525.Az

"Həmsədrlər münaqişənin tezliklə həllində maraqlı görünmürlər"


 

"Həmsədrlər münaqişənin tezliklə həllində maraqlı görünmürlər"<b style="color:red"></b>

"ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin orada yerləşdirilməsi ilə bağlı bəyanatının reallaşması üçün ilk növbədə işğala son qoyulmalıdır".

Bunu amerikalı həmsədrin məlum bəyanatına münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Dağlıq Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi yalnız münaqişə həll edildikdən sonra, Dağlıq Qarabağa, eləcə də digər ərazilərə köçəcək insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müzakirə mövzusu ola bilər: "Lakin prosesin əvvəlində belə bir  addımın atılması şübhəsiz ki, yolverilməzdir. İndiki  şəraitdə Dağlıq Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi, mövcud status-kvonun qorunub saxlanmasına xidmət edəcək. Bu baxımdan amerikalı həmsədrin bəyanatı hansı  prinsipdən çıxış edilərək verildiyi hələ ki, bəlli deyil. Yəni bu qüvvələrin prosesin  hansı mərhələsində Dağlıq Qarabağ yerləşdirilməsi nəzərdə tutulduğu açıqlanmır. Qənaətimə görə, bu, amerikalı həmsədrin növbəti monipulyativ açıqlamasıdır. Düşünürəm ki, sözügedən məsələ danışıqlar prosesinin indiki mərhələsində tamamilə aydınlaşmış müddəlarından biri deyil".

E.Mirzəbəyli qeyd edib ki, həmsədrlərin davranışları onların münaqişənin tezliklə həllində maraqlı olduqlarını göstərmir: "Münaqişənin tez bir zamanda həll olunması ilk növbədə  Azərbaycanın maraqlarına uyğundur. Lakin  mən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, o cümlədən də amerikalı həmsədrin münaqişənin tezliklə həllində nə qədər maraqlı olduğunu deyə bilmərəm. Çünki bu onların davranışlarında o qədər də nəzərə çarpmır. İndiki şəraitdə Ermənistan yenə də özünün monipulyativ davranışlarını davam etdirir. Amma bunun müqabilində düşmən ölkəyə qarşı konkret iqtisadi, diplomatik təzyiqlərin edildiyini müşahidə etmirik".

Politoloq Rüstəm Məmmədov isə o fikirdədir ki, Rusiyanın istəyi əsasında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşalda bilər: "Vladimir Putin Yaxın Şərqdə baş verən qanlı hadisələrdə öz mövqeyini qoruyub saxlamağa çalışır. Bu mənada Rusiya Azərbaycanı özünə müttəfiq bilir. Azərbaycanı müttəfiq bildiyinə görə, Rusiya Azərbaycanın problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyir və edəcək də. Çünki Putinin başqa variantı yoxdur. Əgər Rusiya tərəfi Azərbaycana bu məsələdə kömək etməsə, Azərbaycanla münasibətlərdə soyuqluq yarana bilər. Bu baxımdan indiki zamanda inandırıcı görünmür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəməsin. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ölkə olan Ermənistanın yox, Azərbaycanın yanında olacaqdır".

R.Məmmədovun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi təəccübə və təəssüfə səbəb olmaqdadır: "Yəni hələ də Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmamasının əsas səbəbi dünya ictimaiyyətinin ikili mövqedən yanaşmasıdır. Bu baxımdan da, burada işğalçı ölkəyə qarşı hansı cəza tətbiq olunmalıdır? Bu cəza iqtisadi-siyasi sanksiyalar olmalıdır".

PƏRVANƏ

 





31.08.2016    çap et  çap et