525.Az

Azərbaycanlı alim və tələbələr Bilkənd Universitetində - Fotolar


 

Azərbaycanlı alim və tələbələr Bilkənd Universitetində - <b style="color:red">Fotolar</b>

11-29 iyul tarixlərində baş tutmuş “Türkiye Türkçesi Öğretimi” və “Türkçe-Edebiyat Öğretimi Metot ve Teknikleri” yay kurslarında 4 ölkənin – Azərbaycan, Qazaxıstan, Kosova və İraq Respublikasının müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 70 müdavim iştirak edib.

Azərbaycandan isə bu kursa Bakı Dövlət Universitetinin müəllim və tələbələri, AMEA-nın Dilçilik İnstitutunun, Dövlət İdarəçilik Akademiyasının və “Tərəqqi” liseyinin əməkdaşları qatılmışdı.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli, Türk filologiyası kafedrasının müəllimi Lamiyə Vaqifqızı, Türkoloji Araşdırmalar Mərkəzinin əməkdaşı Pərvin Eyvazov, tələbələrdən Ziyafə Quliyeva, Nihat Mikayıllı, Nigar Ağayeva, Mərziyə Behbudova, Lalə Əliyeva, Nuriyyə Salamova, İnqilab Soltanov, Nigar Cəfərzadə, Ayxan Məmmədov və Sevinc Həsənova; AMEA-nın Dilçilik İnstitutundan dosonet Qətibə Mahmudova, Qətibə Quliyeva, Dövlət İdarəçilik Akademiyasının müəllimi Cahangir Cahangirli, “Tərəqqi” liseyinin əməkdaşları Məhbubə Məmmədova, Mehriban Salahova, Bircəxanım Aydınova, Şəhla Əliyeva, Xumarə Ağacanova, İradə İsmayılova, Aygün Baxışova, Turan Süleymanova, Nərminə Cəfərşiadi, Təranə Rzayeva, Lalə Məmmədova ölkəmizi uğurla təmsil ediblər.  

Dərs yükü 90 saatı əhatə edən “Türkiye Türkçesi Öğretimi” və “Türkçe-Edebiyat Öğretimi Metot ve Teknikleri” kurslarında iştirakçılara bu istiqamətdə müxtəlif fənlər: “Dilbilgisi və yazım kuralları”, “Dilbilgisi”, “Edebiyat bilgileri”, “Türkçe-edebiyat öğretiminin metot ve teknikleri”, “Türk dilinin tarihi gelişimi”, “Dilbilgisi araştırmaları”, “Yeni türk edebiyatı”, “Edebiyat akınları”, “Eski türk edebi metinlerinin incelenmesi”, “Halk edebiyatı” və s. tədris olunub.

Dərsləri Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri – Rasim Özyürek, Şükrü Haluk Akalın, Hamza Zülfükar, Hayal Zülfükar, Abide Doğan, Abdürrahman Güzel, Ayşegül Çelepoğlu, Ermağan Ateşkan, Muammer Yıldız, Yasemin Kurt, Arzu Ünal, Meltem Kılıç və başqaları aparıb. 

Həftənin üç günü isə dərslərin birbaşa ardınca saat 15:10-dan 17:00-a kimi Türkiyənin görkəmli ziyalıları ilə ustad dərslər təşkil edilib.

Ciddi dərs sistemi və mükəmməl tədris prosesini həyata keçirən Bilkənd Universitetinin “Bölge Ülkeleri Kurs Programları Direktörlüğü” müdavimlərin yaşayış, yemək, sağlıq və digər ehtiyacılarını da 20 gün müddətində yüksək şəkildə təmin edib.

Kursun ikinci həftəsinin istirahət günü qonaqların Ankara şəhəri ilə tanışlığı baş tutub. Bilkənd Universitetinin yaradıcısı professor İhsan Doğramacının universitet ərazisində yerləşən məzarı ziyarət edilib və onun vaxtilə burada inşa etdirdiyi “Doğramacızade Ali Paşa” camisi ilə tanışlıq baş tutub.

Sonra qonaqlar Ankaranın görməli yerlərini (“Dikmen vadisi”, Türk Dil Qurumu və s.) gəziblər. Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıtkabir” və buradakı tarixi muzeylə tanışlıq da yadda qalan məqamlardan olub.     

Bununla bərabər, azərbaycanlı müdavimlər bu müddətdə Azərbaycan Xalq Cumhuriyyətinin banisi, tanınmış ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət ediblər.

Növbəti istirahət günü isə kurs rəhbərliyi qonaqlar üçün Əskişəhər gəzintisini təşkil edib.

Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar (müəllim və tələbələr ayrı-ayrılıqda) test imtahanı veriblər.

Kurs müddətində biz - müəllim və tələbələr Türkiyədə tarixi bir hadisənin – 15 iyul dövlət çevrilişinə cəhdin, o qanlı gecənin canlı şahidi olduq. O gecə Bilkənd Universitetinin üzərindən ard-arda uçan qırıcı təyyarələrin, kənardan atılan güllələrin qorxulu, tükürpədici səsləri hamızın yaddaşında dərin izlər buraxdı. Televiziyada canlı efirə gedən görüntüləri izləyə-izləyə, bir də kənardan eşidilən silah səslərinin yaratdığı narahtlığı sözlə ifadə etmək belə azdır. Bu təlaş o gün qardaşın öz qardaşını qanına boyaması faciəsinin doğurduğu təəssüf hissi idi, bir sözlə, sözün bitdiyi yer, arzuların puç olduğu an idi. Beyinlərimiz, hisslərimiz tamamilə ələk-vələk olmuşdu. 

Ölkə rəhbəri İlham Əliyevin o ağır gündə qardaş Türkiyəyə verdiyi dəstək isə bizə mənəvi güc verdi, bizi daha da ruhlandırdı, daha da qürurlandırdı. İlham Əliyevin Türkiyə prezidentinə ünvanladığı məktub hamımızda böyük ruh yüksəkliyi yaratmışdı:

“Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir. Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcək”.

Prezidentin vurğuladığı kimi, bir neçə gün ərzində, həqiqətən də, hər şey qaydasına düşdü. Həyat əvvəlki kimi öz axarı ilə davam elədi.    

Ancaq biz yalnız o gecənin şahidi olmadıq. Öz ölkəsinin azadlığını, sabitliyini, dövlətinin təhlükəsizliyini qorumaq üçün canlarını fəda etmiş övladların qəhrəmanlığının, əllərində bayraq, dillərində şüarla günlərlə Qızılay meydanına toplaşmış insanların könüllərindəki böyük vətən sevgisinin, dövlətə və dövlət rəhbərinə olan sədaqətin şahidi olduq. Qızılay meydanında hər gün görüdyümüz o izdiham türkün, türkçülüyün bölünməz, sarsılmaz olduğunun bariz örnəyi idi.

Ancaq bütün bu olanlar bizi mənəvi cəhətdən sarsıtmadı, elmə, biliyə olan marağımızı öldürmədi. Əksinə, yaşananlardan, görünənlərdən hər kəs bir dərs aldı, nəticə çıxardı. Azərbaycan ziyalısı, Azərbaycan gənci öz iradəsi ilə Türk dövlətinə olan sonsuz sevgisini göstərmiş oldu.

Bəli, Bilkənd Universitetində təşkil edilmiş “Hizmet içi yaz eğitim kursları”nın builki proqramı azərbaycanlı müəllim və tələbələr üçün əvvəlki illərlə müqayisədə çox yaddaqalan keçdi. Biz də fürsətdən istifadə edərək, 20 gün müddətində kurs boyu göstərilmiş yüksək qonaqpərvərlik və qayğıya görə Bilkənd Universitetinin Mütəvəlli Heyət Başqan Ali Doğramacıya,  rektor yardımçısı Kürşat Aydoğana, “Bölge ülkeleri Kurs Programları”nın direktoru Rasim Özyürəkə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Pərvin Eyvazov
BDU-nun Türkoloji Araşdırmalar Mərkəzinin əməkdaşı

 





08.08.2016    çap et  çap et