525.Az

Şəki və Oğuzun incəsənət nümunələri Bakıda


 

Şəki və Oğuzun incəsənət nümunələri Bakıda <b style="color:red"></b>

Mədəniyyət və turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında avqustun 25-də Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şəki rayonunu təmsil edən Ələfsər Şəkili adına “Zurnaçılar” ansamblı, “Muğam üçlüyü” və Oğuz rayonunun “Bayram” zurnaçılar ansamblı konsert proqramı ilə çıxış ediblər.

Tədbir çərçivəsində qeyd olunan rayonlarda yaşayan sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub. Sərgidə Şəki rayonundan 250, Oğuz rayonundan isə 80-dək sənət əsəri nümayiş edilib.

Avqustun 29-dək davam edəcək sərgi-yarmarkanın təşkil olunmasında məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri və folklor kollektivlərini üzə çıxarmaqla yanaşı, onları paytaxt sakinləri və şəhərimizin qonaqlarına təqdim etməkdən ibarətdir.

Sərgi-yarmarka paytaxtın sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bundan əvvəl Nizami küçəsindəki təsviri sənət məkanında Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.

 





27.08.2016    çap et  çap et