525.Az

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri


 

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Cəlil Məmmədquluzadə "Müəllimlər" felyetonunda müxtəsər bir girişlə payız fəslinin gəlməsini və dərslərin başlanmasını nəzərə çatdırır.

Yazıçı çox böyük uzaqgörənliklə əsl mətləbə keçməzdən əvvəl belə bir məlumat verir: "Hər kəs yüz ildən sonra Qafqaz müsəlmanlarının məktəb işlərindən xəbərdar olmaq istəsə, onlar üçün bu, bir neçə sətri yazmaq olar" (Molla Nəsrəddin. "Müəllimlər" felyetonu. "Molla Nəsrəddin". 1908. № 36.; 2).

Bu kiçik müqəddimədən sonra əsl mətləbə keçən yazıçı felyetonda müsəlman məktəblərindəki yarıtmaz vəziyyəti qələmə alır: "İndi Qafqazda heç müsəlman məktəbi yoxdur ki, orada müəllimlərin içində bir nəfər, ya iki nəfər sarıqlı müəllim olmasın. O ki qaldı hökumət məktəbləri, - əgər orada oxuyan uşaqların bir qədəri müsəlmanlar olsa, burada bir nəfər sarıqlı müəllim əlbəttə tapılar.

Bu dediyimiz sarıqlı müəllimlərin bəzisi prixod mollalarıdır, amma çoxu qazılardan və məclis üzvlərindəndirlər:  yəni bunların hamısı idareyi-rühaniyyənin məvacib alan qulluqçularıdır... bunların hər biri bir məktəbdə və bəlkə iki-üç məktəbdə məllim hesab olunurlar" (Molla Nəsrəddin. "Müəllimlər" felyetonu. "Molla Nəsrəddin". 1908. № 36.; 2).

Təsvirdən də aydın olur ki, uşaqlara dərs deyən müəllimlərin əksəriyyəti elmdən xəbərsizdirlər. Çünki onlar sarıqlı "prixod mollaları" olduqları üçün yeni təlim metodlarından, dərslik kitablarından baş çıxarmırlar. Hələ bu azmış kimi olmayan savadları ilə bir deyil, bir neçə yerdə işləmələri, keyfiyyətsiz təlim vermələri sonda onların vaxt məhdudluğuna görə dərsləri boş keçirmələri ilə nəticələnir. Felyetonda deyilir: "Bakıda Molla Ruhulla əfəndi həmişə məsciddə və minbərdə ola-ola iki şəhər məktəbində və bir də "Səadət"də, ya qeyri bir məktəbdə müəllim hesab olunur. Amma şəhər məktəblərinin birində, məsələn, ildə yetmiş beş dərsin qırx beşini ötürür və ancaq otuz dərsə gedə bilir. Dəxi yazıq nə eləsin, parçalana bilməz ki?" (Molla Nəsrəddin. "Müəllimlər" felyetonu. "Molla Nəsrəddin". 1908. № 36.; 2)

Felyetonda maarif sistemindəki qanun pozuntusu, pərakəndəlik, özbaşınalıq, biganəlik elmə, təhsilə yanlış, səthi münasibət ciddi şəkildə və bütün xırda detallarına qədər açıqlanaraq ifşa olunur. Hətta bir neçə yerdə işləsələr də, müəllimlərin sosial vəziyyətlərinin acınacaqlı olması, az məvacib almaları faktı da diqqətdə saxlanılır: "Demək olmaz ki, bu sarıqlı müəllimlərimiz müəllimlikdən çox məvacib alırlar; məsələn, Danabaş kəndində Molla Tarqulu müəllimlikdən ayda on dörd şahı iki qəpik alır" (Molla Nəsrəddin. "Müəllimlər" felyetonu. "Molla Nəsrəddin". 1908. № 36.; 3).

Müəllif həm də belə müəllimləri dərs buraxmaqda, intizamsızlıqda və məsuliyyətsizlikdə günahlandıraraq onları satirik tipə çevirir. Yazıçı bəzən satirik məqamı və satirik obrazı diqqət mərkəzində saxlamaq və hadisəni yaddaqalan etmək məqsədilə toponomik adlardan sənətkarlıqla, yaradıcılıqla istifadə edir. Belə adların bir çoxu coğrafi məkan kimi mövcud olmasa da, yazıçı şərti olaraq satirik gülüş hədəfinə çevrilən toponomik adlar vasitəsilə obrazın daxili aləmini, düşüncə tərzini tanıtmağa müvəffəq olur. Belə adlar konkretlikdən uzaq, müəllif təxəyyülünün məhsulu kimi ortaya çıxır və kinayəli üslubu , satirik gülüşü dərinləşdirir. Eyni situasiya məhz "Müəllimlər" felyetonu üçün də səciyyəvidir. Yazıçı mətndə Tarqulunun şagirdlərə lazımi savad vermədiyini göstərməklə yanaşı, həm də onun "Danabaş" kəndinin sakini olduğunu oxucuya anlatmaqla güclü sarkazm yaradır. Kəndin adının gülüş doğurması, ironik ifadə tərzi artıq hədəfə çevrilmiş tip haqqında bədii zəmin hazırlayır, dəqiq və sərrast düşünməyə imkan yaradır.

Mollanəsrəddinçilərin satirik tiplərinin dilində alınma sözlərdən geniş istifadə edilir. Üslubi fərdiləşdirməni nəzərə çatdırmaq üçün təhkiyəçinin nitqində rus dilinə məxsus sözlərdən istifadə yolu ilə mürtəce insanları, özünü "intelligent" hesab edən yalançı aristokratların qeyri millətlərin dilinə aludəçiliyi diqqət mərkəzində saxlanılır. Dilimizin leksikasını əcnəbi sözlərlə korlayan, öz nitqlərində rus sözləri işlətməklə guya elmli, təhsilli ziyalı fonu yaratmağa çalışan belə tiplər tənqid hədəfi kimi seçilirlər. "Molla Nəsrəddin" jurnalının səhifələrində yer alan nəsr parçasından bir nümunəyə diqqət yetirək: "Dəmdəməki aradan çıxan kimi Bakının russko-tatarski uşqolasının posledni iclasının uçenikləri gəldilər meydana və öz müəllimlərindən o qədər iftira düzəltdilər ki, mən indi də xəcalət çəkirəm... Əvvələn, kiçik hara, böyükdən şikayət etmək hara? Sizə nə borcdur ki, uştellər çetıre çasaya kimi ispat eləmirlər? Onlar oxumuş adamlardırlar, intelligentdirlər. Obrazovannı adamın gecə saat dörddən irəli yatmağı harada görsənib? Bəli, əgər həqiqətdə bizim oxumuşlarımız  gecələr klublarda ləhvü ləəblə vaxtlarını keçirib, saat dördə kimi şişmiş gözlərini ova-ova uşkolun qapılarını atvarit edələr, o vaxt giley etməyə bəlkə bir az haqqımız ola" (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, "Öndər nəşriyyatı", 2004. 584 s.; 28). Mətndə ilk növbədə nəzərə çarpan müəllif təhkiyəsində işlənən xeyli sayda rus sözləridir. Əlbəttə ki, felyetonda alınma sözlər təsadüfən işlədilməmişdir. Yazıçı burada həm doğma ana dilinə ögey münasibət bəsləyən, özünü "intelligent" adlandıran yalançı, biganə insanları tənqid atəşinə tutur, həm də ziyalı adına ləkə olan bəzi müəllimlərin yüngül həyat tərzini və müəllim-şagird münasibətlərinin hansı həddə çatmasını göstərməklə hələ də mövcud quruluşda belə xoşagəlməz halların hökm sürdüyünü təəssüf hissi ilə oxuculara çatdırır.

Mollanəsrəddinçilərin bədii dilində vasitəli və vasitəsiz nitq konstruksiyalarının işlənmə dairəsi genişdir. Onların bu ədəbi priyoma müraciət etməsinin əsas məqsədi, təbii ki, satirik-komik situasiya yaratmaqdır. Bu konstruksiyaların əhatə dairəsi genişləndikcə komizm, satirik gülüş daha da kəskinləşərək birbaşa hədəfi nişan alır. Xüsusilə də, vasitəsiz nitqdən yerli-yerində istifadə etmək onlara oxucuda sözügedən məsələyə inamı artırmaq və konkretliyə, yığcamlığa nail olmaq imkanı verir, eyni zamanda, təsvirçilikdən uzaqlaşmaqla dinamikanı yüksəltmək mümkün olur. Bu maraqlı situasiya ilə C.Məmmədquluzadənin "Xeyirxahlıq" felyetonunda qarşılaşırıq: "Hələ bir başa düşmürük ki, "Rəhbər" nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: "Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində gec-tez məhv olasıdır; yəni türküsü: bir millətin ki məktəbi və kitabı olmasa, o millət puça çıxar" (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, "Öndər nəşriyyatı", 2004. 584 s.; 85).

Yazıçı vasitəsiz nitqdən istifadə etməklə, başqasının nitqini olduğu kimi səsləndirməklə  mövcud cəmiyyətdə elmin, təhsilin geriliyindən ciddi narahatlığını əks etdirir. Həm də yazıçı situasiya ilə vasitəsiz nitq arasındakı tarazlığı, müvazinəti qoruyub saxlamağa müvəffəq olur.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı, maarifi yeniliklər astanasında idi. Şübhəsiz, "Molla Nəsrəddin" və mollanəsrəddinçilər bu yenilikçiliyin dayaqları idilər və ədəbiyyat, mətbuat vasitəsilə xalqı işığa səsləyirdilər. Mollanəsrəddinçilər təhsil, elm, maarif məsələlərini yorulmadan gündəmə gətirməklə cəhalət məngənəsində çırpınan bir xalqın xilası üçün böyük xidmətlər göstərdilər.

Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





18.08.2016    çap et  çap et