525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2001-ci il. Prezident Heydər Əliyev Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb.

2004-cü ildən bu hərbi məktəblər Heydər Əliyevin adını daşıyır.

1901–ci il. Məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin doğum günü (İsfəndiyar Cavanşirov 1901-1979).
16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan" ləqəbini verib.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb.

Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib.

Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib.

Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb.

1912–il. SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı görkəmli dirijor və bəstəkar Niyazinin doğum günü (1912-1984).

O, dahi bəstəkar Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açıb.

Beynəlxalq mükafatlar laureatı olan maestro "Xosrov və Şirin", "Çitra" baletlərinin, simfoniyaların, mahnıların, 25-dək kinofilmə yazılmış musiqilərin müəllifidir.

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. O, "Çitra" baletinə görə 1974-cü ildə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb.

1918-ci il. Azərbaycanın məşhur fiziki-alimi, Dövlət mükafatı laureatı, akademik Həsən Abdullayevin ad günü (1918-1993).

O, 1970-1983-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
 
1988-ci il. 8 il davam edən İran-İraq müharibəsi (1980-1988) başa çatıb.

Atəşkəs əldə olunduqdan sonra hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarıb.

AzərTAc

 





20.08.2016    çap et  çap et