525.Az

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri


 

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

"Molla Nəsrəddin" jurnalı uşaqlara təlim vermək əvəzinə onlara qarşı ağır cəza tədbirləri həyata keçirən müəllimləri sərt tənqid edərək yazır: "... rəhmətlik Dursunəli həmişə şagirdlərnən çubuq, falaqqa ilə danışardı. Şagirdlərin ayaqlarını falaqqaya qoyub o qədər vurar idi ki, biçara uşaq evlərinə gedə bilməzdi. Bakı türk müəllimlərinə də bircə dənə falaqqa və bircə dənə çubuq lazımdı. İnşallah, Bakı Maarif Şöbəsi tezliklə məktəblərinə falaqqa və çubuq göndərər ki, yazıq müəllimlər əllərini ağrıtmasınlar" (Dərdmənd. "Falaqqa" felyetonu. "Molla Nəsrəddin". 1923. № 14.; 5).

C.Məmmədquluzadənin "Baş" adlı felyetonu mövzu və ideya baxımından "Bizə hansı elmlər lazımdır" felyetonuna çox yaxındır. Yazıçının dərin müşahidələri əsasında yazılan bu felyetonda insanlarda süstlük, ətalət, gününü boş-boşuna, gərəksiz işlərə sərf etmək kimi zərərli adətlər pislənilir.  Belə mənfi keyfiyyətlərin cəmiyyətdə yaratdığı durğunluq tənqid obyektinə çevrilir. Yazıçı ümumi faktlı felyeton olan "Baş"da elmi kəşflərdən bəhs edərək yazır: "Elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər. Gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm, fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl  qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət elmlərindən...

Möhtərəm oxucumuza ərz olunsun ki, tibb aləmində axır vaxtlarda danışılan məsələ "anabioz" məsələsidir ki, rus professorlarından məşhur Baxmetyev cənabları tərəfindən icad olunubdur. Cənab Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarı diri olurlar, yarı ölü olurlar; yəni nə diri demək olur, nə ölü. Nə canlı kimi hiss edirlər, nə ölü kimi hissiz olurlar..."  (Molla Nəsrəddin. "Baş" felyetonu. "Molla Nəsrəddin", 1913. №18.; 2-3).

C.Məmmədquluzadə felyetonda elmdən, mədəniyyətdən uzaq olan cahil insanların keçirdiyi boş və mənasız həyat tərzini göstərməklə satirik bir tərzdə müsəlman başlarında "anabioz" vəziyyətinin baş verə bilməyəcəyini söyləyir. Çünki yazıçı 24 saat isti hamamlarda vaxt keçirən müsəlmanlarda heç vaxt bu prosesin özünü göstərməyəcəyi qənaətinə gəlir.

Yazıçı bəzən oxucuya çatdırmaq istədiyi məsələnin diqqət mərkəzində olması üçün bir yox, bir neçə mənbəyə istinad etməklə faktın doğruluğuna nail olur. "Baş" felyetonunda da yazıçı həm rus professoru Baxmetyevin, həm fransız səyyahı müsyö Lizurtayın fikirlərinə əsaslanır, həm də o dövrün bir çox mətbuat orqanlarından gətirdiyi faktlar əsasında oxucunu inandırmağa nail olur.

Mollanəsrəddinçilərin yaradıcılığında Azərbaycanda, bütövlükdə Şərq aləmində geriliyin, savadsızlığın cəhalətin artmasının əsl səbəblərindən biri də fanatizmə, dini ehkamlara və onu təbliğ edən din mübəlliğlərinin fırıldaqlarına,  fitvalarına uymağımız göstərilir. Bu baxımdan, C.Məmmədquluzadənin 1906-cı il dekabr ayının 6-da Tiflisdə gimnaziya nəzdində məscidin açılmasına həsr etdiyi "Gimnaziyada təzə məscid" felyetonu olduqca səciyyəvidir. Burada tənqid hədəfi seçilən yalançı din xadimlərinin, əslində, dövrün hakim dairələrinə xidmət edərək xalqın mənafeyinə zidd çıxmaları, eyni zamanda, islam dininə və ana dilimizə etinasız yanaşmaları da güclü sarkazm yaradır. Felyetonda deyilir: "Mən ancaq bunu soruşdum ki, ay ağalar, bir məni başa salın görüm, bu məsciddə uşaqlar namazı rus dilində qılacaqlar, ya müsəlman dilində? Mənim bu sözlərimin cavabında ağalardan bir neçəsi bir-birinin üzünə baxdılar və mənə bir cavab vermədilər" (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, "Öndər nəşriyyatı", 2004. 584 s.; 112).

Felyetonda ikrah doğuran məqamlardan biri də mollanın məscidin divarından asılmış şəkli padşahın əksi bilib onun qarşısında səcdə qılması, dua etməsi səhnəsidir. Rus yazıçısı Turgenevin şəklini padşahın şəkli hesab edən molla orada olan rus qulluqçularının və digərlərinin təəccüb və kinayə dolu gülüşü ilə qarşılaşır. Felyetonda həm yalançı din mübəlliğinin padşaha yaltaqlanması, həm də onun savadsızlığı, cahilliyi acı təəssüf hissi doğurur və boyaları daha da tündləşdirərək ifşa üslubunu kəskinləşdirir.

C.Məmmədquluzadənin bir çox felyetonlarında qadın azadlığı problemi elm, maarif, təhsil və mədəniyyət məsələləri ilə vəhdətdə qələmə alınır. Çünki keçən əsrin ən böyük bəlası kimi dini-şəriət ehkamlarının qadınları elmdən, təhsildən yayındırmaları, onlara qarşı mühafizəkar münasibət cəmiyyətdə hökm sürən özbaşınalıqla, xaosla bağlı idi. Böyük ədibimizin "Molla Nəsrəddin"in səhifələrində bu ciddi problemlərin, maneələrin aradan qaldırılmasına həsr etdiyi "Məryəm xanım", "Erməni və müsəlman övrətləri", "Qafqaz şeyxülislamına iki dənə açıq məktub", "Xanımlar" felyetonlarında qadın əsarətinə qarşı barışmazlıq, köləliyə, mühafizəkarlıla üsyan motivləri əsas yer tutur. Bununla yanaşı, qadının tamhüquqlu vətəndaş kimi cəmiyyətdə fəal mövqe tutması, onun elmli, təhsilli ana, gələcəyin təminatçısı kimi ülvi bir varlıq olması fikri təlqin olunur.

Yazıçı "Erməni və müsəlman övrətləri" adlı felyetonunda qadınların azadlığını, mənəvi təkamülünü onların savadlı, təhsilli olmalarında və öz hüquqlarını, kimliklərini anlamaqda, dərk etməkdə görərək yazır: "Bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır. Elə ki, qızlarımız elmli və tərbiyəli olub, öz qədirlərini bildilər, onda özləri bilərlər ki, necə rəftar eləsinlər..." (Cəlil Məmmədquluzadə. Əsərləri. 6 cilddə, 3-cü cild. Bakı, Azərnəşr, 1984. 292 s.; 146-147).

Böyük ədibimiz cəmiyyətimizdə əsrlərlə yığılıb qalmış problemlərin, ictimai ziddiyyətlərin həlli yolunu göstərən "Mikroblar" felyetonunda dövrün ziyalılarını, yazıçılarını xəstənin nəbzini yoxlayıb, dərdini, xəstəliyini bilib, ona əlac etməyən, şəfa verməyən həkimlərlə müqayisə edərək yazır: "Bizim bəzi boşboğaz yazıçılarımız oxşayırlar həmin təbiblərə ki, azarlının nəbzinə baxandan sonra "xudahafiz" deyib, börklərini axtarırlar...

"Nicat, nicat" deməklə nicat yolu öz-özünə tapılmaz! "Məktəb, məktəb" deməklə məktəb öz-özünə açılmaz və açılsa da, "Cameyi-Abbas" kitabından savayı orada bir özgə dərs verilməz" (Molla Nəsrəddin. "Mikroblar" felyetonu. "Molla Nəsrəddin". 1908. № 9.; 2).

Yazıçı göstərir ki, xəstə yaralarını görüb seyr etmək yox, onun sağalması üçün yaralarına məlhəm, dərdlərinə əlac etməlisən. Bunun da çarəsi elm, maarif və mədəniyyətin tərəqqisi və təkamülündədir. Realist-satirik ədibimiz C.Məmmədquluzadə bu arzuların gerçəkləşməsi yollarını göstərərək yazır: "Özümüzü boş-boşuna mədh və təhsin ilə yox - məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur" (Molla Nəsrəddin. "Mikroblar" felyetonu. "Molla Nəsrəddin". 1908. № 9.; 2-3).


C.Məmmədquluzadə felyetonlarının əksəriyyətində xalqımızın savadsızlığının əsas səbəblərini onların günlərinin çoxunu yatmaqda, eyş-işrətdə keçirməkdə görürdü. Yazıçı öz oxucusunu fəal mübarizəyə səsləyərək bildirir ki, elmi, təhsili olmayan xalq xarici düşməninə qarşı da mübarizə apara bilməz. Mübarizə vasitələrindən biri kimi C.Məmmədquluzadə öz düşməninin dilini öyrənməyin zəruriliyini göstərirdi. Ədib bildirirdi ki, belə ciddi məsələlərdə incə məqamları tutmaq, hadisələrə çox ehtiyatla yanaşmaq mühüm şərtlərdəndir. Ola bilsin ki, sənin müstəbidin gözdən pərdə asmaq üçün radikal addımlar atar,bir çox elm, mədəniyyət ocaqları, mərkəzləri yaratmaqla siyasi gediş edərək xalqının etibarını qazanmağa, özünü əsl dost kimi göstərməyə çalışar. Gərək ayıq olub xalqının milli-mənəvi dəyərlərinin başqa millətlərin içərisində əriyib məhv olmasına imkan yaratmayasan.

(Ardı var)

Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





16.08.2016    çap et  çap et