525.Az
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən R. Ağcabəyov 13 il, M. Vladimir 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir bir qədər əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.
Rufan Ağcabəyov və Martin Vladimirin 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən, “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etdikləri bildirilib.
Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib.
Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.
06.09.2016
çap et