525.Az

ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verəcəkmi?


 

“ANKARA İLƏ MÜNASİBƏTLƏRİN KƏSKİN HƏDDƏ ÇATMASI VAŞİNQTON ÜÇÜN ARZUOLUNMAZDIR”

ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verəcəkmi?<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 24-də ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə rəsmi səfər edib.

Bu, 15 iyul - hərbçi çevriliş cəhdindən sonra ABŞ-la Türkiyə arasında baş tutan ilk yüksək səviyyəli görüş olub. İki ölkə arasında ən əsas müzakirə mövzusu qiyam cəhdinin arxasında duran Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ölkəsinə ekstradisiyası məsələsidir.

Rəsmi Vaşinqton isə Gülənin Türkiyəyə təhvil verilməsi məsələsində tələsmir. Ona görə də, Türkiyə-ABŞ münasibətlərində soyuqluq yaranıb.

Belə bir vəziyyətdə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir müddət gərginlik yaşadığı Rusiya ilə münasibətləri qaydasına salmaq üçün Vladimir Putinlə razılaşdırdığı görüşünün tarixini bir az önə çəkərək Sankt-Peterburqda rusiyalı həmkarı ilə bir araya gəlib. Bununla da Ankara-Moskva əlaqələri böyük ölçüdə normallaşıb. İki ölkə arasında əsas müzakirə mövzularından biri Suriya məsələsi olub. Tərəflərin bu məsələdə fikir ayrılığı yaşadığı sirr deyildi. Lakin Sankt-Peterburq görüşündən sonra Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması Ankara ilə Moskvanın razılığa gəldiyinin əsas göstəricilərindən biri hesab olunmalıdır.

Həmçinin, ABŞ-da Türkiyənin Suriyanın Cerablus yaşayış məntəqəsində İŞİD terror təşkilatına qarşı apardığı “Firat qalxanı” əməliyyatını dəstəklədiyini bəyan edib. Bu da Vaşinqtonun Ankara ilə münasibətləri normallaşdırmaq üçün hərəkətə keçdiyini göstərir.

ABŞ vitse-prezidenti Türkiyə səfərində ölkə rəhbəri Ərdoğanla yanaşı, Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və baş nazir Binali Yıldırımla da görüşüb.

C. Bayden Türkiyə parlamentinin sədri ilə görüşdə hazırda ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: “Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.

B. Yıldırım isə ABŞ rəsmisi ilə görüşdə Türkiyə üçün prioritet Gülənin tezliklə ekstradisiya edilməsi olduğunu bildirib.

Daha sonra bağlı qapılar arxasında Türkiyə prezidenti ilə ABŞ vitse-prezidenti arasında görüş olub. Dövlət başçısı da Gülənin ekstradisiyası ilə bağlı mövqeyini Cozef Baydenin diqqətinə çatdırıb.

ABŞ rəsmisi isə qeyd edib ki, ABŞ Güləni müdafiə etmək niyyətində deyil,  hazırda hüquqşünaslar onun ekstradisiyası ilə bağlı sorğuya əsasən materiallar toplayırlar: “Mənimlə birgə Türkiyəyə mütəxəssislər gəlib. Hazırda bu məsələ ilə əlaqədar dəlil-sübutlar toplanılır. ABŞ-da ekstradisiya ilə bağlı qərarı prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər. ABŞ-ın Güləni müdafiə etmək üçün heç bir səbəbi və belə bir niyyəti yoxdur”.

Göründüyü kimi, ABŞ-la Türkiyə arasında münasibətlərin yenidən əvvəlki inkişaf xəttinə qayıtması üçün Fətullah Gülənin ekstradisiya məsələsi açar rolunu oynayır.

Bəs, görəsən Ankara ilə münasibətləri qorumağa çalışan Birləşmiş Ştatlar FETÖ liderini Türkiyəyə təhvil verəcəkmi?

Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyəyə səfərindən və açıqlamalarından gəldiyim qənaət budur ki, Vaşinqton Ankara ilə münasibətlərdə “soyuq müharibə” illərində ilişib qalıb: “Bunu Baydenin “Türkiyənin Amerikadan yaxın dostu yoxdur” sözləri də xəbər verir. Bəli, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin SSRİ-dən, daha doğrusu diktator Stalindən qorunmasına ehtiyac var idi, çünki bığlı diktator gözünü isti sulara, Bosfor və Dardanel boğazlarına dikmişdi. Belə bir məqamda Vaşinqton Türkiyəni SSRİ-dən qorudu, Amerika qardaş dövləti öz təhlükəsizlik çəmbəri altına aldı”.

Politoloqun sözlərinə görə, ancaq soyuq müharibənin bitməsindən 25 il keçib, dünya ikiqütblü deyil və Türkiyənin olmayan SSRİ-dən qorunmaq üçün mütləq mənada ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyacı yoxdur: “Əksinə, Ankara Vaşinqtondan anlayış gözləyir, strateji müttəfiqliyə sadiq qalmasını, FETÖ liderinin Amerikadan qovulmasını, ən azı indiki mərhələdə nəzarət altına alınmasını, Suriyada PKK-nın qanadı olan silahlı kürdlərə dəstək verməməsini istəyir”.

E.Şahinoğlu hesab edir ki, Bayden Ankaranın gözləntiləri ilə bağlı konkret vəd vermədi, mücərrəd açıqlamalar səsləndirdi: “Fikrimcə, bu mərhələdə Ankaranın Bayden və ya ABŞ prezidenti Barak Obamadan ciddi gözləntisi qalmayıb. Yanvarda Obama Ağ Evi tərk edir, Ankara onun və Baydenin yerinə gələcək simaları gözləmək məcburiyyətindədir. Ancaq yeni prezident də Ağ Evə yiyələnən kimi FETÖ liderini Pensilvaniyadakı rahat mülkündən Ankarada və ya Türkiyənin digər şəhərindəki ciddi rejimli həbsxanaya göndərən deyil. Belə olan halda Türkiyə ABŞ-dan uzaqlaşmaqda davam edəcək. Bu gedişatın hansı dövlətin işinə yarayacağı bəllidir: Rusiya. Söhbət vaxtilə ABŞ-ın Türkiyəni qoruduğu SSRİ varisi olan dövlətdən gedir. Həqiqətən “soyuq müharibə”dən əsər-əlamət qalmayıb, dövran və regional şərtlər dəyişib və Ankara dəyişən bu şərtlər daxilində yaxın və uzaq qonşularla münasibətlərinə yenidən baxır”.

Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlara da toxunan mərkəz sədri bildirib ki, rəsmi Ankara Kremllə barışmağa qərar verdikdə, prezident Ərdoğan Putinə “üzr istəyirəm” məzmunlu məktub göndərdikdə bəziləri Ankaranın bu addımını qınadı, hətta “rus turistinə görə bu qədər alçalmağa dəyərdimi” sualını səsləndirənlər tapıldı: “Əlbəttə, Ərdoğanın Putinlə barışmasının iqtisadi, ticarət, enerji və turizm ayağı ağır basırdı, ancaq bir müddət əvvəl anlaşıldı ki, barışın əsas səbəbi Suriya idi. Nədən? Türkiyə əvvəlkitək Rusiya ilə küsülü vəziyyətdə olsaydı, bu gün Türkiyə ordusu rahatlıqla sərhədi keçib Suriyada söz və mövqe sahibi olmayacaqdı. Çünki Rusiya Türkiyə tərəfindən vurulan təyyarənin intiqamını almaq istəyirdi. İndi isə Rusiya Türkiyənin Suriyaya hərbi müdaxiləsinə sərt reaksiya bildirmir, əksinə İŞİD-lə mübarizə cəbhəsinin genişlənməsi Kremlin də maraqlarına cavab verir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, prinsip etibarilə Türkiyə ilə ABŞ arasında münasibətlər normallaşmağa doğru gedir: “Cozef Baydenin Ankaraya səfəri zamanı iki ölkə rəsmiləri arasında aparılan müzakirələr zamanı bir çox məsələlərlə bağlı razılıq əldə olunub. Ərdoğanla ABŞ vitse-prezidentinin keçirdiyi birgə mətbuat konfransı zamanı da iki ölkə rəsmiləri bir-birinə münasibətdə isti mesajlar verib, əlaqələrin daha da genişləndiriləcəyini bəyan ediblər”.

Politoloq bildirib ki, Türkiyə hərbi qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlara da Birləşmiş Ştatların normal münasibət bəsləməsi, hətta Vaşinqton tərəfindən təqdir olunması onu sübut edir ki, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində konkret addımlar atılacaq”.

F.Gülənin Türkiyəyə ekstradisiya olunub olunmayacağı ilə bağlı fikirlərini bildirən E.Mirzəbəyli qeyd edib ki, Ankaranın təqdim etdiyi materiallar kifayət qədər əsaslıdır: “Ortalıqda Türkiyənin xaosa sürükləmək cəhdi var. Ona görə də təqdim olunan materiallar əsasında Birləşmiş Ştatların məhkəməsinin qərarı çıxarılacaq. Cozef Baydenin Ərdoğanla görüşü zamanı bunun hüquqi prosedur olduğunu, yəni son qərarın ABŞ məhkəməsi tərəfindən veriləcəyini bəyan edib. Qənaətimə görə, Gülənin ekstradisiyası baş tuta bilər. Çünki indiki məqamda ABŞ üçün Türkiyə kifayət qədər əhəmiyyət kəsb edir. Ankara ilə münasibətlərin kəskin həddə çatması Vaşinqton üçün arzuolunmazdır. Bu baxımdan məhkəmənin hüquqa zidd qərar verəcəyini düşünmürəm. Çox güman ki, Türkiyənin haqlı tələblərinə müsbət hüquqi qiymət veriləcək”.

Ceyhun ABASOV

 





27.08.2016    çap et  çap et