525.Az

Azərbaycanda I Avrasiya konfransı keçiriləcək


 

Azərbaycanda I Avrasiya konfransı keçiriləcək<b style="color:red"></b>

29-31 avqustda Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun tərəfindən ölkəyə Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək.

Nazirlikdən 525.az-a verilən məlumata görə, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

Müzakirə olunacaq mövzular arasında son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, konfransda neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonlarında Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlərin həyata keçirilməsi məqsədilə yaradılıb.

Cavid QƏDİR

 





18.08.2016    çap et  çap et