525.Az

"Həmsədr dövlətlər Ermənistana təzyiq etmək istəmirlər"


 

"Həmsədr dövlətlər Ermənistana təzyiq etmək istəmirlər"<b style="color:red"></b>

Son günlər Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal edilmiş beş rayonunun geri qaytarılmasının razılaşdırıldığı barədə fikirlər səslənməkdədir.
 
Rusiya mediası da bu məsələyə diqqət ayırır. Ekspertlər də beş rayonun qaytarılacağı ehtimalını yüksək qiymətləndirirlər, eyni zamanda, Rusiyanın həmsədr dövlət kimi nizamlanma prosesində rolunun artmasına diqqət çəkirlər.

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın qeyd edilən məsələ ilə bağlı razı salındığı ehtimalı yüksəkdir. Onun sözlərinə görə, burada Rusiya həlledici rol oynayıb: "Sadəcə olaraq bu məsələ ATƏT çərçivəsində həll edilməlidir və Rusiya təkbaşına qərar verə bilməz. Ermənistan da yəqin ki, belə olmasını istəyir. Lakin avqust ayı siyasətin dayandığı ay hesab olunduğundan, Qarabağa dair bütün danışıqlar prosesi dayandırılıb. Amma avqustun sonu, yaxud sentyabr ayında prezidentlərin görüşünün olmasına dair məlumatlar var. Görüşün Parisdə, yaxud Vaşinqtonda baş tuta biləcəyi deyilir.Yəni həmsədr dövlətlərdən hər biri özünün geosiyasi əhəmiyyətini göstərmək üçün prezidentlərin görüşünü təşkil etmək istəyir. Həm də sülh yaratma prosesində öz rollarını isbatlamağa çalışırlar. Amma qəliz də olsa Ermənistanın bu məsələdə razı salındığı hiss olunur. Çünki Rusiya mətbuatına  diqqət verdikdə, xarici işlər naziri Sergey Lavrovun bir neçə dəfə verdiyi məlumata istinad etsək bunu müşahidə edə bilərik". Politoloq deyib ki, prezident Putin bir qədər ehtiyatlı danışır, amma Azərbaycana kömək etmək arzusunu da ifadə edib: "Son dövrlər Azərbaycanı Avrasiya İttifaqına dəvət edilməsi barədə məsələlər Rusiya mətbuatında açıq və geniş bir mövzuya çevrilib. Deməli, müəyyən proseslər gedir, qarşı tərəfin Azərbaycandan istədikləri var. Əlbəttə, beş rayonun qaytarılması bizi tam qane etməsə də, Ermənistanda etiraz doğursa da, hər halda bunun baş tutacağı ehtimalı yüksək görünür".

Millət vəkili Rasim Musabəyova Rusiyanın danışıqlar prosesində fəallığının artmasına toxunaraq deyib ki, baxmayaraq ki, ABŞ həm hərbi, həm də iqtisadi cəhətdən Rusiyadan dəfələrlə güclüdür, ancaq bölgədə Rusiyanın imkanları daha genişdir. Onun sözlərinə görə, Rusiyanın bu məsələdə təşəbbüsü ələ alması digər həmsədr dövlətlər olan Fransa və ABŞ-la razılaşdırılıb: "Bu,  ilk dəfə deyil baş verir, əvvəllər də Rusiyanın belə səyləri olub. ABŞ və Fransa isə  buna qısqanc yanaşmayıblar. Ancaq həmin səylərin nəticə verib verməyəcəyi açıq qalır". Politoloq deyib ki, həmsədr dövlətlər Ermənistana təzyiq etmək istəmirlər:"Onlar erməniləri yola verirlər. Bu vaxta kimi ermənilərə yardımları ABŞ, Fransa, Avropa İttifaqı verib. Rusiyadan isə silah alıblar.  Ermənistana təzyiq etmək istəmirlər, Azərbaycana təzyiq etmək üçün isə nə imkanları, nə də hüquqi əsasları var".

Politoloq bildirib ki, əgər müharibə baş verərsə, onun risklərini ilk növbədə qonşu ölkələr bölüşür: "Müharibənin daha böyük zərəri Rusiya üçündür. Çünki çətin seçim qarşısında qalır. Ya müdaxilə etməyəcək, Azərbaycan öz torpaqlarını işğaldan təmizləyəcək,  müdaxilə etdiyi halda isə Azərbaycanla əvvəlki münasibətləri ümumiyyətlə saxlamaq mümkün olmayacaq. Bu isə Rusiya üçün istənilən ssenari deyil".

PƏRVANƏ

 





19.08.2016    çap et  çap et