525.Az

Bakı İstedadlar Təhsil Kompleksi şagirdlərinə təqaüd sertifikatları təqdim edildi


 

Bakı İstedadlar Təhsil Kompleksi şagirdlərinə təqaüd sertifikatları təqdim edildi<b style="color:red"></b>

Bu gün Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) yeni tədris ilin açılışı münasibəti ilə tədbir keçirilib.
 
"APA-Economics" xəbər verir ki, tədbirdə yerli və xarici müəllimlər, məktəbin heyəti, şagird və onların valideynləri iştirak ediblər. Bu il açılış tədbirinə məktəbin tərəfdaşı olan SOCAR prezidenti Rövnəq Abdullayev də qatılıb. Məktəbin direktoru Sigve Austheim salamlama nitqi ilə tədbirin açılışını elan edib. Direktor məktəbdə Kembric Əsas Tədris planının tədris olunduğunu bildirib: "Bu il məktəb tərəfindən 8 azərbaycanlı müəllim Nottinqem Universitetinə PGCEi ixtisas artırma kurslarına göndərildi, gələn ildə də yerli müəllimlərin ixtisas artırma təlimlərinə göndərilməsi nəzərdə tutulur".

Daha sonra SOCAR prezidenti çıxış edib, şirkət və ölkənin inkişafı üçün insan resurslarının əhəmiyyətindən danışıb. R. Abdullayev SOCAR-ın transmilli şirkətə çevrilərək, Azərbaycanın aktivlərini beynəlxalq miqyasda məharətlə idarə etdiyini qeyd edib: "Bu gün SOCAR Azərbaycanda ən çox işçisi olan şirkətdir. İnvestisiya layihələrimiz Azərbaycanın dövlət büdcəsinə milyardlarla əlavə gəlir gətirməkdədir".
 
Sənaye obyektlərinin əhəmiyyətindən söz açan SOCAR prezidenti, hər bir inkişafın əsasında duran insan amilinin rolunu vurğulayıb, şirkət və ölkənin gələcək inkişafını ilk növbədə məhz yüksək savadlı gənclərin yetişdirilməsi ilə əlaqələndirib.
 
BİTK, Bakı Ali Neft Məktəbi (BANM) və sair bu kimi təhsil ocaqlarının tərəfdaşı olan SOCAR ölkədə təhsilin inkişafına mühüm töhfələr verir. Tələbələrə keyfiyyətli təhsil imkanı yaratmaq və daha yüksək nəticələrə təşviq etmək üçün şirkət tərəfindən bir sıra təşviqat tədbirləri həyata keçirilir. Yerli və xarici ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr arasında təqaüd müsabiqələri keçirilir. Hazırda yüzlərlə tələbələr SOCAR təqaüdü ilə ölkə daxilində və xaricdə keyfiyyətli təhsil alırlar.
 
Tədbirdə qeyd olunub ki, bu ildən etibarən SOCAR-ın təqaüd müsabiqəsi həm də BİTK-nin orta məktəb şagirdləri üçün keçirilmiş, Britaniya proqramı üzrə keçirilən müsabiqənin nəticələri Böyük Britaniyada müstəqil nəzarətçilər tərəfindən yoxlanılıb. İmtahan iştirakçılarından səkkiz şagird - Elfi Əliyeva, Yüksəl Bədəlov, Arslan Məhərrəmli, Ömər Qəhrəmanov, Lyudmila Podqornaya, Aslan Hüseyn, Camal Hüseyn və Nihat İbrahimov ən yüksək nəticə əldə edib, SOCAR-ın təqaüdünə layiq görülüblər.
 
SOCAR prezidenti təqaüd sertifikatlarını gənc mükafatçılara təqdim edib, onları təbrik edib. Tədbirin davamında təqaüdçülər və onların valideynləri çıxış edib, belə bir imkanın təşkil olunmasına görə təşəkkürünü bildiriblər. Tədbirdən sonra SOCAR-ın prezidenti məktəbdə baxış keçirib, SOCAR-ın dəstəyi ilə aparılmış əsaslı təmir işlərinin nəticələri ilə tanış olub.
 
Qeyd edək ki, BİTK 2012-ci ildə Britaniya məktəbi kimi SOCAR-ın dəstəyi ilə təsis olunub. Məktəbdə tədris Britaniya kurrikulumu əsasında yerli və xarici müəllimlər tərəfindən aparılır.

 





05.09.2016    çap et  çap et