525.Az

Qalib və məğlub olmadan münaqişə necə həll ediləcək?


 

"AZƏRBAYCANIN İŞĞALDA OLAN TORPAQLARI GERİ QAYTARILIR, ƏRAZİ BÜTÖVLÜYÜ TƏMİN OLUNUR, ERMƏNİSTAN İSƏ TƏCRİD OLUNMAQDAN QURTULUR VƏ REGİONDA HƏYATA KEÇİRİLƏN BÖYÜK LAYİHƏLƏRDƏ İŞTİRAK İMKANI QAZANIR"

Qalib və məğlub olmadan münaqişə necə həll ediləcək?<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla Moskvada görüşüb.

Danışıqlarda əsas mövzular son günlər işğalçı ölkədə baş verən hadisələr, gərginliyin artması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi idi.

Rusiya mətbuatının yazdığına görə, Putin həm Ermənistan, həm də Azərbaycanın sülh istədiyini, ona görə də, ölkələr arasında kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında səylərini davam etdirəcəyini bildirib: "Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və İrəvanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik. Rusiya və Minsk Qrupunun digər həmsədr ölkələri Qarabağ münaqişəsinin həllində təminatçı kimi çıxış edə bilər".

Diqqət çəkən məqamlardan biri Rusiya prezidenti Vladimir Putinin iki gün öncə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı səsləndirdiyi fikri Sarkisyanla görüşdə yenidən təkrarlamasıdır: "Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq".

Maraqlıdır ki, münaqişənin həlli necə mümkün ola bilər ki, hər iki tərəf qalib olsun?

Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: Ermənistan işğal etdiyi torpaqları geri qaytarmalı və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları birgə münaqişə zonasının statusunu müəyyənləşdirməlidir ki, burada da söhbət Dağlıq Qarabağa maksimum olaraq Azərbaycanın daxilində yüksək statuslu muxtariyyat verilməsindən gedir.

Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlamaq Ermənistana yalnız ziyan gətirib. Öz əhalisinin dolanışığını çətinliklə təmin edən hakimiyyət Azərbaycanın Ermənistanı reginal layihələrdən təcridetmə siyasəti nəticəsində iflasın bir addımlığına düşüb. Əgər işğalçı ölkə münaqişənin həllində konstruktiv mövqe nümayiş etdirərək zəbt etdiyi torpaqları Azərbaycana qaytarmağa razılıq versə, rəsmi Bakı Ermənistanı iqtisadi blokadadan çıxarmaq, regional layihələrə qoşmaq haqqında düşünəcək. Bu mənada, İrəvan işğal olunan əraziləri geri qaytarmaqla nicat tapa bilər.

Təbii ki, bu Azərbaycanın mövqeyi, məsələyə obyektiv prizmadan yanaşmadır. Lakin görəsən, Putin də Sarkisyanla görüşdə Azərbaycanı dinamik inkişaf edən güclü dövlət adlandırmaqla bunları demək istəyirdimi?

Ümumiyyətlə avqustun 8-dən 10-dək region dövlətləri arasında ard-arda keçirilən görüşlərin dolayısı ilə Dağlıq Qarabağ məsələsi ilə bağlılıq təşkil etdiyi üzə çıxmaqdadır.

Sarkisyanın Moskva səfərindən bir gün öncə Sankt-Peterburqdan qayıdan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan təyyarəsində media nümayəndələrinin suallarını cabablandırarkən Dağlıq Qarabağ münaqişəsinə toxunub və qeyd edib ki, münaqişənin həll prosesində bəzi irəliləyişlər var: "5 rayon Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ probleminin nizamlanma prosesinin daha asan mərhələsinə keçəcəyini düşünürəm. Bu məsələ ilə məşğul olan Türkiyənin də daxil olduğu Minsk Qrupu başqa nəticələr əldə edə bilərdi. Lakin ABŞ, Rusiya və Fransa olmaqla, yalnız 3 ölkə bu işin içindədir. 23-24 ildir ki, bu məsələni həll etmədilər, ya da həll etmək istəmədilər. Ortada işğal faktı var. Bu işğalı hər kəs qəbul edir. Madam ki, işğal var, bunu niyə həll etmirsiniz? Amma indi bəzi irəliləyişlər var. Vladimir Putin də bu məsələ üzərində işləyir".

Belə görünür ki, Ərdoğan da proseslə bağlı yaxından məlumatlandırılır. Bu informasiyaların ona Rusiya prezidenti tərəfindən verildiyi isə şübhə doğurmur.

Digər məlumatlara görə isə münaqişənin konstruktiv həllində artıq Ermənistan prezidenti nisbi razılıq verib. Rusiyanın "Kommersant" qəzeti yazır ki, Sarkisyan işğal olunan torpaqları qaytarmağa hazırlaşır.

Bütün bunlar təbii ki, Azərbaycanın maraqlarına cavab verir. Lakin sonda prosesin hansı templə inkişaf edəcəyi hələlik sual olaraq qalır.

Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu "525"ə bildirib ki, vəziyyət o yerə çatıb ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın təbliğatçısına çevrilib: "Rusiya prezidentinin Sarkisyanla görüşündə Azərbaycanın güclü ölkə olmasını, iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsini, ölkəmizin böyük qızıl-valyuta ehtiyatlarına malik olmasını qeyd etməsi o deməkdir ki, dövlət başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət öz nəticəsini verir. Yəni, Putinin Moskvada Ermənistan prezidenti ilə keçirdiyi görüşdə Azərbaycanla bağlı təbliğat klişeləri eynilə İlham Əliyevin dilə gətirdiyi fikirlərdir. Bir sözlə, Putin Sarkisyana göstərdi ki, əsl dövlət Azərbaycandır".

M.Əhmədoğlu bildirib ki, tarixə nəzər salsaq görərik ki, 20-30 il bundan qabaq ermənilər rus havadarları ilə birlikdə Azərbaycanı çökdürməyə çalışsalar da, dövlətimizin bütün bu çətin sınaqlardan üzüağ çıxaraq regionda böyük güc mərkəzinə çevrilib. Əksinə olaraq Ermənistan isə 15 milyonluq əhalisi olan dövlət qurmaq iddiasında idi, lakin vəziyyət elə gətirib ki, bu gün cəmi 2 milyon əhalisi var".

Politoloq söyləyib ki, Putinin Azərbaycanla bağlı işlətdiyi ifadələr onu deməyə əsas verir ki, Rusiya prezidenti məhz Dağlıq Qarabağ məsələsinə, daha dəqiq desək, rəsmi Bakıya görə Sarkisyanı Moskvaya çağırıb: "Putinin Sarkisyana əsas iradı ondan ibarət idi ki, nəyə görə o öz ölkəsinə qayıtdıqdan sonra Sankt-Peterburq görüşündə Dağlıq Qarabağla bağlı verdiyi vədlərin əleyhinə danışmağa başlayıb. İlham Əliyev isə həmişə dediyi sözün arxasındadır. Ona görə də, Azərbaycan inkişaf edir,  Ermənistan isə günü-gündən geriləyir".

Mərkəz sədri hesab edir ki, Putinlə Sarkisyanın Moskva görüşü Rusiyanın Azərbaycana qarşı müsbət münasibətini ortaya qoyub: "Rusiya prezidentinin danışıqlarda Azərbaycanla bağlı işlətdiyi fikirlər həyati əhəmiyyətə malikdir: "Ermənilər Putinin mövqeyini başa düşdülər. Onlar bildilər ki, Rusiya kimin yanındadır. Buradan belə nəticə çıxarmaq olar ki, əgər Ermənistan prezidenti yaxın zamanlarda Dağlıq Qarabağ məsələsini həll etməyəcəksə, Rusiya Azərbaycanın Dağlıq Qarabağda aparacağı müharibənin də əleyhinə olmayacaq".

Putinin Moskvada Sarkisyana öz iradlarını bildirəcəyini gözlədiyini deyən politoloq lakin bu səviyyədə olacağını ehtimal etmədiyini bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Sarkisyanla görüşdə əlavə bir ifadə də işlədib: "Putin həmişə Dağlıq Qarabağ münaqişəsi ifadəsini işlədir. Lakin bu səfər o Ermənistan-Azərbaycan münaqişələri fikrini ortaya atdı. Yəni, söhbət bir yox, bir neçə münaqişədən gedir. Putinin bu ifadəsini belə başa düşmək olar ki, İlham Əliyevin dediyi kimi, İrəvan və Zəngəzur da tarixi Azərbaycan torpaqları olmaqla iki ölkə arasında ayrı-ayrı münaqişələrdir".

M.Əhmədoğlu əlavə edib ki, Rusiya və Ermənistan prezidentlərinin Moskva görüşü Azərbaycan prizmasından çox faydalı görüş olub: "Bu görüş bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar arasında ən vacib, əhəmiyyətli görüşlərdən biridir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, 3 gün ərzində görüşlərin ardıcıllıqla keçirilməsi birbaşa əlaqəli olmasa da, şübhəsiz Rusiya prezidenti Bakıda Azərbaycanın dövlət başçısıyla, daha sonra Sankt-Peterburqda Türkiyə rəhbəri ilə keçirdiyi görüşlərdə prosesin nizamlanması ilə bağlı müzakirələrə aparıb: "Putinin səfəröncəsi verdiyi müsahibədə yer alan tezislərdə də bu özünü biruzə verirdi. Eyni zamanda Sarkisyanla Moskvada keçirdiyi görüşdən sonra səsləndirdiyi fikirlərdə bu açıq şəkildə görünürdü".

Politoloqun sözlərinə görə, diqqət çəkən əsas məqam Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllindən hər iki tərəfin qalib tərəf kimi çıxması fikri ilə paralel ərazi bütövlüyü və xalqların öz müqəddəratını həlletmə prinsipi arasında balanslaşdırılmış tənzimləmə versiyası səsləndirib: "Ərazi bütövlüyü amili mütləq təmin olunmalıdır. Söhbət ərazi bütövlüyü ilə balanslaşdırılmış xalqların öz müqəddəratını həlletmə prinsipindən gedirsə, bu o deməkdir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək statuslu muxtariyyatın verilməsi əsas çıxış yolu kimi qiymətləndirilir".

E.Mirzəbəyli qeyd edib ki, münaqişə ədalətli şəkildə həll olunduğu təqdirdə hər iki tərəf qalib olur: "Azərbaycanın işğalda olan torpaqları geri qaytarılır, ərazi bütövlüyü təmin olunur, Ermənistan isə təcrid olunmaqdan qurtulur və regionda həyata keçirilən böyük layihələrdə iştirak imkanı qazanır. Bu da tamamilə iflasa uğrayan ölkənin ayaq üstə durmasına imkan yaradacaq. Bununla da regionda sabitlik və təhlükəsizlik tam təmin olunacaq. Ona görə də, münaqişənin həlli bütün region dövlətlərinin maraq dairəsindədir".

Politoloq əlavə edib ki, bu illərdir işğalçı rejimin nəzarəti altında yaşayan ermənilərin yeganə çıxış yoludur: "Faktiki olaraq, bu onları müharibə şəraiti altında yaşamaqdan qurtaracaq".

Ceyhun ABASOV

 





12.08.2016    çap et  çap et