525.Az

Qabil Hüseynli: "Ermənistana xəbərdarlıq edilməlidir"


 

Qabil Hüseynli: "Ermənistana xəbərdarlıq edilməlidir"<b style="color:red"></b>

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin 25 illiyi adı altında beynəlxalq konfrans keçirməyi planlaşdırır. Konfransın sentyabrın sonu, oktyabrın əvvəlində baş tutması gözlənilir.
 
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bir neçə gün əvvəl verdiyi bəyanatda qeyd edilib ki, konfransda iştirak etmək üçün rəsmi Yerevan tərəfindən bir sıra keçmiş dövlət rəsmiləri, ictimai şəxslər, parlament üzvlərinə dəvətlər göndərilir.

Bu tədbirlə əlaqədar görülən işlər gizlin şəkildə aparılır və KİV-ə məlumat verilmir.

XİN bəyan edib ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir. Həmçinin, dəvət edilmiş şəxslər təxribatçı məqsədlərə xidmət edən bu konfransda və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırılıb.
 
Politoloq Qabil Hüseynli bunu Ermənistanın danışıqlar prosesini pozmağa yönəlmiş növbəti təxribatı kimi qiymətləndirir:

"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensiv fazaya qədəm qoyduğu bir vaxtda Ermənistanın təxribata əl atması çox ciddi rezonans doğura bilər. Dünyada tanınmayan, başqa dövlətin ərazilərində işğal  nəticəsində yaradılan qondarma bir qurumun 25 illiyinin keçirilməsi gülüncdür. Amma təəssüf ki, Rusiyadakı müəyyən qüvvələr bu məsələyə gizlincə dəstək verməkdə davam edirlər. Amerikadakı Erməni Milli Konqresi də çox canfəşanlıq edir, qızışdırıcı rol oynayır. Bir sözlə, bunun qarşısını almaq üçün Rusiya hansısa addımı atmalıdır, yaxud ATƏT, onun Minsk qrupu bəyanatla çıxış etməlidir. Belə təxribatçı addımların qarşısının alınması üçün Ermənistana xəbərdarlıq edilməlidir".

Politoloq deyib ki, bu tədbir baş tutsa belə, onun qondarma qurumun statusunun dəyişməsinə, beynəlxalq məsələlərə heç bir təsiri olmayacaq: "Amma istənilən halda bu konfrans keçirilməsə daha yaxşıdır. Çünki bu, bir ənənəyə çevrilir və belə ənənələr proseslərin pozitiv istiqamətə getməsinin qarşısını alır, yaxud da maneə törədir".

PƏRVANƏ

 





30.08.2016    çap et  çap et