525.Az

ADPU yeni tədris ili ərəfəsində


 

ADPU yeni tədris ili ərəfəsində<b style="color:red"></b>

Yeni – 2016-2017-ci tədris ili ölkənın tanınmış ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) üçün uğurlu göstəricilərlə başlayıb.
 
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ADPU-ya və onun filiallarına yeni tədris ilində tələbə qəbulunun ilkin nəticələrinin təhlili bu ali təhsil müəssisəsinin inkişaf istiqamətlərinin və müsbət meyillərin müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Belə ki, 2016-2017-ci il tədris ilində ali təhsilin bakalavriat səviyyəsində ADPU-nun Azərbaycan bölməsinə 2090 nəfər, rus bölməsinə isə 230 nəfər olmaqla bütövlükdə 2320 nəfər tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu. 1258 nəfər dövlət sifarişi əsasında, 896 nəfər isə ödənişli əsaslarla qəbul olunublar. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 nəfər tələbə qəbul olunub. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 nəfər qəbul olunub ki, onlardan 164 nəfəri dövlət sifarişi əsasında, 239 nəfəri isə ödənişli əsaslarla üzrədir. Builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunan tələbələr ümumilikdə universitetə qəbul olunan tələbələrin təxminən 80%-ni təşkil edib. Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma faizi 97,18%-i təşkil edib. Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42%-i təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. Bütövlükdə isə bu il ali təhsilin həm bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəricilər əvvəlki illərlə müqayisədə xeyli uğurludur. Digər ali təhsil müəssisələri ilə müqayisədə ADPU-da dövlət sifarişi əsasında yerlərin çoxluğu dövlət tərəfindən müəllim peşəsinə qəbul olunanlara rəğbətləndirmənin tətbiqinin nəticəsidir.

Qeyd edək ki, bu il ADPU-ya “Fizika müəllimliyi”, “İnformatika müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Korreksiyaedici təlim”, “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Kimya və Biologiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi” (qızlar üçün fiziki tərbiyə) ixtisasları üzrə ilk dəfə rus bölməsinə tələbə qəbulu aparılıb. Əvvəlki illərdə rus bölməsinə yalnız “Tarix müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Biologiya müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu aparılırdı. Bu il isə rus bölməsinə 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və 140 nəfər tələbə daxil olub. Bu da əvvəlki illərlə müqayisədə faiz göstəricisinə görə müsbət göstəricidir. Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir.

Məlumatda bildirilib ki, hazırda ADPU-da əsaslı və cari təmir işləri başa çatmaq üzrədir. Bu da öz növbəsində təhsil-tədris və əmək şəraitinin yaxşılaşmasına, həmçinin universitetin yeni imicinin formalaşmasına müsbət təsir edəcəkdir. Sentyabrın 14-də ADPU-nun bütün fakültələrində I kursa qəbul olunmuş tələbələrlə görüş keçiriləcək. Görüşün keçirilməsində məqsəd tələbə-gəncləri universitet, eləcə də təhsil alacaqları fakültə ilə tanış etmək, onları Boloniya prosesi, kredit sistemi, tədris və imtahan prosesi, dərsə davamiyyət və davranış qaydaları, ictimai-mədəni tədbirlərdə iştirak barədə məlumatlandırmaqdır.

S.QARAYEVA

 





07.09.2016    çap et  çap et