525.Az

Türkiyə ilə Rusiya strateji tərəfdaşa çevrilir


 

“RƏSMİ ANKARA NATO XARİCİNDƏKİ DÖVLƏTLƏRLƏ HƏRBİ ƏMƏKDAŞLIQ STRATEGİYASINI REALLAŞDIRMAĞA ÇALIŞIR”

Türkiyə ilə Rusiya strateji tərəfdaşa çevrilir<b style="color:red"></b>

Keçən ilin noyabrın 24-də Türkiyənin rus hərbi təyyarəsini vurması ilə tərəflər arasında yaranan gərginlikdən sonra avqustun 9-da prezidentlərin ilk görüşü baş tutdu.
 
İki ölkə arasında münasibətlərin normallaşması fonunda Vladimir Putinlə Rəcəb Təyyib Ərdoğan Sankt-Peterburq görüşündə yenidən siyasi-iqtisadi əlaqələrin bərpası istiqamətində ortaq nəticəyə gəldilər.

İki ölkə arasında münasibətlərin pozulduğu andan etibarən tərəfləri barışdırmaq istəyində olan ilk dövlət Azərbaycan idi. Lakin Rusiya-Türkiyə yaxınlaşmasından məmnun qalmayan dövlətlər də kifayət qədərdir. Xüsusilə, bu yaxınlaşma Qərb dövlətlərinin maraqlarına cavab vermir. Lakin ötən ay Türkiyə rəhbərliyinin Rusiya ilə münasibətlərin qaydaya salınması istiqamətində atdığı addımlardan dərhal sonra qardaş ölkədə baş verən terror hadisəsi hansısa xarici dairələrin isterik dərəcədə narahatlıq keçirdiyini ortaya qoydu. İyulun 15-də isə Türkiyədə baş verən hərbi çevriliş cəhdinin arxasında da rəsmi Ankaranın yürütdüyü yeni siyasi xəttə qarşı olan qüvvələrin dayandığı sirr deyildi. Bütün çətinliklərə baxmayaraq çevriliş cəhdinin qarşısı qətiyyətlə alındı. Əhali heç bir halda hakimiyyətin hərbi yolla devrilməsini qəbul etmədi. Prezident Rəcəb Təyyib Ərdoğanın xalqa müraciətindən sonra meydanlara çıxan yüz minlərlə türk insanı qiyamçıların qarşısını kəsdi, səsvermə yolu ilə Türkiyənin idarəçiliyini həyata keçirən hakimiyyətin toxunulmazlığı qorundu. Həmin hadisələr zamanı Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Rusiya prezidenti Vladimir Putin də Türkiyənin qanuni hakimiyyətinə öz dəstəyini ifadə etdi. Hətta, o, lazım gələrsə, Ərdoğanı siyasi sığınacaqla təmin edə biləcəyini dilə gətirdi. Qiyamın qarşısının alınması nəticəsində buna ehtiyac qalmasa da, rəsmi Moskvanın bu isti jesti iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün gözəl imkan yaratdı.

Heç şübhəsiz ki, Türkiyə-Rusiya yaxınlaşması bölgədə qüvvələr balansını Azərbaycanın xeyrinə dəyişəcək. Artıq bölgədə Azərbaycan-Rusiya-İran formatı kimi,  Azərbaycan-Rusiya-Türkiyə formatının da yaranması reallıqdan uzaq deyil. Nəzərə alsaq ki, Bakıda İran prezidenti Həsən Ruhani Türkiyəni də sammitdə görmək arzusu dilə gətirib və zirvə görüşündən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla Putin bir araya gəlib, o zaman bu, üçtərəfli formata yaxın gələcəkdə Ankaranın da qoşulmasıyla əhatəsini daha genişləndirəcəyini -  dördlər formatına keçəcəyini proqnozlaşdırmaq olar.

Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə avqustun 9-da Rusiyaya birgünlük səfəri zamanı tərəflər arasında müxtəlif mövzular müzakirə edildi: “Ən əsası o oldu ki, prezidentlər Rusiya ilə Türkiyə arasındakı münasibətləri əvvəlki inkişaf vəziyyətinə gətirməyə qərar verdilər. Bu o deməkdir ki, həm “Türk axını” və Türkiyədə Akkuyu nüvə elektrik mərkəzinin tikintisi layihələri reallaşacaq, həm də iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının həcmi artırılacaq. Ərdoğan Sankt-Peterburqda keçmiş illərdəki hədəfini yenidən təkrarladı: “Elə etməliyik ki, Türkiyə ilə Rusiya arasındakı iqtisadi və ticarət əməkdaşlığının həcmi 100 milyard dollara çatsın”.

Politoloq qeyd edib ki, Türkiyə və Rusiyanı ortaq maraqlar da birləşdirir: “Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələrin reallaşması aktual idi, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var: həm Rusiyanın Ukrayna hadisələrinə görə, həm də Türkiyənin Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə ilə Rusiya strateji tərəfdaşa çevrilirlər”.

E.Şahinoğlu hesab edir ki, Türkiyə NATO üzvlüyündən çıxmayacaq, ancaq Rusiya ilə ən sıx əlaqəsi olan NATO ölkəsinə çevriləcək: “Ankara NATO çərçivəsində əməkdaşlıqdan narazıdır. Türkiyə NATO ölkələri ilə birgə hərbi istehsalı gücləndirə bilmir. Çünki NATO ölkələri müasir hərbi texnologiyaları Türkiyəyə vermirlər. Ona görə də Türkiyə NATO xaricindəki dövlətlərlə hərbi əməkdaşlıq strategiyasını reallaşdırmağa çalışır. Bu mənada Türkiyə Rusiya ilə birgə hərbi istehsala maraq göstərir. Ərdoğan Putinlə görüşdə belə bir cümlə işlətdi: “FETÖ (Fətullahçı Terror Təşkilatı) Türkiyə ilə Rusiyanın arasını pozmaq istəyirdi”. Bununla Ərdoğan əslində Qərbin Türkiyə-Rusiya əməkdaşlığında maraqlı olmadığına işarə vurdu. Çünki Türkiyədə belə bir inam var ki, Fətullah Gülənin arxasında Qərbin maraqlı dairələri dayanır”.

Mərkəz sədrinin sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşmasına baxmayaraq, iki ölkə arasında problemli mövzu qalır: “Moskva Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Ankara isə Suriyada Əsədin prezidentliyi dövründə sülhün mümkün olmayacağına inanır. Buna baxmayaraq, Ankara əvvəlki illərdə olduğu kimi Suriya mövzusuna görə Kremllə dərin fikir ayrılığı yaşamaq istəmir. Təsadüfi deyil ki, Rəcəb Təyyib Ərdoğan keçmiş aylarda olduğu kimi Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etmir. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agentliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Halbuki, əvvəlki aylarda Ərdoğan “Rusiyanın Suriyada nə işi var” sualını səsləndirirdi. Ərdoğanın ritorikası dəyişir. Suriya məsələsində türkiyəli və rusiyalı hərbçilər və diplomatlar təmasları genişləndirəcəklər, ortaq komissiya quracaqları gündəmdədir. Əsas vəzifə Suriyada DAİŞ terror qruplaşmasını neytrallaşdırmaqdır. Bu məsələdə Ankara Kremlin mövqeyi ilə razıdır”.

Politoloq deyib ki, Ərdoğan Putinlə görüşdə yeni təklifini də səsləndirdi: “Türkiyə-Rusiya-Azərbaycan formatı yaradılsın. Türkiyə regional əməkdaşlıqda üçtərəfli formatlara üstünlük verir. Məsələn, buna oxşar başqa formatlar var: Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan. Ərdoğan təklif etdiyi formata İranın da iştirakını mümkün sayır. Bu o deməkdir ki, Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyi istisna deyil. Ərdoğanın hazırkı şərtlər daxilində yaxın müddətdə nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə səfəri mümkündür”.

E.Şahinoğlu əlavə edib ki, Rusiyanın məşhur siyasətçisi, liberal-demokrat Vladimir Jirinovski bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşdıracağı proqnozunu verib: “Bu təklif reallıqdan elə də uzaq deyil. Avropa Birliyi 53 ildir Türkiyəni üzvlüyə qəbul etmir, illərin strateji müttəfiqi ABŞ Türkiyənin terrorçu adlandırdığı şəxsi müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir”.

Ceyhun ABASOV

 





13.08.2016    çap et  çap et