525.Az

“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü


 

“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü<b style="color:red"></b>

Avqustun 25-də “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Səyyar kitabxana” günü keçiriləcək.

Mərkəzdən 525.az-a verilən məlumata görə, gün ərzində “Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Qusarlı yazarlar”, “Yeni nəşrlər”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycan-turizm diyarıdır”, “Azərbaycanın Folklor Paytaxtı-Qusar 2016” və s. mövzularda kitab sərgiləri təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə təşkil olunacaq sərgidə 2000 nüsxədə kitab, jurnal, buklet, mütaliə və kitabı sevdirmə ilə bağlı müxtəlif təbliğat vasitələri nümayiş olunacaq.

Mərkəzdə xarici turistlərin çox olmasını nəzərə alaraq kitablar üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq.

Qusar rayon Mədəniyyət və Turizm şöbəsi və Qusar rayon mərkəzi kitabxanasının əməkdaşları gün ərzində turistlərə kitab seçimində kömək edəcəklər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi “Mən oxudum, sən də oxu!” şüarı ilə həyata keçirilən və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən bu cür “Səyyar kitabxana” günləri bölgələrdə geniş marağa səbəb olub.

Cavid QƏDİR

 





24.08.2016    çap et  çap et