525.Az

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri


 

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Əvvəldə qeyd etdiyimiz bu çox mühüm problemlər "Əlifba" felyetonunda öz əksini tapmışdı.

Orada deyilir: "... Balaca oğlumuz dörd yaşına çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə tapsın. Buna sözümüz yoxdur... Bəli, bu dörd yaşında oğlumuz, gərək on ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfununda da ki duanın bərəkətindən müsəlman-zad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı aldı və inşallah bunların dörd yaşında uşaqları oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin.

Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili?

Qardaş, zarafat deyil ki, dilimizdən iyrənirik, vəssalam!" (Molla Nəsrəddin. "Əlifba" felyetonu. "Molla Nəsrəddin". 1913. № 1.; 3-6).

Yazıçının felyetonda xüsusi nəzərə çatdırmaq istədiyi ana dili problemi və onun qeyri dillər, xüsusilə də rus dili içərisində əriyib yox olması təhlükəsi ciddi narahatlıq doğurur. Öz övladlarını doğma ana dilinə yadlaşdıran, onları mənsub olduğu xalqın, elin, nəslin soy-kökündən ayıran məhdud dünyagörüşlü valideynlər satira atəşinə tutularaq kəskin ittiham olunurlar.

Elm, təhsil, maarif və mədəniyyət məsələləri "Molla Nəsrəddin"in aparıcı xətti kimi həm inqilabdan əvvəl, həm də Sovet hakimiyyəti qurulduqdan sonra ardıcıl olaraq davam etdirilmişdi. Əsrin ilk onilliyində daha çox yeni tipli məktəblərin olmaması, kütləvi savadsızlıq, mollaxanaların yarıtmaz fəaliyyəti, şagirdlərə dünyəvi elmlərin öyrədilməməsi kimi real faktlar, acınacaqlı səhnələr satirik şəkildə tənqid hədəfinə çevrilirdi. Keçən əsrin 20-ci illərindən sonra isə yeni-yeni fəaliyyətə başlayan üsuli-cədid, qızlar məktəbi və gimnaziyalarda hökm sürən özbaşınalıq, dərslərin keyfiyyətcə aşağı səviyyədə olması, müəllim kadrlarının çatışmazlığı, valideynlərin uşaqlarını təhsildən yayındırmaları, məktəblərdə lazımi şəraitin və avadanlıqların olmaması kimi önəmli məsələlər həm satirik poeziyanın, həm də satirik publisistikanın ana xəttini təşkil edirdi. Bir çox yazılarda isə müəllim əməyinə düzgün dəyər verilməməsinin, onların maddi və mənəvi sıxıntılar içərisində əzilməsinin şahidi oluruq. Bu baxımdan C.Məmmədquluzadənin 1926-cı ildə yazdığı "Ölüm axtaran" adlı felyetonu diqqəti cəlb edir. Felyetonda ömrünü xalqın maariflənməsi yolunda şam kimi əridən müəllimin bürokratik əngəllərlə üzləşməsi və ona qarşı qeyri-insani münasibətlər ifşa edilir. Yetim körpəsini uşaq evinə yerləşdirmək istəyən müəllim bir çox təşkilatların süründürməçiliyinin qurbanına çevrilir. Çox təəssüf ki, heç bir təşkilat onun istəyini reallaşdırmaq istəmir. Hər dəfə müraciət edəndə biri deyir: "Get, mayın1-də gəl", "Get iyunun 1-də gəl", nəhayət, əlacı kəsilən müəllim sonda Bakı maarif şöbəsinə üz tutduqda ona bildirirlər ki, "çocuğun çox kiçikdir, apar saxla, beş yaşı olanda gətir; bizim qanunumuz belədir". Buradan da rədd cavabı alan, son ümidini bağladığı təşkilatdan da "biz ancaq yetim, yəni ata və anası olmayanları qəbul edirik" sözlərini eşidən müəllimin qəzəbi, nifrəti son həddə çatır.  Felyetonun finalında atanın "Aya, mən ölsəm, söz verirsinizmi ki, uşağımı qəbul edəsiniz" - deyə qopardığı fəryadı acı və kinayəli gülüşə bürünərək oxucunu dərindən-dərinə düşünməyə sövq edir.

Yazıçının "Gözəl yerlər" felyetonu ilk baxışdan estetik zövq aşılayır. Lakin zəngin faktlara istinad edən müəllif fikri ilə tanışlıqdan sonra bu adın arxasında gizli bir istehzanın dayandığını dərhal hiss edirsən. Məlum olur ki, Mirzə Cəlil Bakının Zibər, Üpo və b. kəndlərini ona görə gözəl yerlər adlandırır ki, orada bir dənə də olsa, məktəb yoxdur. Həmin kəndlərdə kütləvi savadsızlıq hökm sürür. Elə bu səbəbdən də mollaların, seyidlərin nəzərində "gözəl yerlər" hesab edilir. Yazıçı felyetonda maarif və mədəniyyətin inkişafına mane olan yalançı, ikiüzlü din xadimlərini satira atəşinə tutmaqla yanaşı, həm də bir çox cavabdeh təşkilatları onlara qarşı ciddi və kəskin mübarizə aparmadığına görə etinasızlıqda ittiham edir.

C.Məmmədquluzadənin ideyaca "Gözəl yerlər" felyetonu ilə yaxından səsləşən "İnna lillahi və inna ileyhi raciun" felyetonunda da elmlə, təhsillə dini xurafat qarşılaşdırılır. Özlərini "inintelligent" adlandıran tarix, coğrafiya, təbiyyat fənlərini tədris edən müəllimlərin Təzəpir məscidinin həyətində fırıldaqçı mollalarla bir araya gəlməsi, həmfikir olması ifşa obyektinə çevrilir. Eyni zamanda, felyetonda təlim-tərbiyə işində mövcud olan nöqsanlar da qabarıq şəkildə əksini tapır.

"Şura" felyetonunda isə yazıçı yenə də aktual bir mövzuya müraciət edir. O göstərir ki, 20-ci illərdə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də çalışanların əksəriyyətini savadsız insanlar təşkil edirdi. Buna görə də taleyüklü məsələlərlə bağlı ciddi qərarlar savadsız adamların iştirakı ilə qəbul edilirdi. "Şura vəkilləri"nin "aya, bəs biz orada danışılan sözləri niyə anlamadıq" deməsi onları gülünc situasiya ilə üz-üzə qoyur.

C.Məmmədquluzadə yaradıcılığının əsas leytmotivini, mövzu və ideya istiqamətini müəyyənləşdirən tənqidçi Nadir Vəlixanov yazır: "C.Məmmədquluzadə savadsızlığın tezliklə aradan qaldırılması üçün daha çox məktəb, klub, teatr, kitabxana təşkil etməyi, burada işləmək üçün yeni fikirli müəllim, mədəniyyət işçiləri hazırlamağı təxirəsalınmaz vəzifə kimi irəli sürürdü. Müəllif bir sıra satirik-yumoristik felyetonlarında bu məsələyə laqeyd olan təşkilatları tənqid edir, maarif və mədəniyyət sahəsindəki nöqsanlarımıza açıq gözlə baxmağa, onları vaxtında ləğv etməyə çağırırdı" (Nadir Vəlixanov. Cəlil Məmmədquluzadə. Həyat və yaradıcılığı. Bakı, Elm nəşriyyatı, 1976. 316 s.; 201-202).

Gənc nəslin təlim-tərbiyəsi digər mollanəsrəddinçilər kimi daim Cəlil Məmmədquluzadənin də ciddi önəm verdiyi problemlərdən biri idi. Yazıçı uşaqların təhsildən yayınmasını xalqımızın gələcəkdə böyük fəlakətlə üzləşməsi kimi mənalandırır və belə halların yolverilməz olduğunu dönə-dönə vurğulayırdı. Onun "Uşaqlarımız", "Uşaq teatrı", "Məktəblər" felyetonlarında uşaqların təhsil alması, məktəblərə cəlb olunması ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli, məqsədyönlü təşkili məsələləri ön plana çəkilirdi. Yazıçı valideynlərə və müəllimlərə üz tutaraq şagirdlərin boş vaxtlarda faydasız, boş və gərəksiz işlərlə günlərini keçirmələrinə qarşı çıxır və geriliyin, cəhalətin aradan qaldırılmasının səmərəli yollarını satirik bir dillə göstərirdi.

Mollanəsrəddinçilər bilirdilər ki, nəsillər arasındakı bağlılığın ən yaxşı təminatçısı elm və təhsilin yüksək səviyyəyə qaldırılmasıdır. Keçən əsrin əvvəllərində çarizmin yeritdiyi siyasət nəticəsində uşaqların əksəriyyəti maddi sıxıntılar səbəbindən təhsil almaq hüququndan məhrum olunur və yaxud da məktəblər qəsdən qapadılırdı. Bu da uşaqları mənəvi şikəst edir, uçuruma yuvarladırdı.

Mirzə Cəlil felyetonlarının xarakterik xüsusiyyətlərindən biri də satirik priyomdur. Məsələn,  "Kərbəlayı" felyetonundan bir parçaya diqqət yetirək: "Doğrudur, uşaqlarımız küçələrdə gəzib məktəbə getmirlər. Qafqaz maarif nəzarətinin axırıncı statistika hesabından belə məlum olur ki, Qafqaz müsəlmanlarının beş yüz nəfər uşaqlarından bir nəfəri ancaq dərs oxuyur, qalan dörd yüz doxsan doqquz uşaq küçələrdə oynayır" (Molla Nəsrəddin."Kərbəlayı" felyetonu. "Molla Nəsrəddin". 1909. № 37.; 4-5).

Əslində, yazıçının əsas tənqid hədəfi inqilabi mübarizələrə, çarpışmalara qarşı çıxan, elmi, təhsili, məktəbi, maarifi arxa plana keçirən çar hökuməti və onun tabeçiliyində olan nazirlərdir. Felyetonda hakim dairələrin adı birbaşa deyilməsə də, yazıçı sətiraltı mənada bütün nöqsanların mövcudluğunda məhz həmin obyektlərin günahkar olması faktını aşkara çıxarır.

(Ardı var)

Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





17.08.2016    çap et  çap et