525.Az

Yenə o çağ olaydı...


 

Yenə o çağ olaydı...<b style="color:red"></b>

ANAR        

 

Əziz bacım Fidan! Ad günün mübarək! Hər il martın 7-sini xüsusi sevinclə, fərəhlə qeyd edərdik. Ad günlərinin birində sənə hətta şeir də yazmışdım:

 

Yüzüncü ad günündə

səni yenə salamlar

Yüz beş yaşında Anar.

 

Nə yazıq ki, bu il Yeddi martı eyni xoş ovqatla qarşılaya bilrmirik. Üç ay bundan qabaq 48 il bərabər ömür-gün sürdüyün həyat yoldaşını,hamımızın sevimlisi Raufu itirdik. On gün bundan qabaq ailəmizin ağsaqqalı, bibimiz oğlu Oqtay dünyasını dəyişdi.

 

Yadımdadır, bir dəfə dedin ki, bizim ailənin bir zəif cəhəti var, –bir-birimizə həddən artıq bağlıyıq, odur ki, çoxları üçün təbii olan itkiləri  biz daha ağır ağrılarla keçiririk.

 

Mənhus 81-ci ilin yüz günü içində atamızı və anamızı  itirdik.Mən bu yaraları ovutmaq üçün Şuşaya film çəkməyə qaçdım, sən İraqa getdin. Orda ömründə ilk dəfə şeir yazdın, mənimçün sonsuz həsrət və kədərin ifadəsi olan şeiri yalnız mənə oxudun və söz aldın ki,onu heç kəsə göstərməyəcəm.Sözümə əməl etmədim.Bu şeiri “Sizsiz”ə əlavə etdim.Anamıza ünvanlanmış bu şeiri bu gün də həyəcansız oxuya bilmirəm:

 

Bu gecə,bu gecə

keçəcək qorxular,vahimələr

Gələcək yerinə xəyallar

 açılacaq cənnət qapıları

            taybatay

Səni görəcəm

           sağ-salamat

Əlini uzadıb  sığallayacaqsan

                ipək saçlarımı

Bağrına basacaqsan məni

Deyəcəksən:qorxma

mən yanındayam

Nədənsə kəkotu ətri

gələcək cənnətdən

Ürəyimin çilik-çilik qəlpələri

cingildəməyəcək   içimdə

Boğazıma tıxanacaq

            yaş düyünü

                    səsini eşidəndə

Deyəcəksən yenə: “ay aman

                bu qız nə arıqdı,

Canına bir az fikir ver,ay bala!

Uğunub güləcəyik

                 əvvəl mən,

                              sonra sən

Elə-belə səbəbsiz,

uğunub güləcəyik ürəkdən

Xoşbəxt gülüşümüz

              səslənəcək cənnətdə

Qorxusuz, itkisiz,

ölümsüz cənnətdə.

 

Tək bir bu şeirinə görə deyil, bədii əsərlər barədə dəqiq və dürüst mülahizələrinə,üç dildən – ruscadan, ərəbcədən, Türkiyə  türkcəsindən  etdiyin  tərcümələrinə əsaslanaraq  səni sövq edirəm ki, ədəbiyyatla məşğul olasan,yazılar yazasan.- Bir ailədə nə qədər yazıçı olar?-deyə sözümü zarafata salırsan.Hər halda mənimçün yazı-pozumun ən mötəbər,ən tələbkar tənqidçisi və çox vaxt ilk oxucusu sənsən.Filmlərimə,tamaşalarıma güzəştsiz qiymət  verən  də sənsən.Yazdıqlarım haqqında  nadir hallarda səndən müsbət rəy eşidirəm.Amma  nadir hallarda belə fikir eşidəndə bilirəm ki,bu yüksək  zövq sahibinin gerçək və təmənnasız verdiyi qiymətdir.

 

Ata-ana evində  birgə yaşadığımız xoşbəxt illər,Buzovna bağımızın min bir xatirəsi gözlərim önündən bir-bir keçir.Hər axşam Çexovun bir hekayəsini oxuduğumuz,bir-birimizlə fikir mübadiləsi etdiyimiz yeniyetməlik çağımız,sənə Füzulinin şeirlərini izah etməyə çalışdığım gənclik illərimiz.Bundan əvvəl Buzovna bağındakı qayğısıh uşaqlığımızın min bir oyunları, zarafatları, şıltaqlıqları... Yaşca səndən böyük olduğumdan sui –istifadə  edərək: belə geyinmə,elə geyin,ora getmə, bura get, – deyə səni yersiz incitdiyim məqamlar...Bağda bir axşam işığı yandırarkən səni  yüngülvarı tok vurmağı və  dərhal: Anar di sağ ol,mən öldüm-deyə tam ciddiliklə mənimlə “vidalaşdığın...”

 

Atamdan gələn sərtlik,-heç nədən çəkinmədən sözü üzə şappadan açıq demək xasiyyəti səndə məndən artıqdır. Anamdan gələn kübarlıq,həssaslıq,incəlik də  məndən çox sənə pay düşüb. Əminəm ki,ədəbi,elmi,ictimai həyatda da məndən çox- çox yüksək məqamlara çata bilərdin.Bu işdə mən bir az zirək çıxıb qabağa düşmüşəm. Amma məgər  fəxri adların,növbənöv  titulların bir əhəmiyyəti var?İnsan olmaq yazıçı olmaqdan da,alim olmaqdan da,yüksək vəzifə sahibi olmaqdan da yüz qat üstündür.Ən müxtəlif müqamlarda ən müxtəlif adamların iftixarla söylədikləri :Mən  Fidan xanımın tələbəsi olmuşam –sözləri  ən yüksək mükafat deyilmi? Müəllim adının təmizliyini,ləkəsizliyini qoruyub saxlamaq yüz nemətə,sərvətə sahib olmaqdan qat-qat şərəfli  deyilmi? Sözünün başı da, axırı də “mənəm,mənəm” olanların arasında sənin əsl kübar və ziyalı ləyaqətin,

 

təvazzön,iddəasızlığın  zəmanəmizda,bizim çağda barmaqla göstərilən istisnadır.Çağ demişkən,son günlərdə yazdığım bir şeiri sənə ithaf etmək istəyirəm.Bilirəm,deyəcəklər,bir kiçik  yazıda nə qədər şeir olar?Hətta onu da deyəcəklər:bunlar haçandan şair oldular. Desinlər.Şair deyilik,amma iki şair övladının hərdən birdən şairlik azarı tutursa,bu qəbahətdirmi? Yazımı unudulmaz şairimiz Mikayıl Müşfiqin misralarına söykənən   şeirimlə bitirir və səni bir daha  ad günün münasibətiylə təbrik edirəm.

 

Buzovnada,sahildə

Qayaların üstündə

Qarğı-qamış çəpərli,

Quyulu,            

Narın qumlu,

Gah sakit, gah küləkli

Ağ tutlu, qara tutlu,

Əncirli, vərəncilli

Şanili, pişirazlı

Sarı gilə üzümlü

Gündüz qonaq-qaralı

Gecə ulduzlu, aylı

Yuxumuzu qaçıran

Sancan ağcaqanadlı

Yenə o bağ olaydı.

Ömrün gözəl günləri,

Qayğısız,təmənnasız,

Şip-şirin ümidlərlə

Dop-dolu çağ olaydı...

Möcüzə baş verəydi

anamız sağ olaydı.

atamız sağ olaydı...

Yenə o bağ olaydı,

Yenə o çağ olaydı...

6 mart 2013

 

 





07.03.2013    çap et  çap et