525.Az

"İŞİD"ə qarşı mübarizədə Türkiyə, ABŞ və Rusiyanın razılığa gəldiyini düşünürəm"


 

"İŞİD"ə qarşı mübarizədə Türkiyə, ABŞ və Rusiyanın razılığa gəldiyini düşünürəm"<b style="color:red"></b> Saxta “Ergenekon” və “Balyoz” cinayət işlərində ittiham olunaraq ömürlük həbsə məhkum edilən və 3,5 il həbsdə qalan Cümhuriyyət Xalq Partiyasının (CHP)  İstanbul millət vəkili, Böyük Millət Məclisin Milli müdafiə komissiyasının üzvü, Baş Qərargahın sabiq şöbə müdiri, istefada olan polkovnik Dursun Çiçəyin müsahibəsi
 
- Türkiyənin cənub sərhədlərindəki hərbi əməliyyatlar barədə nə demək istərdiniz? Rusiyadan və ABŞ-dan fərqli açıqlamalar verilir, gəlinən nöqtəni siz necə dəyərləndirirsiniz?
 
- Burada Türkiyənin varlığı problemindən söhbət gedir, Suriyanın şimalındakı dəhliz məsələsi Türkiyə üçün həyati dərəcədə önəmli məsələdir. Çünki o dəhliz Türkiyənin cənubunun Orta Şərqlə əlaqəsini kəsə bilər, ona görə Türkiyə bu məsələdə güzəştə gedə bilməz. İraq və Suriyadakı kürdçü təşkilatların Fərat çayının qərbinə keçərək Türkiyəni cənubdan mühasirəyə almasına Türkiyə qətiyyən imkan verə bilməz. Belə bir niyyətləri varsa, bir an əvvəl ondan vaz keçsinlər.
 
- Fərat çayının qərb sahilinə niyə keçmək istəyirlər?
 

- Həm dənizə açılmaq həm də İsrail-ABŞ layihəsi olan Böyük Kürdüstanı qurmaq istəyirlər. Türkiyədəki qarışıqlıqdan istifadə edərək bunu həyata keçirməyə çalışdılar. Bu məsələ ilə bağlı ABŞ Türkiyəyə söz verib. Yəni, kürdlər Fəratın sağ sahilinə keçsələr belə, daha sonra geri çəkiləcəklər. Ancaq onlar bundan sui-istifadə etməyə çalışaraq orada qaldılar. Türkiyənin iki əli qanda olsa da, bu məsələdə güzəştə getməsi mümkün deyil, Türkiyə qərarlıdır. Bilirsiniz ki, Kilisin cənubundan da əməliyyata başladıq. Fəratın qərbində Türkiyə özünün mühasirəyə alınmasına icazə verə bilməz, bu, böyük bir təhlükəsizlik problemi yaradar.
 
- İndi Fərat çayının şərq sahilində kürdlər mövqe tutub, sağ sahilində isə türk ordusu var. Böyük savaş başlaya bilərmi?
 
- Yox, savaş-mavaş başlamaz, ABŞ heç kim üçün savaşmaz. Oradakı türkmənlərin, ərəblərin torpaqlarını əllərindən alıb bölgəni kürdləşdirməyə çalışan, imperialistlərə xidmət edən kürdləri deyirəm. Yerli kürdlər orada yaşasın, bunu Türkiyə də istəyir. Ancaq torpaq işğal etmə həvəsində olan kürdlərə deyirəm, onların Fərat çayının qərb sahilində işləri yoxdur, çünki orada torpaqları da yoxdur. Çox təkid edərlərsə, Afrindəki kantonları da əllərindən gedər. Türkiyənin gücünü və səbrini sınaqdan keçirməsinlər. ABŞ-la əldə edilmiş razılaşmaya uyğun şəkildə əməliyyat bitib, ona görə də Fəratın şərqində qalsınlar.
 
- Həm istefada olan hərbçi və həm də millət vəkili kimi bu məsələlərlə bağlı Baş Qərargahdan məlumatlar ala bilirsinizmi?
 
- Bu məsələ ilə bağlı mən Baş Qərargahın əməliyyatlar idarəsinin rəisi olan müdavim yoldaşımla hələ keçən il danışmışdım. Türkiyənin milli siyasətinin çox qəti olduğunu o vaxtdan bilirdim. İŞİD Kilisə bombalar atanda CHP olaraq biz sərhədin o tərəfinə 70 km. keçilməsinin lüzumunu gündəmə gətirmişdik, o məsələdə hökumətə həmişə dəstək veririk. Ancaq ABŞ və Rusiya ilə olan bəzi problemlərə görə hökumət lazımi addımları ata bilməmişdi. Kürdlər qərbə tərəf irəliləyib, xəbərdarlıqları qulaqardına vurmağa başlayınca Türkiyə başqa alternativi olmadığına görə silahlı gücdən istifadə etmək məcburiyyətində qaldı. Bilirsiniz ki, oraya piyadalarımız girməyib, orada Azad Suriya Ordusunun gücündən istifadə edilir, Türkiyə tank və təyyarələrlə bölgəyə nəzarət edir. Türkiyə cənuba da enə bilər. Kürd qruplarının oradan könüllü şəkildə uzaqlaşmasını istəyirik, əksi-təqdirdə, hərbi qüvvədən istifadə edib oraları boşaltdıracağıq.
 
- Türkiyə Hələb məsələsinə çox önəm verir. Suriya dövlət ordusu Hələbi mühasirəyə alıb, həlledici hücum üçün fürsət gözləyir. Digər tərəfdən, orada Səudiyyə Ərəbistanı və Qətərin maliyyələşdirdiyi cihadçı qüvvələrin olmasından söhbət gedir. Türkiyənin Hələbə doğru yol alması ehtimalı nə dərəcədə güclüdür?
 

- Hələb çoxmədəniyyətli bir şəhərdir, Qərbdə bunun Sarayevo, Brüssel kimi örnəkləri var, İŞİD-in əlindən alınarsa, Mosul da o cür bir şəhər ola bilər. Ona görə də Hələbi müştərək bir üsul-idarə ilə idarə etmək lazımdır. Rusiyanın, Türkiyənin və ABŞ-ın bu siyasətə dəstək verəcəyini bilirəm. Növbəti mərhələdə Mosulun da eyni metodla idarə edilməsi çox faydalı olacaq.
 
- Mosulu mühasirəyə alırlar. Oranın İŞİD-dən alınması üçün hücum başlayanda Türkiyə aktiv şəkildə o işin içində olacaqmı?
 
- İŞİD mühasirəyə alınır, imkanları daralır, ona görə də 2017-ci ildə İŞİD-in bu coğrafiyada təsirli ola bilməyəcəyini söyləyə bilərəm. İŞİD-ə qarşı mübarizədə ABŞ, Rusiya və Türkiyənin razılığa gəldiyini düşünürəm. Ona görə, Suriya və İraqda 2017-ci ilin daha yaxşı il olacağına inanıram. Bölgədəki kürdlər, ərəblər  və türkmənlərin bu qədər ölümlərdən sonra ən düzgün qərarı qəbul edəcəklərinə düşünürəm. Mosul və Hələb kimi böyük şəhərlərdə müştərək üsul-idarə tətbiq ediləcək, başqa yerlərdə isə əvvəldən orada yaşamış insanların demokratik üsuli-idarəsi yaradılacaq.
 
- Suriya və Misir məsələsində partiyanızın fərqli siyasəti oldu, siz daim kommunikasiya kanallarını açıq tutdunuz, başda hörmətli Faruk Loğoğlu olmaqla, yüksək səviyyəli nümayəndələriniz Dəməşqə və Qahirəyə getdilər. Sizcə, hal-hazırda Türkiyə CHP-nin müdafiə etdiyi mövqeyə gəlibmi?

 
- Hökumət başını sağa-sola vuraraq gəldi, Türkiyə o siyasətdən xeyli zərər gördü. İraqın da, Suriyanın da gələcəyinə oradakı vətəndaşlar qərar verməlidirlər. Böyük Atatürkün dediyi kimi, biz “yurdda sülh, cahanda sülh” siyasətini həyata keçirəcəyiksə, onları Türkiyəyə gətirib demokratiyaya hazırlamalıyıq. Türkiyə istər İraqın, istərsə də Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Bütün sosial qruplar idarəçilikdə iştirak etməlidirlər. Biz bu mövqedə dayanmağa davam edəcəyik.
 
- Hal-hazırda Türkiyə terrorun müxtəlif növləriylə mübarizə aparmaqdadır ki, bunun biri də FETÖ-yə qarşı mübarizədir. Siz də FETÖ-nün zülmündən əziyyət çəkmiş insansınız. Sizcə, Türkiyə bu mübarizədən daha da güclənərək çıxa biləcəkmi?
 

- Başqa hərbçi yoldaşlarım kimi, mənə də ağıl və məntiqin qəbul etməyəcəyi yalanlardan ibarət bir tələ qurulmuşdu. Əvvəllər AKP bunun tələ olduğunu qəbul etmirdi, ancaq gəldiyimiz nöqtədə AKP də işin mahiyyətini anladı. Fətullah Gülənin imperializm maşası olduğu Türkiyədəki bütün vətəndaşlarımız tərəfindən qəbul edildi. Türkiyə bir daha yaşadığı səhvləri yaşamadan keçmişdən dərs çıxarmalıdır. Biz güclü milli ordumuz, polisimiz, kəşfiyyatımızla  gələcəyə doğru irəliləməliyik. 15 iyulda biz milli mövqe nümayiş etdirdik. Türkiyə vətəndaş müharibəsindən geri döndü. Gələcəkdəki seçkilərdə bu iqtidarın da bir vaxtlar FETÖ-nü dəstəklədiyinə görə xalq tərəfindən cəzalandırılacağına inanıram.
 
- Azərbaycan da FETÖ-yə qarşı radikal qərarlar qəbul etdi. Bu mübarizədə Azərbaycana tövsiyələriniz  varmı?
 
- Mən Azərbaycana 3 dəfə getmişəm. Ermənistanın son işğalçılığı dönəmində Böyük Millət Məclisini təmsil etmək üçün Azərbaycanda olduq. Şəhidlərimizə təziyyə ziyarətinə getdik. Azərbaycan bizim qardaşımızdır və bizim kimi eyni sıxıntıları yaşamasını istəmirik. Bu amerikan əlaltısı və imperializmin maşası olan təşkilatın bütün şöbələrinin qapadılmasını, bütün məktəblərin və şirkətlərin milliləşdirilməsini istəyirik. Türk cümhuriyyətlərinin hamısında FETÖ məktəblərinin qapadılması lazımdır. Hörmətli Əliyevin gördüyü tədbirlərin hamısı yerindədir. Tədbir görülməzsə, bunlar eyni çevriliş təşəbbüsünü orada da edərlər. Azərbaycanlı qardaşlarıma sevgi və sayğılarımı göndərirəm. Məqsədimiz dünyanın hər yerində güclü bir türk ulusu yaratmaq olmalıdır.

APA
 





07.09.2016    çap et  çap et