525.Az

Sarkisyan münaqişənin həllini yubatmaq üçün hiyləyə əl atıb


 

"DAĞLIQ QARABAĞ PROBLEMİNƏ YANAŞMADA RUSİYA İLƏ AZƏRBAYCANIN, QƏRBLƏ ERMƏNİSTANIN MARAQLARI ÜST-ÜSTƏ DÜŞÜR"

Sarkisyan münaqişənin həllini yubatmaq üçün hiyləyə əl atıb<b style="color:red"></b>

İrəvanın Erebuni rayonunda polisin patrul-mühafizə alayının binasını zəbt edən "Sasna Srer" təşkilatının silahlı üzvlərinin təslim olmasından sonra gözlənildiyi kimi yaranan nisbi sakitlik yenidən etiraz dalğası ilə əvəz olunub.

Siyasi hakimiyyətdən narazı olan Ermənistan əhalisinin terror şəbəkələrinin hökumətə qarşı təşkil etdiyi silahlı üsyanları belə dəstəkləməsi bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Artıq hökumət əleyhinə aksiyaları kimin və hansı üsullarla həyata keçirməsinin erməni əhalisi üçün o qədər də önəmi qalmayıb. Çünki Ermənistan vətəndaşları cinayətkar Sarkisyan rejimini istənilən terrorçudan daha təhlükəli, daha qorxulu hesab edirlər. Deyilənlərin sübutu olaraq, iyulun 31-də təslim olan silahlı qruplaşma üzvlərinin qeyri-insani rəftara məruz qalmaları, ailə üzvlərinə qarşı təzyiqlər edilməsilə bağlı yayılan məlumatları da nümunə gətirmək olar.

İndi isə sakitləşmək bilməyən narazı Ermənistan vətəndaşları hakimiyyətə qarşı yeni etiraz aksiyalarına qoşulublar. Avqustun 14-də İrəvanın Azadlıq meydanında müxalifətin təşkil etdiyi mitinqdə "Təsis parlamenti"nin üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan çıxış edərək bildirib ki, onlar xalqın etimadına əsaslanan yeni hökumət qurmaq qərarındadırlar: "Bizi Serj və ya başqaları maraqlandırmır, onların adlarını da çəkmək lazım deyil. Biz onları görməzdən gəlirik, yeni hökumət qururuq ki, bu, tiraniyadan fərqli olaraq, xalqın etimadına əsaslanacaq".

Təbii ki, Ermənistanda baş verən siyasi gərginlik Azərbaycanda da diqqətlə izlənilir. Ayrı-ayrı vaxtlarda dövlətimizin bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların sürətləndiyi, real nəticə əldə olunması istiqamətində prosesin intensiv xarakter aldığı ərəfələrdə işğalçı ölkədə baş verən qarşıdurmalar, siyasi fəalların, parlamentarilərin qətlə yetirilməsi, həbs olunması kimi hadisələr sistematik hal alır. Buna görə də, Azərbaycan ordusunun düşmənə hazırkı gücünü göstərdiyi aprel döyüşlərindən sonra danışıqların yenidən bərpa olunması, Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərinin təşkil edilməsi, xarici dövlətlərin rəsmi nümayəndələrinin regiona ard-arda səfərlər həyata keçirməsi fonunda, ölkə başçılarının növbəti görüşünə hazırlıqların getdiyi ərəfədə yenidən işğalçı ölkədə gərginliyin yaranması əksər ekspertlərdə eyni fikirlər yaradır: Ermənistanda hakimiyyət Dağlıq Qarabağ danışıqlarından uzaqlaşmaq, münaqişənin həllini yubatmaq üçün növbəti hiyləyə əl atıb. Bu fikrə əsaslansaq budəfəki insidentdə müəyyən qədər gözləntilərin əksinə hadisələrin cərəyan etməsi - terrorçu olduğu şübhə doğurmayan Jirayr Səfilyanın silahlı dəstə üzvlərinə əksər Ermənistan vətəndaşlarının dəstək olması, fasiləsiz etiraz aksiyaları təşkil etmələri hakimiyyətin planlarına heç cür uyğun gələ bilməzdi.

Ona görə də ssenaridə müəyyən qədər dəyişikliklər etmək - iki həftə davam edən "qiyam"ı yatırtmaq zərurəti ortaya çıxmışdı.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, son günlər Serj Sarkisyana qarşı baş qaldıran narazılıq dalğasını bizdə daha çox Ermənistanda yaranmış acınacaqlı vəziyyətlə əlaqələndirirlər: "Halbuki, bütün bu narazılıqları bir tərəfdən Sarkisyanın özü, digər tərəfdən isə qərbdəki bəlli çevrələr təşkil edir.

Paradoksal görünsə də, Sarkisyan özünə qarşı yönələn belə bir vəziyyətin yaranmasında ona görə maraqlıdır ki, bununla Dağlıq Qarabağ probleminin həlliylə bağlı təzyiqlərin yaxşı heç nəyə aparıb çıxarmayacağı, Ermənistanda çevriliş olacağı və hakimiyyətə daha sərt xətt tərəfdarlarının gələcəyi ortaya çıxır. Qərbdəki bəlli çevrələr bu narazılıq dalğasını ona görə təşkil edirlər ki, onlar problemi Rusiyanın çözməsini və həm də özü istədiyi kimi çözməsini istəmirlər. Bunu açıq şəkildə demir, üzdə hətta Moskvanın bu yöndə atdığı addımları dəstəklədiklərini bildirirlər. Altda isə erməni dövlətindən qat-qat güclü olan erməni diasporunu ayağa qaldırırlar".

S.Alıyev deyib ki, Los-Ancelesdəki ermənilər sonuncu aksiyalarında Sarkisyandan indiyədək göndərdikləri pulların geri qaytarmasını və istefasını tələb edirlər: "Göndərdikləri pulların əksəriyyətini oradakı cinayətkar rejimin mənimsədiyini guya onlar indi biliblər? Əlbəttə yox. Elə isə son bir neçə ayadək hər gedişində az qala ayağının altında qurban kəsdikləri Sarkisyan birdən-birə onların gözündən niyə düşüb? Bir daha vurğulayıram bütün bunlar Dağlıq Qarabağ probleminin həlli və Rusiyanın bu məsələdə oynamaq istədiyi rolla bağlıdır. Rusiyaya gəldikdə orada problemin tam həlli istənilirmi, bu, Moskvanın marağındadırmı? Xeyr. Ancaq dəyişən geosiyasi reallıqlar, özəlliklə də aprel döyüşlərindən sonra yaranmış durum Rusiyaya Qarabağ probleminin tam da olmasa, müəyyən bir mərhələyədək həllini, yəni bir neçə rayonumuzun geri qaytarılmasını diqtə edir. Ən azından normal məntiqə görə, Moskva məhz bu cür davranmalıdır, bu cür davranış onun işinə daha çox yarayır. Əks təqdirdə Azərbaycanın apreldə olduğu kimi torpaqlarını özü qaytarmağa qalxacağı və bunun da Rusiyanın yan qaça bilməyəcəyi, onun özünə də yaxşı heç nə vəd etməyən savaşa aparıb çıxaracağı göz qabağındadır.

Bəzən deyirlər ki, bizim regionda savaş Qərbin maraqlarına cavab vermir. Çünki belədə Xəzərin neft və qazının daşındığı kəmərlər təhlükə altında qalırlar. Əgər Qərb deyəndə söhbət təkcə Avropadan gedirsə, doğru yanaşmadır. Yox, Amerika da nəzərdə tutulursa, zənnimcə, yanlışlıq var".

Deputatın sözlərinə görə, unutmayaq ki, indi Birləşmiş Ştatlar artıq özü nəhəng neft və qaz ixracatçısına çevrilməkdədir: "Əgər burada regionun böyük dövlətlərinin də yan qaça bilməyəcəyi savaş baş qaldırarsa, onda Vaşinqton bundan ancaq uda bilər: "Çünki bir tərəfdən Yaxın Şərqdəki kimi regionun bütün dövlətlərini, o sıradan Rusiya, Türkiyə və İranı da zəif salacaq yeni xaos bölgəsi yaranır. Digər tərəfdən, Avropanın Amerikadan asılılığı (bura artıq yanacaq asılılığı da əlavə olunur) daha da artır. Təbii ki, belə bir savaş neft və qazın qiymətinin qalxmasına da təsir edəcək. Ancaq qiymətin artacağı təqdirdə bundan ən çox qazanan başları xaosa qarışmış Rusiya və İran kimi nəhəng karbohidrogen yataqlarına sahib ölkələr deyil, şist neftinin geniş həcmdə çıxarılmağa başlandığı Amerika olacaq".

S.Alıyevin fikrincə, indi elə bir vəziyyət yaranıb ki, Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya ilə Azərbaycanın, Qərblə isə Ermənistanın maraqları üst-üstə düşür: "Yəni, Rusiya savaşdan qaçılması üçün problemin çözümündə müəyyən irəliləyişlərin olmasını istəyir ki, bu bizə də lazımdır. Ona görə lazımdır ki, bir neçə rayonumuz böyük xərclərə gedilmədən (istənilən savaş xərc tələb edir), ən əsası isə şəhid verilmədən geri qaytarılır. Və bu heç də o demək deyil ki, biz qalan torpaqlarımızdan vaz keçirik. Xeyr, əksinə bu o deməkdir ki, digər torpaqlarımızın da geri qaytarılmasının yolu açılır. Ona görə Azərbaycanla Rusiyanın maraqlarının hazırda tam da olmasa üst-üstə düşdüyünü deyirik. Qərbin marağı isə diqtə edir ki, ya status-kvo qorunub saxlansın ( belə bir vəziyyət hər iki tərəfə, özəlliklə də güclənməsini istəmədikləri Azərbaycana təzyiq üçün əlverişlidir), ya məsələ Ermənistanın xeyrinə həll edilsin və bundan sonra onu öz forpostlarına çevirməyin yolu açılsın, ya da regionda Türkiyə ilə Rusiyanın da kəllə-kəlləyə gələ biləcəyi savaş baş qaldırsın".

Ceyhun ABASOV

 





18.08.2016    çap et  çap et