiqəti, yaşının çoxluğunu özünə yaxın buraxmamağı.... Təbiətin, zamanın qanunlarına baş əyməməyi... Kol-kos basmış yola - qəbiristanlığa qoca nifrət edirdi. Bilirdi ki, bu gün - sabah onu bu yolla aparacaqlar. Elə ona görə də əlindəki daşı da bu yola qolazlayır. Həmin günün səhəri qoca dünyasını dəyişir. Kəndin başıpapaqlıları, “Qara-qura paltar geyinmiş arvadlar əllərini dizlərinə çırpa-çırpa” qocanın cənazəsini qəbiristana aparırlar.

Əsərin təbiiliyi ondadır ki, qocanı torpağa tapşırandan sonra kənd yenidən canlanır, həyat yenidən qaynamağa başlayır. Qoca unudulur.

Müəllifin hekayələrindəki obrazlar canlı, ətə-qana dolmuş, ümumiləşdirilmiş insan obrazlarıdır. Təranə Vahidin təhkiyəsi o qədər real və təbiidir ki, sanki oxucu ilə üzbəsurət oturub danışır. Real həyatın təsviri də səmimilikdən doğur. Mənə elə gəlir ki, yazıçının ən böyük uğuru da elə budur.

Mənzər NİYARLI

 





08.08.2016    çap et  çap et