525.Az

Həmsədrlər bu ay Məmmədyarov və Nalbandyanla görüşəcəklər


 

Həmsədrlər bu ay Məmmədyarov və Nalbandyanla görüşəcəklər<b style="color:red"></b> ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.
 
Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
 
“Həmsədrlər tərəflərlə təmasları davam etdirir və bu ayın sonunda BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır”, - deyə diplomat qeyd edib.
 
C. Uorlik həmsədrlərin gələn həftə Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrov və digər rəsmilərlə görüşməyə ümid etdiklərini də diqqətə çatdırıb:

“Moskvada Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılıqların həyata keçirilməsini müzakirə etməyi nəzərdə tuturuq. Həmçinin, danışıqlar masasındakı hərtərəfli həllə gətirib çıxaracaq təkliflər də daxil olmaqla, növbəti addımlar barədə müzakirələr aparmağı planlaşdırırıq”.
 
Həmsədrlərin sentyabrın 8-də Moskvada məsləhətləşmələr aparması nəzərdə tutulur.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının 71-ci sessiyası sentyabrın 13-26-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında keçiriləcək.
 
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
 





01.09.2016    çap et  çap et