525.Az

“Azərbaycanın Gənc Dostları Klubu” gənclərlə görüşdü


 

“Azərbaycanın Gənc Dostları Klubu” gənclərlə görüşdü<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin həmsədrləri Salomeya Lukaite və Dimitrious Asproulisun gənclərlə görüşü olub.

Fonddan 525.az-a verilən məlumata görə, tədbiri fondun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb, bu günkü tədbirin və ümumiyyətlə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin mahiyyətindən söhbət açıb.

Birliyin həmsədrləri klubun məram və məqsədindən, yaranmasından az müddət keçməsinə baxmayaraq görülən işlərdən danışıblar.

Bildirilib ki, az müddətdə çoxlu sayda xarici ölkələrin gəncləri “Azərbaycanın Gənc Dostları” olmaq üçün müraciət edirlər və bu gənclər yaxın gələcəkdə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək üçün mobil qrupa çevriləcəklər.

Görüşdə Fondun aparat rəhbəri İsaxan Vəliyev, Bakı Multikulturalizm Mərkəzinin Layihələr sektorunun müdiri Sərxanbəy Xudiyev, Binəqədi, Yasamal, Sabunçu və digər rayonların gəncləri, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyasının tələbələri, YAP Gənclər Birliyinin, Asan Xidmətin könüllüləri, bu il bölgələrdə keçirilmiş Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları, ictimaiyyət və mətbuat nümayəndələri olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 18-27 İyul 2016-cı il tarixlərdə 16 ölkədən 50-dən çox tələbənin iştirakı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” Beynəlxalq Multikulturalizm Yay Məktəbi keçirilib. Həmin vaxt Yay Məktəbinin iştirakçıları Litvanın Pedaqoji Universitetinin tələbəsi Salomeja Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrious Asproulisin təşəbbüsü ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradılıb. İctimai Birliyin təsis yığıncağı 6 iyun 2016-cı il tarixdə olub və o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Tədbir “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin gördüyü və gələcəkdə görəcəyi işlərlə bağlı müzakirələrlə davam edib.

 





29.08.2016    çap et  çap et