525.Az

Elm və mədəniyyət ocağında keçən mənalı ömrün səhifələri


 

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ GÜLBƏNİZ BABAXANLININ YUBİLEYİNƏ

Elm və mədəniyyət ocağında keçən mənalı ömrün səhifələri   <b style="color:red"></b>

Azərbaycanın elmi ictimaiyyəti, Milli Elmlər Akademiyasının alim və mütəxəsissləri, ölkəmizin ədəbiyyatşünaslıq sahəsinin çoxsaylı tədqiqatçıları və mədəniyyət sahəsinin mütəxəssisləri, dünya cavidşünaslığının nümayəndələri, çalışdığı  kollektivin  əməkdaşları  filologiya  üzrə  elmlər  doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıya vətənpərvər  ziyalı, zəhmətkeş  tədqiqatçı alim, Cavidlər irsinin yorulmaz təbliğatçısı və qayğıkeş  insan, böyük şəxsiyyət kimi daim hörmət bəsləyirlər.

Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Azərbaycanın dilbər guşələrindən biri olan Naxçıvan Muxtar Respublikasının Şərur  rayonunda ziyalı ailəsində dünyaya göz açmışdır.

1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə namizədlik, 2011-ci ildə doktorluq  dissertasiyasını müdafiə etmişdir.

1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu  ildən 2004-cü  ilə qədər AMEA Nizami adına Ədəbiyyat Muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü  bacarıqlı, işgüzar  və səriştəli  kadr  kimi  təsdiqləmiş və "19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi"nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur.

Görkəmli ədəbiyyatşünas alim Gülbəniz Babaxanlı  dahi  Cavidə  böyük  sevgisini  təkcə  sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir.

2004-cü  ildə  Hüseyn Cavidin Ev Muzeyinə  direktor  təyin  olunduqdan  sonra  G.Babaxanlı  Cavid  irsinin  təbliği,  tədqiqi  və  nəşri  sahəsində,  eləcə  də  cavidşünaslığın  inkişafı  istiqamətində elmi fəaliyyət  göstərir.  Onun  son  illərdə  elmi  tədqiqat fəaliyyəti cavidşünaslığın  başlıca  predmeti  kimi  ədibin zəngin ədəbi-fəlsəfi və bədii-estetik  irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsinə yönəlmişdir.

Bütün  dövrlərdə tədqiqat predmeti olan Cavid yaradıcılığı, özündə əks etdirən  ümumbəşəri  fəlsəfi  ideyalarla  dünyanın  böyük sənətkarlarının əsərləri ilə  səsləşdiyindən  onun  yaradıcılığından  yazmaq və  əsərlərini  təhlil etmək hər bir  tədqiqatçıdan  böyük  məsuliyyət  tələb edir. Bu  baxımdan G. Babaxanlının  bir  cavidşünas-alim  kimi elmi tədqiqat fəaliyyətində aşağıdakı mühüm problemlərin həlli diqqət mərkəzində durur:

1. Hüseyn  Cavidin  və  ümumilikdə  cavidlər ailəsinin həyat və yaradıcılığının geniş oxucu kütləsinə çatdırılması;

2. Cavidin müxtəlif dövrlərdə (sağlığında, Sovet dönəmində və müstəqillik illərində) çap olunmuş  əsərlərinin yenidən nəşri, elmi təhlili, romantik bir şair kimi ədibin dramaturgiyasının təhlilini verən elmi-nəzəri monoqrafiyaların və məqalələrin yazılması.

Ədəbiyyatşünas alimin elmi tədqiqat fəaliyyəti bir daha onu təsdiqləyir  ki, dahi  Cavidin  sənəti  Azərbaycan  xalqının  milli-mənəvi  və  bədii-fəlsəfi  irsi  kimi  daim  tənqid  və  ədəbiyyatşünaslığın  diqqət  mərkəzindədir. Onun rəhbərliyi ilə AMEA Hüseyn  Cavidin Ev  Muzeyində son  dövrlərdə  cavidşünaslığa  böyük töhfə olan mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, G.Babaxanlının ideya müəllifliyi ilə muzeyin  elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi "Cavidşünaslıq" çoxcildli toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən 10 cildində böyük şair Hüseyn Cavidin  zəngin  irsi  haqqında  müxtəlif  illərdə (1912-1983) mətbuat  səhifələrində  dərc olunmuş  məqalə  və  resenziyalarla yanaşı, həm də Cavidlə bağlı  irili-xırdalı  bütün  məlumatlar  öz  əksini  tapmışdır. Özündə əks etdirdiyi zəngin elmi informasiya  baxımından  çoxcildli  nəşr  cavidşünaslığın  inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.

 Cavidşünas  alimin  uzun  illər  apardığı  elmi  tədqiqat işinin nəticəsi olaraq  təhlili-təsviri  ədəbiyyatşünaslıq  üslubunda yazdığı  "Azərbaycan ədəbi fikri  və  Hüseyn Cavid"  monoqrafiyası  da mühüm  elmi  aktuallıq  kəsb edir.  2010-cu  ildə  nəşr  edilmiş  kitabda  müəllif  qeyd edir  ki, XX əsrin 20-30-cu illərində Cavid yaradıcılığı ilə bağlı çoxlu sayda məqalələr, resensiyalar, elmi yazılar çap olunsa da, cavidşünaslığın  bir elm kimi formalaşması  60-cı illərə təsadüf edir. Çünki Cavidlə bağlı həmin yazıların əksər hissəsi onun yaradıcılığının elmi təhlilinə yox, əsərlərinin sosioloji planda açıqlamasına həsr olunmuşdur.

Cavidşünaslığın  keçən  əsrin  60-90-cı illər  mərhələsini G.Babaxanlı onun bir elm kimi yaranması, formalaşması və inkişafı  kimi səciyyələndirir. Əsası akademik  Məmməd  Cəfərin "Hüseyn Cavid" monoqrafiyası  ilə  başlanan  bu dövr cavidşünaslıqda ən məhsuldar mərhələ hesab olunur.

Romantik  bir  sənətkar  kimi Hüseyn Cavidin yaradıcılığı ilə bağlı qələmə alınan elmi-nəzəri yazılar G.Babaxanlı tərəfindən ayrıca təhlil hədəfinə çevrilir. Bu dövrdə  "Cavid  teatrı" anlayışı  da  ədəbi dövriyyəyə  daxil olur ki, Azərbaycan teatr  sənətini  və  mədəniyyətini  dahi  Cavidin  dramaturgiyası  olmadan təsəvvür etmək  qeyri  mümkündür. Məhz buna görə də, G.Babaxanlı bu mövzuya monoqrafiyada xüsusi yer vermişdir.

Müstəqillik  illərindən  başlayaraq  cavidşünaslıqda  yeni  bir mərhələ  başlayır ki, burada Cavid yaradıcılığı ilə bağlı çox az işlənən mövzular aktuallıq kəsb edir: Cavid  və sufizm, Cavid və türkçülük, sənətkarın estetik idealı, Cavid irsi  və  müasir  ədəbiyyatımız, Cavid  və  gerçək dünya və s. göstərilən mövzuların elmi təhlili kitabda mühüm yer tutur.

2013-cü  ildə  ümummilli  lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə  Gülbəniz  Babaxanlının  "Heydər  Əliyev və  Hüseyn Cavid" monoqrafiyası  çap olunmuşdur.  Tədqiqat əsərində Ulu öndərin mədəniyyət  siyasəti  kontekstində  iki  dahinin  münasibətləri  araşdırma  obyektinə çevrilmişdir.

Kitab özünəməxsus üslubu ilə Azərbaycan tarixində əvəzsiz rol oynamış, hətta ölkə tarixinin axarını müəyyənləşdirmiş iki böyük şəxsiyyətin - Heydər Əliyevin və Hüseyn Cavidin fəaliyyətlərindəki qarşılıqlı münasibətləri geniş oxucu kütləsinə çatdırır. Belə ki, Azərbaycan klassik ədəbiyyatının, o sıradan Cavidin  mütərəqqi  humanist  ideyaları, bəşəri görüşləri, insansevər və vətənpərvər  ənənələri ruhunda böyümüş Heydər Əliyev Azərbaycan xalqının əbədi  və  əvəzedilməz liderinə çevrildikdən sonra öz haqq işində daim bu ənənələri rəhbər tutmuşdur.

Görkəmli cavidşünas-alimin elmi fəaliyyətinin əsas nailiyyətlərindən biri də Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin zəngin irsini özündə əks etdirən "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" çoxcildli kitabının  hazırlanması və nəşridir. Çoxcildli kitab G.Babaxanlının layihəsi və tərtibçiliyi, Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  22 aprel  2011-ci il tarixli sərəncamı  ilə  10 cildi 2011-ci  ildə, 3 cildi isə  2015-ci  ildə  çap edilmişdir. Ərtoğrul Cavidin çoxyönlü fəaliyyətinin əsas istiqamətlərindən  biri kimi, onun AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan  materiallar  əsasında  folklorşünaslıq  irsini özündə əks etdirən 13 cildlik  nəşrlə  oxucuların  istifadəsinə  verilən  materialların  bir  qismi  orijinaldır, bir qisminin variantları  isə çap olunub.

"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" çoxcildliyinə görə  G.Babaxanlı  26 aprel 2012-ci  ildə HUMAY-XXII Akademiyası  tərəfindən "HUMAY" Milli Mükafatı ilə təltif edilmişdir.

Bütün  ömrünü  valideynlərinin və  qardaşının xatirəsinin yaşamasına, Hüseyn Cavid və Ərtoğrul Cavid irsinin toplanıb təbliğ olunmasına, Cavidlər ailəsinin  nurunu  yaşadacaq  ev-muzeyinin yaradılmasına həsr etmiş Turan Cavidin  zəngin irsi də G.Babaxanlının elmi fəaliyyətinin digər bir tədqiqat obyektidir. Belə ki, 2014-cü ildə Turan Cavidin yaradıcılıq və araşdırmaçılıq  missiyası ilə keçən maraqlı və zəngin həyat yolu, onun şəxsiyyəti və ictimai fəaliyyətini  özündə əks etdirən materiallar əsasında Gülbəniz Babaxanlının layihəsi və tərtibçiliyi ilə "Turan Cavid: Ömür salnaməsi" kitab-albomu  çap olunmuşdur.  Kitabda  100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və  sənəd  yer almaqla Turan Cavidin  bütün  həyat  və yaradıcılığına işıq salmışdır. İlk dəfə olaraq bu kitabla Turan  Cavid  haqqında  olan  materiallar  sistemli və kompleks  şəkildə  toplanaraq  nəşr  halına gətirilmişdir.

Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsinin təbliği məqsədi ilə G.Babaxanlı respublikada və xaricdə - İtaliya, İspaniya, İran, Türkiyə, Rusiya, Türkmənistan, Özbəkistanda keçirilən konfrans və sərgilərdə iştirak etmiş, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunmuşdur.

G.Babaxanlı 12  ilə yaxındır ki, taleyini AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra yeni orijinal eksponatlar əldə edilmiş, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilmişdir. G.Babaxanlının  təşkilatçılıq fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri və alimləri ilə elmi əlaqələr yaradılmış, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrdəki muzeylərdə nümayiş olunmuşdur.

Məhz  buna  görədir ki, cavidşünas  bir alim kimi Gülbəniz  Babaxanlının Cavid irsinin təbliği və tədqiqi  sahəsində  elmi və təşkilatçılıq fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir. Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev  cənabları  03 noyabr 2015-ci ildə Azərbaycan  Milli  Elmlər  Akademiyasının 70 illik yubileyi münasibətilə  imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında" sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə  görə,  AMEA  Hüseyn  Cavidin  Ev  Muzeyinin  direktoru  filologiya üzrə  elmlər doktoru Gülbəniz İbrahim qızı Babaxanlını "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görməklə Hüseyn Cavidin zəngin irsinin təbliği və tədqiqini  yüksək  qiymətləndirmişdir.

İnsan ömrünün kamilliyə və müdrikliyə  qovuşduran  mərhələsi hesab edilən 60 yaşa  öz zəhməti, intellektual  zəkası  ilə qədəm  qoymuş, dəyərli  şəxsiyyət,  görkəmli alim və ziyalı insan Gülbəniz Babaxanlıya uzun ömür, möhkəm cansağlığı, elmi və təşkilati fəaliyyətində yeni-yeni  müvəffəqiyyətlər və  nailiyyətlər azru edirik! 

Natiq MÜRSƏLOV
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi

 





09.08.2016    çap et  çap et