525.Az

Kamil Vəli Nərimanoğlunun yubileyi münasibətilə sərgi


 

Kamil Vəli Nərimanoğlunun yubileyi münasibətilə sərgi <b style="color:red"></b>

Avqustun 18-də Milli Kitabxanada filologiya elmləri doktoru, tənqidçi Kamil Vəli Nərimanoğlu anadan olmasının 70 illiyi münasibətilə “Kamil Vəli Nərimanoğlu-70” adlı kitab sərgisi açılıb.

Kitabxanadan 525.az-a verilən məlumata görə, sərgidə müəllifin kitabları, ön söz yazdığı, redaktoru olduğu, tərcümə etdiyi kitablar və dövri mətbuat  materialları sərgilənir.

Əlavə məlumat üçün qeyd edək ki, Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1965-ci ildə orta təhsilini başa çatdırıb. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək həmin il universitetdə müəllimliyə başlayıb. 1988-ci ildə professorluq dərəcəsi alıb, 1988-1999-cu illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.

1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını alıb. 1991-1992-ci illərdə İzmir Universitetində, 1999-2000-ci ildə Şimali Kiprin Doğu Ağdəniz Universitetində dərs deyib.
 
Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olub. 30 kitabın, 500-dən çox məqalənin müəllifidir. Dünyanın 20-dən artıq ölkəsində elmi konfranslarda çıxış edib.

1993-cü ildə Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsində işləyib.

1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilib.

2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını alıb.

2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılıb. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilib.

2006-cı ilin dekabrında Türk Dil Qurumunun, Konya Səlcuq Universitetinin, Karaman Bələdiyyəsinin, Hüseyn Qazi Vakfının və Başbakanlıq yanında Avrasiya Mərkəzinin mükafatlarını alıb.

Hazırda Türkiyənin İstanbul Yedditəpə Universitetində dərs deyir və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edir.

Ailəlidir, iki oğlu var.

Cavid QƏDİR

 





18.08.2016    çap et  çap et