525.Az

Ermənistanda "DQR"in 25 illiyi ilə bağlı məxfi hazırlıqlar


 

BAYRAM SƏFƏROV: "BU, AÇIQ-AŞKAR DANIŞIQLARIN İNTENSİVLƏŞDİYİ DÖVRDƏ ERMƏNİSTANIN PROSESƏ MANE OLMAQ ÜÇÜN NÖVBƏTİ TƏXRİBAT CƏHDİDİR"

Ermənistanda "DQR"in 25 illiyi ilə bağlı məxfi hazırlıqlar<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqlarının intensivləşdiyi dövrdə işğalçı ölkə növbəti təxribata əl atıb.

Rəsmi İrəvan Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan "Dağlıq Qarabağ Respublikası" (DQR) adlı qondarma rejimin 25 illiyini qeyd etməyə hazırlaşır. Maraqlısı budur ki, təşkil olunacaq konfrans Fransada yerləşən Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzin xətti ilə həyata keçirilir. Bu tədbirdə iştirak etmək üçün rəsmi İrəvan tərəfindən bir sıra keçmiş dövlət rəsmiləri, ictimai şəxslər, parlament üzvlərinə dəvətlər göndərilir.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Ermənistan tərəfi konfrans iştirakçılarının bu və ya digər adla işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etməyi planlaşdırır: "Ermənistanın bu tədbirlə əlaqədar gördüyü işlər gizlin şəkildə aparılır. İşğalçı ölkənin məxfi hazırlığı əslində onun çirkin niyyətlərindən xəbər verir. Rəsmi İrəvan və lobbi dairələri müəyyən maddi maraq müqabilində bəzi şəxslərin bu tədbirdə iştirak etməsini təmin etməyə çalışır".

Bildiririk ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir.

XİN konfransa dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Ermənistanın təbliğat maşınının alətinə çevrilməməyə, təxribatçı məqsədlərə xidmət edən bu konfransda və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırırıq.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxslərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Müsbət haldır ki, bir sıra ölkələrdən olan ictimai-siyasi xadimlər artıq bu tədbirdə iştirakdan imtina ediblər.

Məsələ ilə bağlı "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "525"ə bildirib ki, bu, açıq-aşkar Qarabağ danışıqlarının intensivləşdiyi dövrdə Ermənistanın prosesə mane olmaq üçün əl atdığı növbəti təxribat cəhdidir: "Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İşğalçı ölkənin dəvəti ilə qanunsuz yollarla Azərbaycanın işğal olunmuş ərazilərinə daxil olan şəxslər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınacaq. Həmin tədbirə qatılan şəxslər beynəlxalq hüququn norma və prinsiplərinə qarşı gəlirlər. Bununla onlar işğalçını dəstəklədiklərini göstərirlər. Bu isə yolverilməzdir".

B. Səfərov qeyd edib ki, bir çox ölkələr bu tədbirlə bağlı rəsmi İrəvanın dəvətini geri çeviriblər: "Beynəlxalq hüquqa hörmətlə yanaşan siyasətçilər tədbirə qatılmaqdan imtina ediblər".

İcma sədri Ermənistanın bu addımını həyasızlıq kimi qiymətləndirib: "Ermənilər həmişəki kimi öz ənənələrinə sadiq qalaraq bu cür təxribatlarını davam etdirirlər. Lakin bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və qəbul edir. Beynəlxalq ictimaiyyət oradakı rejimin isə qondarma, separatçı qurum olduğunu yaxşı bilir".

B.Səfərov əlavə edib ki, Serj Sarkisyan rejimi nəyin bahasına olursa olsun danışıqları pozmağa çalışır: "Çünki hazırkı rejim birinci növbədə öz karyerasını düşünür. Problemin ədalətli yolla həlli isə onları heç cür qane etmir. Ona görə də nə qədər ki, Sarkisyan rejimi hakimiyyətdə olacaq onlar danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyəcəklər. Əks halda ölkə rəhbərliyindən narazı erməni əhalisinin Sarkisyana qarşı etirazları daha da böyüyəcək və nəticədə hazırkı Ermənistan prezidenti öz vəzifəsindən olacaq. Bunu nəzərə alan Sarkisyan hər cəhdlə danışıqları pozmağa çalışır".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Ermənistan dəvəquşu siyasəti aparır: "Bu, işğalçı ölkənin özünü bir daha rüsvay edən tədbirdir".

Politoloq xatırladıb ki, Ermənistan 1990-cı il avqustun 23-də müstəqillik haqqında bəyannamə qəbul edib: "Hərçənd ki, erməni mətbuatında müstəqillik bəyamnaməsi haqqında bir dənə də olsun yazı getməyib, tədbir keçirilməyib. Yəni, Ermənistanın öz müstəqillik günü ilə bağlı tədbir keçirməyə gücü yoxdur. Lakin işğalçı ölkə guya Qarabağın "müstəqilliyini" qeyd edir. Halbuki, Ermənistanın özü faktiki olaraq müstəqil deyilsə, o necə qondarma rejimin "müstəqilliyini" qeyd edə bilər? Ermənilərin siyasəti o qədər iyrənc hal alıb ki, kim bir az diqqətlidirsə, dərhal başa düşür ki, vəziyyət nə yerdədir".

M.Əhmədoğlu hesab edir ki, keçirilməsi nəzərdə tutulan tədbir Dağlıq Qarabağ danışıqlarına təsir etmək üçündür: "Bu tədbir danışıqları pozmaq üçün nəzərdə tutulan təxribat cəhdidir".

Mərkəz sədrinin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq prosesləri dərindən mənimsəyib: "Hər kəs başa düşür ki, Ermənistanın əsl niyyəti nədir. Ona görə də bu cür təxribatlar danışıqlar prosesinə zərrə qədər də təsir edə bilməyəcək. Kim bu tədbirə gələcəksə, Xarici İşlər Nazirliyimiz öz fəaliyyəti ilə onları susduracaq".

Ceyhun ABASOV

 





30.08.2016    çap et  çap et