525.Az

Bir şəhidin məhəbbət dastanı - Vətəni qibləgah edən şəhidlər


 

Bir şəhidin məhəbbət dastanı - <b style="color:red">Vətəni qibləgah edən şəhidlər </b>

Cənnəti xatırladan dağ yoxuşları ilə yol gedib Şabranın Zeyvə kəndinə yetişdim.
 
Elə bildim ki, öz kəndimizdəyəm, Zaratxeybəri kəndində. Bu ilin aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhid Babək Vəfadar oğlu Abidovgilin evinin taxta darvazasından həyətə girdim. Ətraf gül-çiçək, bağ-bağat idi. Bu birmərtəbəli ev məni yaman çəkdi. İçəridən başında qara örtük olan yaşlı bir qadın çıxdı.

Bildim ki, Babəkin anası olacaq. Görüşdüm. Səsimizə Babəkin atası Vəfadar kişi də otaqdan çıxıb ağır-ağır addımlarla gəldi.

Şəhid üçün bəzədilmiş otağa keçdim. Bu otaq onun bəy otağı olacaqdı. İndi bir ov tüfəngi, bir də dolabda Babəkdən qalan xatirələr-əşyalar, qırmızı beret, şəkillər, təsbeh, işlətdiyi qələm-dəftərlər... Heç biri danışmır, susurlar. Bu susmaqla da həm ata Vəfadarı, həm ana Simnarəni, həm qardaşı Elçini və iki bacısını yandırırlar o xatirələr dolu əşyalar... Bir də ki, Babəkin çox böyük çərçivəyə salınmış şəkli. Bu şəkli isə, Babəkin sevdiyi qız gətirib. Bu xatirələrin içərisində ismini pünhan saxlayıb, adına “Leyli” deyəcəyəm o vəfalı gözəlin.

Abidovlar ailəsi Babəki sonuncu dəfə Novruz bayramında görüb. Anası Simnarə ilə 27 mart gününün səhəri danışıb. Ana oğlunun kefsiz olduğunu hiss edib, narahatlıq keçirib. Lakin sonradan Babək ata-ananın, qohum-əqrabanın zənglərinə cavab verməyib. Atası Vəfadar Abidov - Zeyvə kəndinin məktəbində fizika-riyaziyyat müəllimidir - dedi:

- Oğlumun tabutunu aprelin 9-da gətirib verdilər. Heç açmağa da qoymadılar. Babəklə birlikdə sayılıb-seçilən oğullar həlak oldu, komandirləri Murad Mirzəyev idi. Murad Mirzəyev ancaq mənim oğluma həyatını etibar edirdi. Ona görə də komandir əsgərini ön sıraya öz yanında aparmışdı. Həm özü həlak oldu, həm də oğlum. Onlar hamısı Azərbaycana dayaq idilər. Bu cür oğulları itirdi Vətən. Babək Şabranın Zeyvə kəndinin 7-ci şəhididir. Demirəm ki, adı Zeyvədə əbədiləşdirilsin. Onlar Azərbaycan uğrunda döyüşüblər. Bu ölkənin hər yerində onların adını əbədiləşdirmək olar, əslində...

Bütün analar üçün balaları şirindir. Hələ övlad ailənin son beşiyidirsə, daha şirin olur:

- Mən oğlumdan heç doymadım ki... Hərbi xidmətə yollanandan sonra, öz yolunu özü müəyyən etdi. Hərbini sevib-seçdi. Oğlanlarımdan heç biri evlənməyib. Elçinin 30 yaşı var. Hazırlaşırdıq ki, Babəki evləndirək. Deyiklisi var idi. İndi o qızın da üzünə baxa bilmirəm. Gəlir bu həyətə, məlul-müşkül dayanır, baxıram ürəyim yanır. O qızın da yanında üzüqara hesab edirəm özümü. Bu nə bəxt, bu nə tale idi?! Bəlkə də bir nişanəsi qalsaydı, belə yandırmazdı bizi. Dəfələrlə qulluq etdiyi hərbi hissədən təşəkkür məktubu, medal almışdı.  Komandiri Murad Mirzəyev, Pəncəli, Mirsalam, Elnur İsgəndərov, Sahil bunlar birlikdə şəhid oldular. Talış kəndini alıb, sonra ermənilərin atdığı mərmilərdən həyatlarını itiriblər. Mənim oğlum erməniyə can verməzdi. Neçə il idi, Xüsusi Təyinatlı Dəstədə işləyirdi. Dəfələrlə gedib, ermənilərdən qisasımızı alıbmış. Bunu oğlum həlak olandan sonra bildik.

Vəfadar müəllim dedi ki, bu yerlərin adamları dağlarımız kimi vüqarlı, çaylarımız kimi coşqun, bulaqlarımız kimi dumduru və büllurdular. Bizim hər bir oğlumuzun, qızımızın canında qeyrət, Vətən təəsübkeşliyi var. Qaçaq Mayıl, Şeyx Şamil bu yerlərdə at oynadıb. Bu yerlərin havası, suyu adamı qəhrəman edir. Bu dağlar elə kişilər yetişdirib ki... Hərbiyə də kəndin cavanları həm Vətən təəssübü çəkdiklərindən, həm də maaşı yaxşı olduğundan getdilər.

Biz söhbət etdikcə, Simnarə ana yanıb-qovrulur, arada söhbətə qoşulurdu:

-Mübariz İbrahimovun anasına televizorda qulaq asanda eşitdim ki, deyir, əvvəl necə xoşbəxt olmuşuq. İndi Mübarizin anasını başa düşürəm. İndi bilirəm ki, şəhid anası olmaq nə deməkdir. Gözüm o qapıda qalıb. Elçini dilə tuta bilmirəm. Dünən gediblər ot çalmağa. Ata-bala dəryazı atıb gəliblər ki, kimin üçün edirik ki, bu tədarükü... Elçin deyir ki, əvvəllər nə iş görsəm, fikirləşirdim ki, qardaşımla ikimiz üçündür. İndi daha heç bir arzusu yoxdur. Özünə gələcək arzu etmir. İndi oğlumuz haqqında bir təzə söz eşitmək, təsəlli almaq üçün qapı-qapı şəhid evlərini gəzirik. Gah Xızıya gedirik, gah Neftçalaya gedirik, gah Astaraya... Onun barəsində bircə söz eşidəndə belə ürəyimiz təsəlli ilə dolur.

Vəfadar müəllimdən nədən şikayətçi olduğunu soruşdum:

- Bir dəfə komandanlıqdan zəng vurub ev üçün sənədlərimizlə maraqlandılar. Dedilər ki, şəhid ailələrinə ev verirlər. O gün bu gün bizimlə kimsə maraqlanmayıb. Valideyn kimi prezident təqaüdünü də hələ ala bilmirik. İki dəfə sənəd toplayıb vermişəm. Bilmirəm daha nə edim. Oğlumun maaşı ilə dolanırdıq. Mənim bir böyrəyimi əməliyyat edib götürüblər, yoldaşımın da sinəsində problem var. Hər ikimiz onkoloji xəstəyik. Mən Cavadzadə adına böyrək xəstəxanasında, yoldaşım isə Bakıdakı Onkoloji xəstəxanada qeydiyyatdayıq. İndi pulumuz çatmadığından daha müalicəyə də getmirik. Ailədə tək mən işləyirəm. Müəllim maaşı ilə dolanmaq, həkimə getmək olmur.

 “Yolçu yolunda gərək” - deyib vidalaşanda, Simnarə xanım mənə sac üstündə bişirdiyi yuxadan büküb verdi. Çörəyin ətrini sinəmə çəkdim, yurd yerimiz, baba ocağımızın havasını hiss etdim. O çörəyin ətrində nənəmin laylalarını, bayatılarını xatırladım.

Bu şəhid dastanının əvvəlində bir vəfalı Leylidən də bəhs etdim. Babək Abidovun həyat hekayətini qələmə başlamazdan əvvəl telefon açıb o vəfalı Leylini aradım. Nələr danışdı, nələr söylədi...

- Babək məndən bir neçə yaş balaca idi. Həkiməm. Mənim qəbuluma gələndə tanış olmuşduq. Onun böyrəklərində problem var idi. Neçə dəfə dedim ki, sənə ordudan təxris olunmaq lazımdır, razı olmadı. Bir neçə dəfə müayinəyə gələndən sonra, məni sevdiyini dedi, əvvəlcə güldüm. Başımdan elədim. Nuh dedi, Peyğəmbər demədi. Əl çəkmədi məndən. Axır ki, saqqızımı oğurlaya bildi. 2013-cü ilin avqust ayında ilk dəfə görüşə çıxdıq.Və ondan sonra bəxtəvər günlərimiz başladı...Bütün bayramlarda mənə ən gözəl gül buketləri gətirərdi. Onun verdiyi gülləri nəyə görəsə qurudub saxlamışam.

Leyli sevgisinin çiçək xatirələrini son ümid kimi yenə də saxlayır, ölən sevgisinin əklilimi, çiçəkləridirmi deyim bilmirəm, ancaq o qurumuş çiçəklərdə bir dünya sevgi xatirəsi var. Hər ləçək bir gündür, bir andır Leyli üçün. Leyli deyir ki, indi Babəkin telefonunu və nömrəsini də o işlədir. Bu telefondan özünə, öz telefonundan isə Babəkə məktublar yazır. Özü yazıb, özü də Babəkin əvəzinə cavab verir. Babəkin bütün xasiyyətlərini bildiyindən, verdiyi suallara, cavabları da aydındır...

Deyir ki, Babək 1992-ci il mayın 3-də dünyaya gəlmişdi. 2016-cı il aprelin 3-də isə dünyamızı tərk etdi.

- Babəkimin dəfninə çata bilmədim... Ondan xəbər gəlməyən həmin günlər dəli ceyrana dönmüşdüm. Bir Allahın məndən xəbəri oldu. Getdim sevdiyimin evinə... Bakıdan Zeyvə kəndinəcən olan yollar necə uzun imiş. Elə bilirdim ki, mən oraya çatsam, Babək oyanacaq. Çatmadım. Ağ gəlinlik libasında, fatada gəlməli olduğum həyətə qara paltarda, qara örpəkdə gəldim. Babəki dəfn edib gələndən sonra, təzəcə yuxlamışdım ki, bir də gördüm, başımı kimsə tumarlayır. Üzümə Babəkin nəfəsi toxundu, əli ilə saçlarımda sığalını hiss elədim. Tez diksinib ayıldım, gördüm ki, mənə əl eləyib qapımızdan çıxdı... Özüm həkiməm... Məni kimsə aldada bilməz. Amma çoxları inanmayacaq ki, mən onun nəfəsini həqiqətən hiss etdim. Bir də ki, kiminsə inanmağının nə fərqi var, əsas odur ki, mən özüm inanıram ki, mənimlə varlığında olduğu kimi vidalaşan Babəkim idi. İndi daha Babəkgilin evinə tez-tez gedib gəlirəm. Dəfnindən 7 gün sonra, ad günündə, Silahlı Qüvvələr günündə getmişdim kəndə. Bir dəfə gedib bir ağacın altında dayandım. Bir də gördüm, Simnarə xala mənə deyir, ay qızım, niyə o ağacın altında dayanmısan ki? Cavab verdim ki, nə bilim, vallah. Simnarə xala dedi, bəs, Babək həmişə bu ağacın altında dayanardı. O həyətdə, o kənddə hər yerdə Babəkin əl izləri var...

Neçə sevgiləri, neçə toyları, neçə sevincləri yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda, insanları o qədər yandırmır. Çünki bilirlər, o qanlar, o canlar hədər yerə qurban getməyiblər. 2-5 aprel döyüşlərində həlak olan qəhrəman oğullarımız dünyaya səs saldılar. Azərbaycan əsgələrinin qəhrəmanlığından dünya danışdı. Onlar əsl qəhrəman idilər. Onların qəhrəmanlıqları nəticəsində düşməndə olan torpaqlarımızın kiçik bir hissəsi azad olunmuşdu. Və əlbətə ki, kənar qüvvələr, ermənilərin havadarları işə qarışmasaydılar, bir neçə gün ərzində Ordumuz işğalda olan Vətən torpaqlarını azad edəcəkdi. Nə yazıq ki, buna fürsət olmadı...

 





13.08.2016    çap et  çap et