525.Az

SOS Uşaq kəndində daha bir “Qiraət saatı” - Fotolar


 

SOS Uşaq kəndində daha bir “Qiraət saatı” - <b style="color:red">Fotolar</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu uşaqların yay tətili günlərində SOS Uşaq kəndində növbəti ənənəvi tədbirini keçirib.

Fonddan 525.az-a verilən məlumata görə, kəndin kitabxanasında kiçik yaşlı məktəblilər üçün “Qiraət saatı” təşkil edilib.

Uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin ən yaxşı uşaq əsərinə görə Tofiq Mahmud adına mükafatının laureatı, "Çərpələng" ,"Sarı qız, “Oskar”, "Ağ xoruzun hekayəti" ,"Qisas" ,”Ciya ilə iki gün", "İpəkcənin macəraları" kimi onlarla şeirlər və nağıllar kitabının müəllifi Sevinc Nuruqızı öz balaca oxucularının qonağı olub. Yazar oxucularına öz nağıllarını və şeirlərini oxuyub.

Onun qiraətinə maraqla qulaq asan uşaqlar yazara danışdığı nağıllar və onların qəhrəmanları barədə müxtəlif suallar veriblər. Uşaqlardan bəziləri yazara öz nağıllarını danışıblar.

Sevinc Nuruqızı balaca “həmkarlarına” uşaq yazarı olmaq üçün nələrə fikir verməli olduqları barədə tövsiyyələr verib.

Sonra uşaqların öz istəkləri ilə Sevinc Nuruqızı onlara özünün “Ana” şeirini əzbərdən deyib. Uşaqlar arasındn bir-neçəsi müxtəlif şairlərin məhz anaya aid şeirlərini söyləyiblər.

Tədbirin sonunda uşaqlar vətənə, anaya, dostluğa aid mahnılar ifa ediblər. Bilik Fondu SOS Uşaq kəndinin kitabxanasına yazarın yeni kitablarını hədiyyə edib.

SOS Uşaq kəndində yaşayan 73 uşaq Bilik Fondunun əməkdaşlarından yay tətili günlərində onlara tez-tez baş çəkməyi və boş vaxtlarını belə səmərəli, əyləncəli keçirməyə yardımçı olmalrını xahiş ediblər. Fondun bu yönümdə tədbirləri hələ davam edir.

Növbəti tədbir SOS Uşaq kəndində sentyabr ayına planlaşdırılır. Bu dəfə uşaqlara səhnələşdirilmiş nağıllar və cizgi filmləri nümayiş etdiriləcək.

 





25.08.2016    çap et  çap et