525.Az

Mətbuat və mədəni-maarif tariximizin "İşıq yol"u


 

Mətbuat və mədəni-maarif tariximizin "İşıq yol"u<b style="color:red"></b>

1920-ci illərdə ərəb əlifbasından latın əlifbasına keçid hərəkatının geniş vüsət aldığı bir vaxtda Tiflisdə yaşayan Azərbaycan ziyalıları da bu prosesdə yaxından iştirak edirdilər.

Həmin sahədə ən mühüm istiqamətlərdən biri məhz yeni əlifba ilə mətbuat orqanlarının nəşri, əhali arasında müvafiq izahat işlərinin aparılması idi. Bu baxımdan Tiflisdə çıxan "İşıq yol" qəzetinin fəaliyyəti böyük maraq doğurur. Bu qəzet tanınmış ziyalı Mirzə Davud Rəsulzadənin sədrliyi ilə fəaliyyət göstərən Yeni Türk Əlifbası Tiflis Komitəsi tərəfindən nəşr olunurdu.Yeri gəlmişkən deyək ki, həmin komitənin sədr müavini tənqidçi Əziz Şərif, məsul katibi isə yazıçı-publisist Eynəli bəy Sultanov idi. 

"İşıq yol"unun ilk buraxılışı 9 mart 1924-cü ilə aiddir. Həmin tarixdə ilk dəfə olaraq "Yeni fikir" qəzetinin bir səhifəsi "İşıq yol"a ayrılmışdı. 18 mart 1924-cü il tarixli ikinci saydan etibarən isə "İşıq yol" ayrıca nəşr olunmuşdur. İlk vaxtlar "Yeni Türk Əlifbası Tiflis Komitəsinin naşiri-əfkarı olan hələlik həftəlik vərəqədir" qeydi ilə dərc olunan "İşıq yol" bir müddət sonra "Yeni Türk Əlifbası Tiflis Komitəsinin həftəlik qəzetidir" təqdimatı ilə çıxmışdır. Qəzetin ilk səkkiz sayındakı materiallar həm ərəb, həm də latın əlifbası ilə verilmişdir. 16 may 1924-cü il tarixli doqquzuncu saydan etibarən isə bütün materiallar ancaq latın əlifbası ilə dərc olunmuşdur.Maddi vəsaitin çatışmazlığı ucbatından 29-cu saydan sonra qəzetin nəşri dayanmışdır.

"İşıq yol"un fəaliyyətində Mirzə Davud Rəsulzadə, Eynəli bəy Sultanov, Əli Nazim, Əziz Şərif, Əliyar Qarabağlı, Məmməd Rzazadə Mühəqqər və başqaları yaxından iştirak etmişlər. Bunlardan başqa, qəzetin səhifələrində A.Saf.,Yaralı, Aşıq, Dost, Dəngəsər, H.Naxçıvanlı, Əlişanbəyli, Müxbir-Mar, Zümrüd, Təzə xəbərçi, Besavad ziyalı, Yeni əlifbaçı, İrəvanlı, Əzimzadə Saraylı və digər imzalarla müxtəlif səpkili yazılar da diqqəti çəkir.

Qəzet əsas məramına uyğun olaraq latın əlifbasına keçidin vacibliyini əsaslandırır, yeni əlifbanı öyrənənlər üçün öz səhifələrində müvafiq məşğələ materialları da verirdi. Ədəbi dilin saflığı, xəlqiliyi məsələləri də qəzetin diqqət yetirdiyi vacib mövzulardan idi. Bunlarla yanaşı, ölkədə və beynəlxalq aləmdə baş verən müxtəlif hadisələr də qəzetin səhifələrində işıqlandırılırdı. Fəaliyyəti boyunca sosial-mədəni tərəqqi amalına ləyaqətlə xidmət göstərən "İşıq yol" latın əlifbası ilə nəşr olunan ilk mətbuat orqanları sırasında özünəməxsus yer tutur.

"İşıq yol" qəzetindən götürdüyümüz bir neçə müvafiq materialı - 4-cü sayda yazıçı-publisist Eynəli bəy Sultanovun "S" imzası ilə dərc olunmuş "İstədiyimiz nədir?" məqaləsini, tənqidçi Əli Nazimin 5-ci saydakı "Yeni əlifbaçılara" şeirini və 15-ci sayda baş məqalə yerində imzasız verilmiş "Türkoloji qurultay" adlı yazını, o dövrdəki imla qaydaları gözlənməklə, hörmətli oxuculara təqdim edirik.

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

İSTƏDİYİMİZ NƏDİR?

(kiçik ixtisarla)

Vətəndaşlar! Gördiyimə və eşitdiyimə görə, biz sizi yeni əlifbanın tərəfinə çağıranda siz bizdən ülkürsiz, bizim sözlərimizi düşünmürsüz. Amma bizdən sizə xeyirdən başqa bir şey dəyməz. Dediyimə yaxşı qulaq asın, məqsədlərimizi bir-bir sizə sayım, ondan sonra görüm, sizin sözünüz nədir?

Bizim ən ümdə məqsədimiz budur ki, cümlə türk eli elmli olsun. Bu sözə bir irad edən varmı? Yox? Əlbəttə ki, ola bilməz.

Elmə nə ilə çatmaq olar?- savadlıq ilə. Savadsız bir tayfanın, bir sinfin, ya bir cəmaətin içində elm yeriməz.
Bu mətləb isə o qədər sadədir ki, adam utanır onu təkrar etməyə.

Böylə olan surətdə türk xəlqi elmli olmaqdan qabaq gərək savadlı olsun. Belədir, ya yox? Gümanım budur ki, yox deyən olmasın.

Türk xəlqi bu zəmanədək savadı ərəb hürufatının vasitəsilə öyrənirdi. Demirəm ki, ərəb hürufatı ilə elm oxumaq mümkün dəyil, yox. Amma ərəb hürufatı çox çətindir. O səbəbə də türklərin içində bu hürufatda kamil savadlı və elmli olan azdır. Elm və savad neçün gərək azların malı olsun? Bu neməti bütün xəlqə rəva görmiyənlər, yəqin, xəlqin düşmənidirlər, dostu dəyillər.

Dediyimizdən o çıxır ki, biz xəlqimiz üçün elmin yolunu asanlaşdırmaq istiyirik. Bu, gün kimi aşkar bir mətləbdir, amma bununla böylə, bu sadəcə sözləri biz o qədər və o vəqtədək təkrar edəcəyik ki, yeni əlifbanın əmələ və kəndli içində bir düşməni qalmasın...

"S", "İşıq yol" qəzeti,
Tiflis, 4 aprel 1924-cü il, № 4

YENİ ƏLİFBAÇILARA

Silkin qara kabuslardan, əskilikdən qalx, oyan,
Yeniliyi özlə, bütün varlığınla sən nurlat.
Əskiliyi yıx, xarab et, bil ki, həqqi varlatan
Yenilikdir, sən də iştə yeniliyə ayaq at!

Fəqət bil ki, bu yollarda səni bir çox vicudlar
Sapıdarak həqiqətdən uzaqlatmaq istərlər.
Səni həqdən döndürərək bir çox yoqlar, məbudlar
Yalanlara tapdırmaqçin gerilərə çəkərlər.

Şimdi isə artıq anla, düşün, yürü iləri,
Qarşındakı maneləri mətanətlə xarab et.
Bir vicdanla yürü, yürü, dönmə, sakın, heç geri,
Yaşayışda, keçinişdə böyük bir inqilab et!

Bütün fikir, əməllərin yeniliyi qurmağa,
Diriliyi şənlətməyə sərf edilsin hər zaman.
Çünki şimdi köhnəliklər yüz dutmuşdur solmağa,
Şimdi bəşər yüksəliyor, sən də yüksəl hər zaman!

Ə.NAZİM
"İşıq yol" qəzeti, Tiflis, 11 aprel 1924-cü il, № 5

TÜRKOLOJİ QURULTAY

Moskvada türk tarixi, dili, yazısı və kulturasını mükəmməl və dərin surətdə bilən prafessor Samoyloviç şərqşünas (şərqi yaxşı tanıyıb bilən) alimlər cəmiyyətinə bir müfəssəl məruzə verib, türk ölkələrinin mədəni və məarif ehtiyaclarını müəyyən etmək üçün bu yayda xüsusi bir qurultay çağırılmasını təklif etmişdir.

Professor Samoyloviçin fikrincə, qurultaya bu cumhüriyyət və ölkələrin vəkilləri çağırılmalıdır: Azərbaycan, Dağıstan, Krım, Tatar, Başkır, Çuvaş, Qırğız, Türküstan, Buxara, Xarəzm və sayirə. Haman qurultaya Türkiyədən də vəkillər çağırılacaqdır.Bu xəlq və cumhüriyyət vəkillərindən başqa, qurultayda məşhur Leninqrad və Moskov prafessorları və mütəxəssisləri dəxi iştirak etməlidirlər.

Bu mühüm və böyük qurultay türklərin üç mühüm və böyük məarif işini həll etməlidir: birincisi- əlifba məsələsi, ikincisi-ədəbi dil məsələsi və üçüncüsü- elmi istilah məsələsi. Hər kəsə məlumdur ki, bu üç məsələ biz keçirdiyimiz zamanın ən dəhşətli, ən vacib məsələsidir. Bu məsələlər dəfələr ilə, uzun illər ilə bizim qəzetələrimizdə, kitablarımızda, cəmiyyətlərimizdə, cürbəcür komitə və komisyonlarımızda danışılıb, götür-qoy edilib və indiyə kimi yalnız əlifbadan başqa həll edilmiyibdir.

Əlifba məsələsini biz azərbaycanlılar həll eləmişik. Dilimizə uyğun və artıq dərəcədə hasand, Avropa əlifbalarından götürülmüş əlifba düzəltmişik və onu yeridirik. Onun üçün bu məsələ bizdən ötəri əsasda həll olunmuş hesabdır. Ancaq o biri türk və türkə yaxın tayfalar öz fikirini deməlidirlər və bu barədə Samoyloviç təklif elədiyi qurultay çox kömək edə bilər.

O ki qaldı bizə, bizim əlifbamız var, biz bu üç ilin ərzində müəyyən təcrübə toplamışıq və qurultay üçün bu barədə artıq xeyirli ola bilərik,qurultay da öz tərəfindən əgər bizim mümkün olan nöqsanlarımızı göstərsə, biz böyük şadlıq və razılıq ilə onun məsləhətini qəbul edərik. Doğrudur, Azərbaycanda yeni əlifba məsələsi birdən həll olundu, inqilab kimi xalqın içindən, aşağıdan qalxdı və uzun müddətli qurultaylar çağırmağa, uzun məsləhətlər eləməyə macal olmadı, amma bu üç ilin ərzində yeni əlifba xalqın içinə, ruhuna o qədər möhkəm yeridi, o qədər bərk səs saldı ki, indi onu çıxartmaq çox çətindir.

Və Moskovda çağırılacaq qurultay gərək bunu nəzərə alıb, biz keçirdiyimiz əlifbanı elm ilə əsaslandırsın və qüvvətləndirsin. Bizim yəqinimizdir ki, biz qəbul elədiyimiz yeni əlifba sayır türk və tatar tayfalarının da dili və ləhcəsi üçün əsas olaraq qəbul olunar və ona ancaq bir neçə bizim ləhcəmizdə olmuyan səslər nişanı artırılar.

Biz öz tərəfimizdən prafessor Samoyloviçin bu təşəbbüsünü alqışlıyıb, qurultayın tezlik ilə çağırılmasını arzu edərdik.

"İşıq yol" qəzeti, Tiflis, 27 iyun 1924-cü il, № 15

 





11.08.2016    çap et  çap et