525.Az

Nazarbayevin regiona səfəri nə vəd edir?


 

"QAZAXISTAN PREZİDENTİ DAĞLIQ QARABAĞ PROSESİNDƏ CİDDİ İRƏLİLƏYİŞ ƏLDƏ ETMƏYƏ ÇALIŞACAQ"

Nazarbayevin regiona səfəri nə vəd edir?<b style="color:red"></b>

Son dövrlər Qazaxıstan prezidenti Nursultan Nazarbayev regional proseslərin həllində aktivliyi ilə seçilir.

Onun Türkiyə ilə Rusiya arasında keçən ilin noyabrın 24-də yaşanan təyyarə qalmaqalından sonra münasibətlərin yenidən qaydaya salınması istiqamətində ortaya qoyduğu siyasi iradə yüksək qiymətləndirilir.

Avqustun 16-da Soçidə keçirilən görüşdə Ankara ilə Moskva arasında gərginliyin aradan qaldırılmasında oynadığı rola görə Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarına öz minnətdarlığını bildirib.

Dövlət başçılarının görüşündə ikitərəfli əməkdaşlıq əlaqələri ilə yanaşı regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. İki ölkə liderin apardığı danışıqlarda Ukrayna və Dağlıq Qarabağ problemi də müzakirəyə çıxarılan məsələlərdən olub.

Qazaxıstan prezidenti bölgədə dövlətlərarası problemlərin həll olunmasında oynadığı aktiv rolu davam etdirmək niyyətindədir. N.Nazarbayev V.Putinlə görüşdə Ankara ilə Moskva arasında münasibətlərin yenidən bərpa olunduğu kimi Donbas və Dağlıq Qarabağ problemlərinin də həll oluna biləcəyinin mümkünlüyünə işarə edib.

Ümumiyyətlə Qazaxıstanla Azərbaycan arasında əlaqələrin böyük tarixi var. İki ölkəni eyni dil, din, milliyyət, mədəniyyət birləşdirir. Böyük türk dövlətlərindən biri kimi Qazaxıstan hər zaman Azərbaycanla bağlı məsələlərdə həssaslıq nümayiş etdirib. Prezident Nursultan Nazarbayev Dağlıq Qarabağ probleminə görə, Ermənistanla əlaqələrə hər zaman ehtiyatla yanaşıb, dəfələrlə işğalçı ölkəyə açıq şəkildə narazılığını ifadə edib.

Qazaxıstan ilk vaxtlardan başlayaraq Qarabağ münaqişəsinə görə Ermənistanın Avrasiya Birliyinə inteqrasiyasına mane olmağa çalışıb. Hətta məhz Astananın təklifi ilə bu il aprelin əvvəllərində hərbi əməliyyatların qızğın çağında Avrasiya İttifaqının baş nazirlərinin İrəvandakı görüşü ləğv olunub, qazaxıstanlı nümayəndə heyəti isə Ermənistandakı investisiya forumunda iştirakdan imtina edib.

Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunmaqlarına baxmayaraq, Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı kimi tanıdığı yekun sənədə qol çəkib.

Bütün bunlar onu göstərir ki, rəsmi Astananın Dağlıq Qarabağ məsələsində mövqeyi prisipialdır.

Artıq məlumdur ki, N.Nazarbayev bu ilin sonuna kimi həm Azərbaycana, həm Ermənistana rəsmi səfər edəcək. Qazaxıstan prezidentinin regiona səfərində müzakirə olunacaq əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olacaq. Belə görünür ki, N.Nazarbayevin Soçidə V.Putinlə keçirdiyi görüş ciddi effektlər verib. Rəsmi Moskva da Qazaxıstan prezidentinin münaqişənin həllində aktiv rol oynamaq istəyinə müsbət yanaşır.

Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində mövqeyi aydındır: "Nazarbayevin aktivliyinin istiqaməti Azərbaycandan yanadır. O özünü MDB məkanının ən aparıcı liderlərindən biri hesab edir. Həqiqətdə də bu belədir. Avrasiyaçılıq ideyasının müəllifi də Qazaxıstan prezidentidir. Həmin ideya əsasında Avrasiya İqtisadi İttifaqı adı verilən qurum yaranıb. Rusiya, Qazaxıstan və Belarusla yanaşı Ermənistan da həmin təşkilatın üzvüdür. Yəni, işğalçı ölkənin söykəndiyi əsas iki qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqıdır. Hər iki qurumda Ermənistanla Qazaxıstan birgə təmsil olunur. Ona görə də Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini Ermənistanın güvəndiyi qurumlara keçirə bilmək imkanı olan şəxsiyyətdir. O həmin qurumların daxilində Dağlıq Qarabağ məsələsinin müzakirəsini təşkil edə bilər. Bir neçə il əvvəl bunun sübutu da olub. 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin xahişi ilə Nursultan Nazarbayev Dağlıq Qarabağ məsələsini  Avrasiya İttifaqında sərt şəkildə ortaya qoyub. 2014-cü ildə də buna bənzər hadisə baş verib. Həmin vaxt isə Qazaxıstan prezidenti açıq şəkildə bəyan edib ki, biz Azərbaycan prezidentini əsəbləşdirə bilmərik. Ona görə də Ermənistan ağlını başına yığmalıdır".

Politoloq bildirib ki, Avrasiya İqtisadi Birliyinin son dövrlər qəbul etdiyi qərarlar Ermənistanı haqq yoluna, düz yola gətirməyə hesablanıb: "Bu məsələlərdə ən əsas rol Nursultan Nazarbayevə məxsusdur".

Ermənistanla Qazaxıstan arasında ikitərəfli münasibətlərə toxunan M.Əhmədoğlu söyləyib ki,  iki ölkə arasında sön dövrlərdə gərginlik hökm sürür: "Ermənistan paytaxtına yaxın ərazidə yerləşən, tarixən qıpçaq türklərinin yaşadığı kəndlərin birində mərkəzi küçəyə verilən Nazarbayev adı dəyişdirilib. Buna səbəb Avrasiya İttifaqının tədbirində Qazaxıstan prezdentinin  Ermənistanı sərt tənqid etməsi olub. Bu mənada, iki ölkə arasında münasibətlər gərginləşib".

Mərkəz sədri qeyd edib ki, Serj Sarkisyan Qazaxıstanla münasibətləri qaydasınasa salmaq üçün Nursultan Nazarbayevi Ermənistana dəvət edib: "İrəvanda keçiriləcək görüşlərdə Qazaxıstan prezidentinin irəli sürəcəyi şərtlərdən biri hökmən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Nazarbayev Azərbaycanın ədalətli mövqeyini Ermənistanda müdafiə edəcək".

Qazaxıstan prezidentinin ən uzun müddət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan liderlərdən olduğunu deyən M.Əhmədoğlu qeyd edib ki, 1991-ci ildə Rusiya prezidenti Boris Yeltsinlə Nursultan Nazarbayevin Jeleznavodskidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil ediblər: "Təsəvvür edin ki, Nursultan Nazarbayev ATƏT-in Minsk Qrupu yaranmamışdan qabaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyasını həyata keçirib. Bu mənada, Qazaxıstan prezidentini ən uzunömürlü vasitəçi hesab etmək olar. Ona görə də, Nazarbayev Dağlıq Qarabağ prosesində ciddi irəliləyiş əldə etməyə çalışacaq".

Politoloq əlavə edib ki, Qazaxıstan prezidenti barışdırıcılıq istiqamətində çox ciddi səylər göstərir: "Türkiyə-Rusiya münasibətlərinin qaydaya salınmasında Azərbaycan prezidenti ilə bərabər Nazarbayevin də mühüm rolu olub: "Bundan sonra Ukrayna prezidenti Petro Poroşenko da Qazaxıstan prezidentinə zəng edərək ondan Donbas məsələsində rəsmi Kiyevlə Moskva arasında vasitəçilik etməsini xahiş edib. Öz növbəsində Nazarbayev də çalışacaq ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunmasında rolu olsun".

Ceyhun ABASOV

 





23.08.2016    çap et  çap et