525.Az

Təqaüdçü velosipedlə 3000 km məsafəni 70 günə qət edib


 

Təqaüdçü velosipedlə 3000 km məsafəni 70 günə qət edib<b style="color:red"></b> Mingəçevir sakini, 68 yaşlı Abid İsmayılov Mingəçevir-Rusiya-Gürcüstan marşrutu üzrə velosiped turuna çıxıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, 1948-ci il təvəllüdlü A. İsmayılov velosipedlə 3000 kilometr məsafəni 70 günə qət edib.
 
Təqaüdçü olan keçmiş pedaqoq A. İsmayılov üçüncü ildir öz velosipedi ilə səyahətə çıxır. Xüsusi çadır və zəruri vasitələri özü ilə aparan həvəskar velosipedçi 70 gün əvvəl, yəni mayın 29-da Mingəçevirdən velosipedlə səyahətə başlayıb. O, Quba rayonunda Samur keçid məntəqəsindən Dağıstana keçib. Dərbənd, Mahaçqala şəhərlərini keçərək Çeçenistan və İnquşetiya ərazilərində olub. O, Krasnodar, Novorossiysk şəhərlərini olub və Soçiyə çatıb. Oradan gəmi vasitəsi ilə Gürcüstanın Batumi şəhərinə gedib. A. İsmayılov Gürcüstanın bir neçə şəhərindən keçərək Vətənə qayıdıb.
 
O bildirib ki, səyahət zamanı maraqlı hadisələrlə qarşılaşıb. Dərbənd şəhərində Yevlaxdan olan qaraçılarla qarşılaşıb, Batumidə bir nəfər ondan velosipedini istəyib, o da velosipedini ona satıb. A. İsmayılov Batumidə özünə yeni velosiped alıb və yoluna davam edib. Yolboyu onu hamı qarşılayıb, qonaq dəvət edib.
 
Qeyd edək ki, A. İsmayılov əvvəlki illərdə Türkiyə və İrana veloturist kimi səyahət edib. Uşaqlıqda və gənc yaşlarında velosipedi olmayan A. İsmayılovun heç onu sürməyə həvəsi olmayıb. O, cəmi bir neçə ildir velosiped sürməyi öyrənib. Amma onun əzmkarlığı və inanılmaz istəyi bu nailiyyətləri əldə etməsinə gətirib çıxarıb. A. İsmayılov gələcəkdə səyahətinin məsafəsini artırmağı, Çin səddinədək getməyi düşünür.
 





10.08.2016    çap et  çap et