525.Az

Nazarbayev Qarabağ probleminin həllini sürətləndirmək istəyir


 

"QAZAXISTAN PREZİDENTİNİN MÜNAQİŞƏNİN HƏLLİNDƏKİ VASİTƏÇİLİYİ AZƏRBAYCANIN XEYRİNƏDİR"

Nazarbayev Qarabağ probleminin həllini sürətləndirmək istəyir<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 16-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin görüşü olub.

Dövlət başçıları görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri ilə paralel regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. İki ölkə liderin apardığı danışıqlarda Ukrayna və Dağlıq Qarabağ problemi də müzakirəyə çıxarılan məsələlərdən olub.

Görüşdə diqqət çəkən məqamlardan biri də Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılmasında rəsmi Bakı kimi, Astananın da müsbət rolunun etiraf olunmasıdır. Qazaxıstan prezidenti bölgədə dövlətlərarası problemlərin həll olunmasında oynadığı aktiv rolu davam etdirmək niyyətindədir. N.Nazarbayev V.Putinlə görüşdə Ankara ilə Moskva arasında münasibətlərin yenidən bərpa olunduğu kimi Donbas, Dağlıq Qarabağ və digər problemlərin də həll oluna biləcəyinin mümkünlüyünə işarə edib.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Qazaxıstan Rusiyanın strateji müttəfiqidir, iki ölkə ortaq siyasi, iqtisadi və hərbi alyanslarda yer alıb: "Buna baxmayaraq, Qazaxıstan prezidenti Nursultan Nazarbayev beynəlxalq aləmdə yalnız Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi dəyərləndirilmir. Beynəlxalq aləmdə Nazarbayev həm də öz mövqeyi olan və dövlətlərlə münasibətlərdə balansı gözləyən lider kimi xarakterizə olunur. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndə bundan ilk öncə Nazarbayev narahat olmuşdu. Ona görə də, Nursultan Nazarbayev Türkiyə ilə Rusiya arasında vasitəçi olub. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktubu məhz Nazarbayevin vasitəçiliyi ilə çatdırıb. Bu gün Rusiya-Türkiyə münasibətlərinin yenidən normallaşmasında Nazarbayevin böyük rolu var. Putin Nazarbayevə "yox" deyə bilməzdi. Ərdoğan da bunu bildiyindən vasitəçi kimi məhz Nazarbayevi seçib".

Politoloq qeyd edib ki, Putin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında oynadığı rola görə Nazarbayevə minnətdar olduğunu bildirib: "Putin deyib ki, Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ancaq Nazarbayevin vasitəçiliyi bununla bitmir. Putinlə görüşdə Nazarbayev söyləyib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona zəng edib. Nazarbayevin sözlərindən aydın olub ki, Poroşenko Donbassa xüsusi status verməyə razıdır, sadəcə bir sıra çətinliklər var. Rusiya "Minsk razılaşması"na görə Donbassa xüsusi statusun verilməsini istəyir. Nazarbayevin sözlərindən aydın olub ki, Poroşenko buna razıdır, sadəcə ona vaxt lazımdır. Bununla Nazarbayev gərgin olan Rusiya-Ukrayna münasibətlərində də vasitəçi ola biləcəyinə işarə vurub. Rusiya Qazaxıstanın strateji müttəfiqi olsa da, Nazarbayev Ukrayna ilə münasibətlərə də əhəmiyyət verir və Ankara kimi Kiyev də Qazaxıstan prezidentinin imkanlarından istifadə etmək istəyir".

E.Şahinoğlu hesab edir ki, Azərbaycanın siyasi elitasının və cəmiyyətinin də Nazarbayevdən gözləntisi var: "Nazarbayev Putinlə görüşdə belə bir fikir işlədib: "Yerdə qalır Ukrayna və Dağlıq Qarabağ problemləri...". Başqa sözlə Qazaxıstan prezidenti Putinə işarə edib ki, Dağlıq Qarabağ probleminin də həllini sürətləndirmək lazımdır".

Mərkəz sədrinin sözlərinə görə, Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi Azərbaycanın xeyrinədir: "Çünki Qazaxıstan prezidenti Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Məsələn, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olduqda Nazarbayev prezidentlərin sammitində dedi ki, Ermənistanın təşkilata üzvlüyü Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməlidir. Nazarbayev bunu ona görə deyib ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağda istehsal olunan malları da Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac etmək istəyirdi. Ermənistan hakimiyyətinin bu planını Nazarbayev pozub".

Politoloq bildirib ki, bu baxımdan Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmasına Azərbaycanın ehtiyacı var: "Qazaxıstan prezidenti bu ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək. Bu səfər çərçivəsində Bakıda daha çox iqtisadi və regional layihələr müzakirə olunacaq. Qazaxıstan Azərbaycan üzərindən qurulan nəqliyyat xətləri vasitəsilə Avropa və Şərq ölkələrinə çıxış imkanı əldə edir. Bununla yanaşı Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi də istisna deyil.

Rusiyanın Ermənistan hakimiyyətinə təsir imkanları var. Rəsmi Bakı münaqişənin həlli məqsədilə Moskvanın bu təsir imkanlarından istifadə etməsini istəyir. Ancaq Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə hələ ki, İrəvana təzyiq etmir. Bu olmadığına görə də münaqişənin həlli uzanır. Astana Bakı ilə müqayisədə siyasi müttəfiqlik baxımından Kremlə daha yaxındır. Ona görə rəsmi Bakı ümid edir ki, Astana Kremllə dialoqda Dağlıq Qarabağ mövzusunu ön planda tutacaq".

Ceyhun ABASOV

 





19.08.2016    çap et  çap et