525.Az

Erməni saxtakarlığı: işğal siyasəti fərqli formada təlqin edilir


 

ELÇİN ƏHMƏDOV: "ERMƏNİSTANIN DAĞLIQ QARABAĞIN "MÜSTƏQİLLİYİ" İLƏ BAĞLI UYDURMASI SADƏCƏ MİFDİR"

Erməni saxtakarlığı: <b style="color:red">işğal siyasəti fərqli formada təlqin edilir</b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqlarının intensivləşdiyi dövrdə işğalçı ölkə növbəti təxribata əl atıb.

Rəsmi İrəvan Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma rejimin 25 illiyini qeyd etməyə hazırlaşır. Bununla onlar yürütdükləri işğal siyasətini fərqli formada dünyaya təbliğ etməyə çalışır, təcavüz faktını inkar edir, xalqların öz müqəddəratını həlletmə prinsipini önə çəkirlər. Lakin bütün dünya video, foto faktlarda, canlı şahidlərin dilindən Dağlıq Qarabağda baş verən hadisələrdən xəbərdardır. Xarici dövlətlər Dağlıq Qarabağ və ətraf yeddi rayonu Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Hətta Ermənistan prezidenti Serj Sarkisyan da dəfələrlə nüfuzlu beynəlxalq qurumların tədbirlərində Dağlıq Qarabağın Azərbaycan torpağı olmasını özündə əks etdirən sənədlərə imzasını çəkərək bunu təsdiq edib. Lakin vasitəçi dövlətlərin, ayrı-ayrı güc mərkəzlərinin baş verən bu prosesə biganə yanaşması, Ermənistana heç bir təzyiqin edilməməsi beynəlxalq hüququn işləməməsini, ikili standartlar siyasətinin mövcud olmasını bir daha təsdiq edir.

Maraqlısı budur ki, separatçılara dəstək məqsədilə təşkil olunacaq konfrans Fransada yerləşən Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzin xətti ilə həyata keçirilir. Bu tədbirdə iştirak etmək üçün rəsmi İrəvan tərəfindən bir sıra keçmiş dövlət rəsmiləri, ictimai şəxslər, parlament üzvlərinə dəvətlər göndərilir.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Ermənistan tərəfi konfrans iştirakçılarının bu və ya digər adla işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etməyi planlaşdırır: "Ermənistanın bu tədbirlə əlaqədar gördüyü işlər gizlin şəkildə aparılır. İşğalçı ölkənin məxfi hazırlığı əslində onun çirkin niyyətlərindən xəbər verir. Rəsmi İrəvan və lobbi dairələri müəyyən maddi maraq müqabilində bəzi şəxslərin bu tədbirdə iştirak etməsini təmin etməyə çalışır".

Bildirilir ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir.

XİN konfransa dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Ermənistanın təbliğat maşınının alətinə çevrilməməyə, təxribatçı məqsədlərə xidmət edən bu konfransda və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırırıq.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxslərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Müsbət haldır ki, bir sıra ölkələrdən olan ictimai-siyasi xadimlər artıq bu tədbirdə iştirakdan imtina ediblər.

Məsələ ilə bağlı "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, "Qarabağ" Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elçin Əhmədov qeyd edib ki, Ermənistan artıq 25 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır: "İşğalçı ölkə Dağlıq Qarabağla yanaşı, ətraf yeddi rayonu da zəbt edib. Problemin sülh yolu ilə həll edilməsi üçün aparılan danışıqlardan Ermənistan müxtəlif vaxtlarda ortaya atdığı bəhanələrlə uzaqlaşmağa, prosesi pozmağa çalışıb. Bundan ötrü düşmən ölkə təxribatlara əl atmaqdan da çəkinməyib. Bu, Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyindən əl çəkmədiyini göstərir".

E.Əhmədov bildirib ki, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi danılmaz faktdır: "Ancaq işğalçı ölkə daim məsuliyyəti öz yaxasından atmağa can atır. Təcavüzkar Ermənistan Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışır, bunu həm vasitəçi ölkələrə, həm də Azərbaycana qəbul etdirmək istəyir. Lakin hazırda Ermənistanın orada qurduğu rejim qondarma qurumdur. Dağlıq Qarabağda işğalçı ölkənin yaratdığı rejim separatçılıqla məşğul olan cinayətkarlardan ibarətdir və dünyanın heç bir ölkəsi tərəfindən tanınmır".

Siyasi elmlər doktoru qeyd edib ki, Yuxarı Qarabağda 1992-ci ilə qədər, yəni, torpaqlar işğal olunanadək yaşayan ermənilər artıq orada yoxdur: "Bu gün həmin ərazilərdə cinayətkar rejim, erməni hərbçiləri və onların ailələri, eləcə də, Suriya və digər ölkələrdən köçürülmüş  imkansız ermənilər yaşayır. Onların da sayı çox az miqdardadır".

E.Əhmədovun sözlərinə görə, cari ilin aprel ayında baş verən döyüşlər göstərib ki, həmin ərazilərdə "Dağlıq Qarabağ ordusu" deyilən hərbi qüvvə yoxdur: "Dövlət başçısı İlham Əliyev də öz çıxışlarında qeyd edib ki, "Dağlıq Qarabağ ordusu" mifdir".

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla məşğul olduğunu deyən mərkəz sədri deyib ki, problemi xalqların öz müqəddəratını həlletmə prinsipi kimi qələmə verilməsi, bu gün orada guya 25 ildir qurulan qondarma rejimin "müstəqillik günü"nün qeyd edilməsi son dövrlər münaqişənin həlli ilə bağlı aparılan intensiz danışıqları pozmağa hesablanıb. Bu, həm də Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini sübut edir. Dağlıq Qarabağın müstəqilliyindən danışmaq reallıqdan kənardır. Onlar Azərbaycan torpaqlarında bir dəfə - 1918-ci ildə öz müqəddəratlarını təyin edib, Ermənistan dövləti yaradıblar. Azərbaycan Dağlıq Qarabağ torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ermənilərin uydurduğu "müstəqillik" sadəcə mifdir. Ona görə də, bu gün Ermənistan regionda baş verən geosiyasi proseslərdən kənarda qalıb. İşğalçı ölkə özünütəcrid siyasəti ilə məşğul olur. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi onu bu vəziyyətə gətirib çıxarıb. Bunun nəticəsidir ki, regionda son dövlər Azərbaycan-Rusiya-İran prezidentləri arasında danışıqlar aparılır, yeni üçlü format yaranıb, daha sonra Rusiya-Türkiyə-İran formatının yaradılması istiqamətində danışıqların aparılır, eləcə də Azərbaycan-Türkiyə-Rusiya üçlücüsü formalaşır və bunların heç birində Ermənistanın hər hansı bir səviyyədə iştirak etmir. Bu, günümüzün reallığı olduğu qədər, düşmən ölkənin yürütdüyü təcavüzkar siyasətinin məntiqi nəticəsidir. Ermənistanın nə qədər öz əhəmiyyətini vurğulamağa çalışsa da, heç bir nəticə vermir. Hətta erməni ekspertlərin özləri qeyd edirlər ki, Ermənistan regionda cərəyan edən bütün əməkdaşlıq platformalarından kənarda qalıb. Lakin rəsmi İrəvan öz məkrli niyyətindən əl çəkməyərək Dağlıq Qarabağı sözdə müstəqil "dövlət" kimi tanıtmağa çalışır, ancaq bunların heç bir faydası olmayacaq, bu cür təcavüzkar mahiyyətli siyasətin axırı iflasla nəticələnəcək".

E.Əhmədov bildirib ki, hazırda Ermənistanın nəinki Rusiya və İran, hətta Gürcüstanla da normal münasibətlər qurmaq imkanı məhduddur: "Bu gün Ermənistan böyük xaosun astanasındadır. Artıq bir aydan artıqdır ki, işğalçı ölkə siyasi, iqtisadi, sosial və demoqrafik böhran yaşayır. Ermənistanda demək olar ki, hər gün Sarkisyan hakimiyyətinə qarşı mitinqlər keçirilir. Burada diqqət çəkən ən əsas məqamlardan biri də odur ki, hər dəfə müxtəlif bəhanələrlə Azərbaycanla bağlı mənfi rəylər bildirən bəzi xarici dairələr, "Human Rights Whatch", "Amnesty İnternational", "Freedom House" kimi beynəlxalq təsisatlar Ermənistan baş verən bu cür prosesləri görməzdən gəlirlər. Düşmən ölkədə polis bölməsi rəisi cinayətkarlar tərəfindən girov götürülsə, insanlar qətlə yetirilsə də, bu təşkilatların reaksiyalarına rast gəlinmir. Halbuki, həmin təsisatlar Azərbaycanda məişət zəminində baş verən müxtəlif hadisələri siyasiləşdirərək insan haqlarının pozulması kimi qələmə verirlər".

Siyasi elmlər doktoru qeyd edib ki, eynilə bu təsisatlar kimi Qarabağ münaqişəsinin həll ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də qondarma rejimin müstəqilliyi ilə bağlı Ermənistanın təşkil etdiyi qeyri-qanuni tədbirə öz reaksiyasını göstərmir: "Halbuki, Minsk Qrupu Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə öz bəyanatlarında qeyd edib. Vasitəçi dövlətlərin Ermənistanın atdığı qeyri-qanuni addımlara öz mövqeyini bildirməməsi, baş verən proseslərə laqeyd qalması bizi kədərləndirir. Əgər onlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edirlərsə, nə üçün baş verən bu hadisələrə öz reaksiyalarını bildirmirlər? Bütün bunlar Azərbaycan ictimaiyyətini, xalqımızı üzən məsələlərdir. Biz beynəlxalq hüquqa söykənərək münaqişənin həllinə çalışsaq da beynəlxalq hüququn qeyri-işlək vəziyyətdə olduğunun, ayrı-ayrı məsələlərə ikili standarlar prizmasından yanaşıldığının şahidi oluruq. Ona görə də prezident İlham Əliyevin bildirdiyi kimi biz bütün gücümüzü Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan qüdrətlənməsinə sərf etməli, bu məsələnin istənilən vasitə ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə nail olmalıyıq".

Ceyhun ABASOV

 





31.08.2016    çap et  çap et