525.Az

Astana Qarabağ məsələsində prinsipial mövqe nümayiş etdirir


 

“NAZARBAYEV AZƏRBAYCANIN PROBLEMLƏRİNƏ QAZAXISTANIN PROBLEMLƏRİ KİMİ YANAŞIR”

Astana Qarabağ məsələsində prinsipial mövqe nümayiş etdirir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, avqustun 16-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin görüşü olub.

Dövlət başçıları görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri ilə yanaşı regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. İki ölkə liderin apardığı danışıqlarda Ukrayna və Dağlıq Qarabağ problemi də müzakirəyə çıxarılan məsələlərdən olub.

Görüşdə diqqət çəkən məqamlardan biri də Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılmasında rəsmi Bakı kimi, Astananın da müsbət rolunun etiraf olunması və Kreml tərəfindən yüksək qiymətləndirilməsidir.

Qazaxıstan prezidenti bölgədə dövlətlərarası problemlərin həll olunmasında oynadığı aktiv rolu davam etdirmək niyyətindədir. N.Nazarbayev V.Putinlə görüşdə Ankara ilə Moskva arasında münasibətlərin yenidən bərpa olunduğu kimi Donbas, Dağlıq Qarabağ və digər problemlərin də həll oluna biləcəyinin mümkünlüyünə işarə edib.

Ümumiyyətlə Qazaxıstanla Azərbaycan arasında əlaqələrin böyük tarixi var. İki ölkəni eyni dil, din, milliyyət, mədəniyyət birləşdirir. Böyük türk dövlətlərindən biri kimi Qazaxıstan hər zaman Azərbaycanla bağlı məsələlərdə həssaslıq nümayiş etdirib. Prezident Nursultan Nazarbayev Dağlıq Qarabağ probleminə görə, Ermənistanla əlaqələrə hər zaman ehtiyatla yanaşıb, dəfələrlə işğalçı ölkəyə açıq şəkildə narazılığını ifadə edib.

Qazaxıstan ilk vaxtlardan başlayaraq Qarabağ münaqişəsinə görə Ermənistanın Avrasiya Birliyinə inteqrasiyasına mane olmağa çalışıb. Hətta məhz Astananın təklifi ilə bu il aprelin əvvəllərində hərbi əməliyyatların qızğın çağında Avrasiya İttifaqının baş nazirlərinin İrəvandakı görüşü ləğv olunub, qazaxıstanlı nümayəndə heyəti isə Ermənistandakı investisiya forumunda iştirakdan imtina edib.

Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunmaqlarına baxmayaraq, Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı kimi tanıdığı yekun sənədə qol çəkib.

Bütün bunlar onu göstərir ki, rəsmi Astananın Dağlıq Qarabağ məsələsində mövqeyi prinsipialdır.

Artıq məlumdur ki, N.Nazarbayev bu ilin sonuna kimi həm Azərbaycana, həm Ermənistana rəsmi səfər edəcək. Qazaxıstan prezidentinin regiona səfərində müzakirə olunacaq əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olacaq. Belə görünür ki, N.Nazarbayevin Soçidə V.Putinlə keçirdiyi görüş ciddi effektlər verib. Rəsmi Moskva da Qazaxıstan prezidentinin münaqişənin həllində aktiv rol oynamaq istəyinə müsbət yanaşır.

Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, hazırda Qazaxıstan prezidenti N.Nazarbayev Avrasiya İttifaqı, MDB məkanında bütün parametrlərinə görə ən nüfuzlu siyasi xadimdir: “Rusiya prezidenti Vladimir Putin təcrübəli siyasətçi olan Nazarbayevin mövqeyini həmişə nəzərə alır. Həmçinin, Putinin Rusiyadaxili reytinqinin yüksəlməsində də Qazaxıstan prezidentinin rolu böyükdür. O dərin siyasi biliyə malik tanınmış ölkə liderlərindəndir. Bu baxımdan Nazarbayev  bütün qərarlarını vaxtında və yerində qəbul edir. Bizim üçün ən əsası da odur ki, o Azərbaycana dərin hörmət bəsləyir, mərhum prezident Heydər Əliyevlə yaxın dost olub. Bu gün də ölkə başçısı İlham Əliyevlə Nursultan Nazarbayev arasında həmin münasibətlər qorunub saxlanılır”.

Nazarbayevin türk dünyasının sevilən, hörmət bəslənən liderlərindən olduğunu deyən politoloq bildirib ki, o türk dünyasının birliyinə inanan şəxsiyyətdir: “Bu mənada, Nazarbayev Azərbaycanın problemlərinə Qazaxıstanın problemləri kimi yanaşır və bunu gizlətmir, hər fürsətdə bunu öz dili ilə ifadə edir”.

Q.Hüseynli qeyd edib ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin yenidən normallaşmasında Nazarbayevin böyük xidmətləri olub: “O bununla bir daha bütün türk dünyasının rəğbətini qazanıb”.

Cari ilin sonuna kimi Qazaxıstan prezidentinin Azərbaycana gözlənilən səfərinə toxunan politoloqun sözlərinə görə, bu səfər Azərbaycan xalqına, onun rəhbərliyinə göstərilən böyük hörmətdir: “Ümumiyyətlə Nazarbayevin ölkəmizin problemləri ilə yaxından maraqlanması ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük fürsət yaradır. Biz Qazaxıstan prezidentinin potensialından, hörmətindən və ağsaqqallığından Putinə təsir etmək, ən azından Rusiya prezidenti obyektiv mövqe nümayiş etdirməsinə nail olmaq üçün geniş istifadə etməliyik”.

Politoloq əlavə edib ki, N.Nazarbayev və onun rəhbərlik etdiyi Qazaxıstan Putinin Avrasiya İttifaqının əsas sütunlarından biridir: “Nazarbayevin Putinə təsir imkanları böyükdür”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, N.Nazarbayev İ.Əliyevlə birlikdə Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsində kifayət qədər əhəmiyyətli rol oynayıblar. Onun sözlərinə görə, bununla bərabər N.Nazarbayev Azərbaycan topraqlarının Ermənistanın işğalından azad edilməsi istiqamətində də ciddi addımlar atır: “Astanada Ermənistanın Avrasiya İttifaqına üzv kimi qəbul olunması zamanı Qazaxıstan prezidentinin nümayiş etdirdiyi mövqe onun Qarabağ məsələsində nə qədər prinsipial olduğunu bir daha ortaya qoyub. Qənaətimə görə, indiki şəraitdə o prosesin tezliklə öz həllini tapmasını və Azərbaycan torpaqlarının işğalına son qoyulmasını arzulayır. Düşünürəm ki, Soçidə baş tutan görüşdə də prosesin intensivləşməsi üçün öz mövqeyini Putinə çatdırıb”.

Ceyhun ABASOV

 





20.08.2016    çap et  çap et