525.Az

Çoxmillətlilik Azərbaycanın mədəni genofondunun inkişafına böyük töhfələr verir


 

Çoxmillətlilik Azərbaycanın mədəni genofondunun inkişafına böyük töhfələr verir <b style="color:red"></b>

Azərbaycanın dövlət siyasətində milli və etnik azlıqlarla bağlı məsələ həmişə prioritet istiqamətlərdən biri kimi həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi və qətiyyəti ilə 1994-cü ildən sonra bu siyasət əsas xətt kimi götürülüb. Ulu öndərin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix və adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradılıb. Bu məqsədlə dövlət büdcəsindən müntəzəm şəkildə maliyyə yardımları da ayrılıb. Heydər Əliyev əsl lider kimi milli, etnik ayrı-seçkiliyin qəti əleyhinə idi. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə görüşlərdə o, bunu açıqca ifadə edirdi. Mərhum prezident Azərbaycanda yaşayan xalqları ölkənin ən başlıca sərvəti adlandırırdı: “Biz Azərbaycan deyəndə onun sərvətini, gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar...” H.Əliyev tərəfindən əsası qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 lll

Azərbaycanda millətlərarası münasibətlərin, milli tolerantlığın tarixi, siyasi və fəlsəfi əsasları var. Həmin aspektdən yanaşaraq fikirlərini öyrəndiyimiz mütəxəssislər də məhz həmin əsaslara dayanaraq düşüncələrini dilə gətiriblər.

Tanınmış politoloq, millətlərarası münasibətlər üzrə mütəxəssis Vaqif Arzumanlının sözügedən mövzuya dair fikirləri birmənalıdır: “Azərbaycan həmişə milli tolerantlıq məsələsində nümunə hesab olunacaq ölkələrdən sayılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində bu siyasət daha yüksək səviyyədə həyata keçirilməyə başlandı. Heydər Əliyev  etnik icmaların rəhbərləri ilə görüşlərdə deyirdi ki, Azərbaycan tarixən olduğu kimi həmişə tolerant ölkə olaraq qalacaq. Bunun üçün lazımi şərait də yaradılıb. Bu gün açıq-aşkar elan olunmasa da Milli Məclisdə də etnik müxtəliflik öz əksini tapıb. Azərbaycan heç vaxt elan eləmir ki, mən tolerant dövlətəm. Bizim dövlətimizin siyasətində tarixən həmişə bir tolerantlıq izi olub. Bu gün də o iz özünü göstərir. Ölkəmizdə yaşayan qeyri-millətlər Azərbaycan türkü olmasalar da, onlar Azərbaycanı həmişə özlərinə Vətən hesab ediblər. Qarabağ müharibəsi zamanı da bu, özünü sübut elədi. Həmin vaxt yəhudi də, talış da, ləzgi də, saxur da, avar da, ingiloy da, Ahıska türkü də öz Vətəni uğrunda vuruşdu. Onların sırasında milli qəhrəmanlar, şəhid olanlar var. Onlar bu gün də Azərbaycan torpağının azadlığı uğrunda döyüşə hazırdılar. Bu torpaqda doğulan, yaşayan hər bir vətəndaş Vətən borcunu, vətəndaşlıq borcunu  hiss edir və bu hissiyyat üzvi şəkildə qovuşmaqdadır. Yəni burada ziddiyyətlər yox, rəngarəngliyin vəhdəti var. Məhz bu, Azərbaycanı möhkəmləndirən və genofondunu zənginləşdirən amildir”.

 lll

Milli Elmlər Akademiyasının müxbir üzvü, filosof Səlahəddin Xəlilovun fikrincə, Azərbaycanda digər millətlərin nümayəndələrinə tolerantlıqdan daha üstün – xoşgörü münasibəti mövcuddur: “Biz həmişə tolerant olmuşuq. Başqalarını fərqləndirsək də, bunu dözümlü şəkildə, düşmənçilik aparmadan etmişik. Bizdə hələ lap qədimdən bir düşüncə formalaşıb: başqa xalqlara qonaq kimi baxmışıq, qonaq isə bizdə həmişə üstün tutulub, qonağın yeri yuxarı başda olub. Bu, yüz illər ərzində milli psixologiyamızda formalaşmış düşüncə tərzidir. Məhz bu prizmadan yanaşaraq başqa xalqlara “qəribdirlər, yazıqdırlar, xətirlərinə dəymək olmaz” deyib həmişə onları əzizləmişik. Bu, bədii ədəbiyyatımızda da, folklorumuzda da qismən öz əksini tapıb. Bizdə başqa millətlərə və digər dinlərdən olanlara münasibət nəinki dözümlülük səviyyəsində, bundan daha üstün – xoşgörü səviyyəsində olub. Biz digər millətləri hətta özümüzdən də üstün tutmuşuq. Amma müqayisə etsək, Avropa ölkələri bütün məsələlərdə ilk olaraq öz millətlərinə üstünlük verirlər, sonra digərlərinə. Bizsə həmişə qonağa üstünlük verərik. Bizdə tarixən heç  vaxt kiminsə dilini, dinini, mədəniyyətini dəyişmək tendensiyası olmayıb. Əksinə, öz dilimizi, dinimizi, mədəniyyətimizi də qismən onların hesabına zənginləşdirmişik”. Professorun sözlərinə görə, Azərbaycanda tarixən yaşayan etnik qruplar artıq “azərbaycanlı” anlayışına daxildirlər: “Onlar yüzillərdən bəri Azərbaycan türkləri ilə eyni dili və mədəniyyəti mənimsəyiblər. Bu eyniyyət məqamı həddindən artıq çox olduğu üçün ayrılmaq elementləri nəzərə çarpmır. Amma bir məsələni vurğulamaq yerinə düşər ki, etnik qruplar həmişə bədxah xarici qüvvələrin maraq dairəsində olur. Həmişə böyük ölkələrdə kiçik etnik qrupları yoldan çıxarmağa cəhd edirlər, imperialist ölkələr bunun marağında olurlar ki, millətləri ayırsınlar, xalqlararası təfriqə salsınlar. Azərbaycanda isə bu, mümkün deyil, çünki heç vaxt bizdə bu mövzuda ayrı-seçkilik olmayıb, olmayacaq da. İnkişafın yeni Azərbaycan modelinin əsas komponentlərindən biri də budur: tolerantlıqdan daha yüksək münasibət. Bəli, bu tarixi köklərə və ənənələrə malik olan, artıq psixikamıza keçmiş, oturuşmuş mentalitetimizin bir komponenti kimi formalaşmış hadisədir. Avropalılar, amerikalılar tolerantlığı sadəcə, dözmək kimi başa düşürlər, hələ bunu da eləyə bilsələr, böyük şeydir. Lap yaxın vaxtlara qədər, tutalım, Amerikada başqa millətlərə, irqlərə qarşı necə bir ayrı-seçkilik var idi. Yəni bu, hələ indi-indi aradan qalxır. Amma bizdə yüzillər boyu başqa millətlərə qarşı ayrı-seçkilik olmayıb. Azərbaycanda etnik və dini tolerantlıq məsələsi bu məsələnin ənənəvi anlamından və xarici ölkələrin praktikasından məlum olan konkret nümunələrdən xeyli dərəcədə fərqlidir. Biz bu ənənələrdən və normalardan bəzən tolerantlığın azlığı üzündən deyil, çoxluğu üzündən kənara çıxırıq. Belə ki, ənənəvi olaraq hər bir ölkədə əsas etnos, etnik-milli özək önə çəkilir, üstün sayılır və ilk növbədə onun inkişafı üçün hər cür şərait yaradılır. Başqa etnik qruplara və başqa dinlərin nümayəndələrinə isə imkan daxilində dözümlü münasibət bəslənilir və yerli icmaların öz dinlərini, mədəniyyətlərini qoruyub saxlamasına maneçilik törədilmir. Yəni məqsəd bundan ibarətdir. Bizdə isə bu məsələ bir problem kimi heç vaxt qarşıda durmadığından, bəlkə də heç bir ölkədə rast gəlinməyən fərqli bir situasiya mövcuddur. Biz dünyada qəbul olunmuş bu modeldən fərqli olaraq, bütün dinlər və bütün etnik mədəniyyətlərə eyni dərəcədə, eyni meyarlar əsasında yanaşırıq. Yəni nəinki tolerantlıq təmin edilib, hətta mədəni plüralizm və multikulturalizm mövqeyi üstünlük qazanıb. Təkrar edirəm, bizdə söhbət bir aparıcı etnosun başqalarına dözməsindən deyil, özünü başqaları ilə tam bərabər vəziyyətdə qoymasından gedir. Belə bir bərabərliyin dünya miqyasında indiyədək ancaq insan haqları, söz azadlığı və sair bu kimi fundamental sahələrdə təmin olunması uğrunda mübarizə aparılır. Məsələn, bütün ölkələrdə ancaq dövlət dilində təhsilin maliyyələşməsi büdcə hesabına həyata keçirilir. Başqa dillərdə təhsilə isə ya yol verilmir, ya da, ən yaxşı halda, icmaların hesabına maliyyələşdirilir. Məsələn, qonşu İranda dövlət ancaq fars dilində təhsili maliyyələşdirir, erməni dilində məktəblər erməni icması tərəfindən maliyyələşdirilir, əhalinin böyük əksəriyyətini təşkil edən azərbaycanlıların isə öz dilində məktəb açmalarına şərait yaradılmır. Moskvada fəaliyyət göstərən yeganə Azərbaycan məktəbi də icma tərəfindən maliyyələşdirilir. Analoji vəziyyət əksər Avropa ölkələrinə də aiddir. Almaniyada 3 milyondan artıq türk yaşamasına baxmayaraq, dövlət türk dilində məktəblər açmır. Ölkəmizdə isə fərqli bir şərait vardır.  Azərbaycanda ingilis dilində xeyli məktəblərin sərbəst fəaliyyət göstərməsi, xarici vətəndaşlar üçün ərəb, fars, türk dillərində məktəblərə şərait yaradılması, rus dilində məktəblərin isə hətta dövlət tərəfindən maliyyələşdirilməsi Azərbaycanda sadəcə tolerantlığın deyil, ən yüksək səviyyəli beynəlmiləlçiliyin mövcud olmasına dəlalət edir. Azərbaycanda yaşayan başqa xalqların nümayəndələri heç vaxt bizim dilimizdə danışmağa məcbur edilməyiblər. Biz bunu nəinki müstəqillik dövründə, heç sovet dövründə də eləməmişik. İndinin özündə də Bakıdakı rusların əksəriyyəti bütün ömür boyu burada yaşamağına baxmayaraq, bizim dilimizi öyrənməyiblər. Niyə? Ona görə ki, məcbur eləməmişik. Həmişə belə olub, indinin özündə də mən bizimkilərdə  millətçilik görmürəm. Amma bizdə tolerantlıq sözü əsl mahiyyəti ifadə etmir. Tolerantlıq dözümlülük deməkdir. Biz sadəcə dözümlü deyilik, yenə təkrar edirəm, biz qeyrilərini özümüzdən üstün tuturuq. Yaxşı olardı ki, özünə məxsus olanı mərkəzdə saxlayasan, bu, taleyinin, həyatının mənasını təşkil edə və bunun üzərində özününkü olmadığını dərk eləyə-eləyə başqa bir mədəniyyətə, başqa tipli biliklərə də yer verərək zənginləşəsən. Bax, məhz belə zənginləşmə  milli genofondun inkişafına təkan verir”.

lll  

Bütün deyilənlər Azərbaycanın həm maddi-mədəni irs, həm təbii sərvətlər, həm də milli-etnik genofondun təşkili baxımından çox zəngin ölkə olduğunu bir daha sübut edir. Hazırda Avropanın, Amerikanın demokratik dəyərlər sisteminin mühüm amili kimi təbliğ etdiyi dini və milli dözümlülük, tolerantlıq bizim xalqımızın qanında, canında, fitrətindədir. Bunu beynəlxalq tədbirlərin birində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva lakonik və çox tutarlı ifadə edib: “Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzidir”.

Sevinc MÜRVƏTQIZI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 





07.03.2013    çap et  çap et