525.Az

"Azərbaycan güc işlətməməklə bağlı öhdəlik götürmürsə…"


 

"Azərbaycan güc işlətməməklə bağlı öhdəlik götürmürsə…"<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun həmsədri olmuş Metyu Brayza bu yaxınlarda dərc edilmiş məqaləsində Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflər arasında ilkin mərhələdə işğal edilmiş iki rayonun qaytarılması məsələsinin olduğunu yazıb.

Qeyd edək ki, indiyə kimi 5 və ya 7 rayonun qaytarılması müzakirə mövzusu idi, iki rayon isə yeni bir təklif hesab edilə bilər. Bu məsələni şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, əgər Ermənistan sülh danışıqlarında müsbət mühit yaratmaq üçün iki rayondan geri çəkilməyə hazırdırsa, Azərbaycan buna nəyə görə yox deməlidir?! Amma söhbət bunun nəyin müqabilində baş verməsindən gedir".

Onun sözlərinə görə, Ermənistan iki rayondan geri çəkilsə, bu, onların müdafiə sistemlərini dağıdır, yəni qalan rayonları saxlamaq üçün yenidən istehkam quracaqları və digər suallar ortaya çıxır. R.Musabəyov deyib ki, ermənilərin iki rayondan geri çəkilməsi müqabilində Azərbaycan  ayrıcı qüvvəni öz ərazisinə buraxan deyil: "Ancaq indi atəşkəs xəttində hansısa etibarlı bir rejimin saxlanılması müzakirə oluna bilər. Yəni təkrar edirəm hər şey mümkündür, ilk növbədə isə atılan addımların nəyin müqabilində olması müəyyən edilməlidir. Brayza çoxdan danışıqlar prosesindən kənarlaşıb, hardan nə eşidib, nə deyir, özündən soruşmaq lazımdır. Azərbaycan gücdən istifadə edilməməklə bağlı öhdəlik götürmürsə və ermənilər geriyə çəkilməyə hazırdırlarsa, lap bir rayon qaytarılsın, burda heç bir qəbahət yoxdu".

Politoloq xatırladıb ki, ermənilər vaxtilə bir yol saxlamaq şərtilə, 6 rayondan çəkilməyə hazır idilər, Azərbaycan Ki-Uestdə buna yol vermədi: "Azərbaycanın prinsipial bir mövqeyi var; ermənilərə bir qarış da torpaq verilməyəcək, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Qalan məsələlər hamısı müzakirə oluna bilər".
 
Politoloqa görə, Azərbaycan iki rayonun qaytarılması müqabilində cəbhə xəttində  etibarlı bir monitorinq qurulmasına razılıq verə bilər: "Yəni doğrudan da ermənilər işğal olunmuş ərazilərdən çəkilməyə başlasalar, normal danışıq prosesi gedərsə, Azərbaycan cəbhə xəttində atəşkəsə nəzarətin möhkəmlənməsinə razılıq verə bilər.  Bundan başqa, əvvəllər Azərbaycan 90-cı illərdə Gürcüstan ərazisinə hansısa yüklərin gedib, ordan Ermənistana keçməsinə göz yumurdu, sonra buna sərt məhdudiyyət qoydu, amma hansısa yumşalmaya gedə bilər, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına razılıq verə, digər hansısa məsələlər müzakirə oluna bilər". 

PƏRVANƏ

 





24.08.2016    çap et  çap et