525.Az

"İşğalçılıq siyasəti Ermənistanı izolyasiya şəraitinə salıb"


 

"İşğalçılıq siyasəti Ermənistanı izolyasiya şəraitinə salıb"<b style="color:red"></b>

"Ermənistan bu gün özünün çox ağır bir vəziyyətini yaşayır, prezident Sarkisyan isə vəziyyətdən çıxış yolunu ancaq Dağlıq Qarabağ mövzusunu tez-tez gündəmə gətirməklə, milli təəssübkeşlik hissində oynamaqla görür".

Bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Ermənistanda cərəyan edən son hadisələri şərh edərkən bildirib.

Millət vəkili hesab edir ki, bu gün Ermənistanda cərəyan edən hadisələrin kökü daha əvvələ gedib çıxır. Bu hadisələr Ermənistanın birinci prezidenti Levon Ter- Petrosyanın dövründən dövlətçilik siyasətinin düzgün aparılmaması ilə bağlıdır.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə qarşı ərazi iddiası Ermənistanı izolyasiya şəraitinə salıb:

"Bu gün Ermənistanın iqtisadiyyatını inkişaf etdirən bir faktor yoxdur,  xaricdən investisiya qoymaq istəyən də tapılmır. Bu ona gətirib çıxarır ki, Dağlıq Qarabağ problemi onun boynundan ağır bir yük kimi asılıb. Buna görə də  hərbi büdcəsini daim yüksək səviyyədə saxlamağa məcburdur,  əhalinin sosial problemləri isə günbəgün artır. Bu baxımdan da vaxtaşırı Ermənistanda durum sosial partlayış vəziyyətinə qədər gəlib çatır".

Millət vəkili hesab edir ki, iyul ayında bir polis məntəqəsini tutan terrorçulara qarşı prezident Serj Sarkisyanın güc tətbiq etməməsi ilk növbədə onun sosial partlayışdan qorxması ilə bağlıdır:

"Ancaq real vəziyyət situasiyanın həllini tələb edir. Ermənistanın Azərbaycanla hərbi yarışmada uduzduğu və ikinci dəfə aprel hadisələri təkrarlanarsa, artıq işğal edilmiş torpaqları tamamilə itirəcəyi aydındır. Eyni zamanda ölkənin sosial iqtisadi vəziyyətinin ağırlığı istənilən an insanların ayağa qalxaraq indiki rejimi devirəcəyi variantına gətirib çıxarır".

A.Mirzəzadənin fikrincə, Sarkisyanın Moskvaya səfəri əslində ordan növbəti yardımlar istəməsi ilə bağlıdır:

"Ermənistan bu gün regionda hər hansı bir məsələni həll etmək iqtidarında deyil, işğal edilmiş torpaqları nəzarətində saxlamaqla vəziyyətini daha da ağırlaşdırır. Onun vəziyyəti uzatması isə həm cəmiyyətdə gərginliyin artmasına, eyni zamanda Sarkisyan komandasının tezliklə hakimiyyətdən getməsini sürətləndirir. Aydın məsələdir ki, gələn il keçiriləcək parlament seçkilərində Sarkisyanın komandasının qələbə çalmaq şansları həddindən artıq azdır. Amma iş burasındadır ki, Ermənistanda bu gün səmərəli bir alternativ də ortada yoxdur. Ermənistan cəmiyyəti yüz illərdir qatı millətçilik ab-havası ilə formalaşıb. Hətta Sarkisyanın yerinə gələcək yeni komandanın Ermənistanın problemlərini sivil şəkildə, müasir bir düşüncə ilə həll etmək iqtidarında olacağı inandırıcı görünmür".

PƏRVANƏ

 





17.08.2016    çap et  çap et