525.Az

Ermənistan ordusunda ölüm halları artıb


 

DÜŞMƏN ORDUSUNDA MÖVCUD PROBLEMLƏR ƏSGƏRLƏRİN ÖZÜNƏ QƏSD ETMƏSİ VƏ YA BAŞQASI TƏRƏFİNDƏN ÖLDÜRÜLMƏSİ KİMİ CİNAYƏT HADİSƏLƏRİNƏ SƏBƏB OLUR

Ermənistan ordusunda ölüm halları artıb<b style="color:red"></b>

Son dövrlər Ermənistan ordusunda cinayət hallarının sayı sürətlə çoxalır. Bu bəzən əsgər ölümü, bəzən isə yaralanması və ömürlük şikəstliklə nəticələnir.

Statistik məlumatlara görə, 2010-2015-ci illərdə 206 ölüm faktı qeydə alınıb. Ən dəhşətlisi isə budur ki, ölüm hallarının əksəriyyəti qeyri-döyüş şəraitində baş verib. Bu itkilərin 48-i özünəqəsd, 43-ü isə başqası tərəfindən qətlə yetirmə faktlarıdır. Lakin cari ilin aprel döyüşlərindən sonra bu göstəricilər daha da artıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, aprel hadisələrində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yaralıların bir çoxunun vəziyyəti hələ də ağır olaraq qalır ki, bu da itkilərin sayının artacağını istisna etmir.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun endirdiyi sarsıdıcı zərbələrdən bir neçə ay sonra özünə gələn Ermənistandakı bəzi siyasətbazlar və hərbi cinayətkarlar aprel döyüşlərini şərh edərkən, guya güclü müqavimət göstərdiklərindən Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmağa məcbur olması barədə absurd fikirlər də səsləndirirlər: "Azərbaycan əsgərinin silahının gücünün bir qismini üzərində hiss edən erməni tərəfi yaxşı bilir ki, bu addım erməni təxribatının qarşısının alınmasının nəticəsi idi. Bir daha bildiririk ki, əgər erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsə, bu, Ermənistandakı hərbi-kriminal rejimin məhvinə, onların şəxsi faciəsinə və erməni xalqının mənasız itkilərinə səbəb olacaq".

Məsələ ilə bağlı "525"ə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maairfləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, Ermənistanda cinayətkar bir rejim hakimiyyətdədir: "Bu rejimə Azərbaycan torpaqlarının işğalında, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş Serj Sarkisyan rəhbəlik edir. Bu hakimiyyətin başında duranlar vaxtilə Ermənistan parlamentində silahlı hücumun təşkil edilməsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı, erməni xalqının aclıq, səfalət içində yaşaması, bu ölkənin bütün regional layihələrdən təcrid olunması, sosial-iqtisadi problemlərin getdikcə daha da dərinləşməsində günahkardırlar".

Birlik sədri hesab edir ki, Ermənistan ordusunda nizam-intizamsızlıq, özbaşınalıq, qida çatışmazlığı, maddi-texniki təminatının, mənəvi-psixoloji hazırlıq səviyyəsinin bərbad vəziyyətdə olması hərbçilər arasında qarşıdurmaya gətirib çıxarır ki, bu da sonda əsgərlərin özünə qəsd etməsi və ya başqası tərəfindən öldürülməsi kimi cinayət hadisələri ilə nəticələnir: "Statistik məlumatlar da sübut edir ki, Ermənistanda bu baxımdan vəziyyət getdikcə daha da pisləşir. Hakimiyyətdə olan cinayətkar rejim isə bu problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Çünki qeyd etdiyim kimi iqtisadi problemlər, sosial vəziyyətin ağırlığı nəinki orduda, hətta mülki həyatda da ermənilərin öz canlarından bezməsi, oğurluq, quldurluq kimi cinayət hallarının artmasına səbəb olur. Ona görə də Ermənistanda əsgər valideynləri öz övladlarını hərbi xidmətə göndərməkdən imtina edir, Sarkisyan rejiminə qarşı etiraz aksiyalarında bunu dəfələrlə dilə gətirirlər. Lakin həmin mitinqlərin qarşısı hakimiyyət tərəfindən zor gücü ilə alınır".

E.Həsənli qeyd edib ki, Azərbaycanda isə tamam fərqli vəziyyət hökm sürür: "Həddi-buluğa çatmış azərbaycanlılar Vətənə xidmət borcunu yerinə yetirmək üçün ordu sıralarına qoşulurlar. Dövlət onların bütün problemlərinin həlli istiqamatində müvafiq addımlar atır. İstər maddi-texniki təminat, istər ərzaq təhlükəsizliyi, istərsə də digər göstəricilərinə görə Azərbaycan Ordusu dünyada nümunəvi dövlətlərdən birinə çevrilib".

Azərbaycan Ordusunun Ermənistanla müqayisəgəlməz gücünə aprel döyüşləri zamanı bütün dünyanın şahid olduğunu deyən hərbi ekspert bildirib ki, aprel ayında cəbhə boyu baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi böyük şücaət, qısa zaman ərzində iki min hektar ərazinin işğaldan azad edilməsi işğalçı rejimin uydurduğu mifləri tamamilə alt-üst edib: "20 ildir ki, Ermənistan hakimiyyəti xalqı inandırmağa çalışırdı ki, guya onların güclü ordusu, keçilməz müdafiə xətləri var. Bütün bunların yalnız mifdən ibarət olduğunu aprel ayında baş verən dördgünlük müharibə zamanı Azərbaycan əsgəri ortalığa qoyub. İki saat ərzində ermənilərin keçilməz Ohanyan xətti ordumuz tərəfindən darmadağın edilib, düşmən böyük itki verərək geri çəkliməyə məcbur olub. Bu məğlubiyyət ermənilərə həm də psixoloji zərbə vurub. Bu hadisələr Ermənistan əsgərinin döyüş ruhunun olmamasını, dövlət səviyyəsində hərbi hazırlığın qeyri-mövcudluğunu ortaya qoyub. Əksinə dördgünlük müharibə ilə Azərbaycanda vətəndaş həmrəyliyinin, güclü dövlətin, vahid komandanlığa əsaslanan ordunun olması bir daha öz təsdiqini tapıb".

E.Həsənli bildirib ki, nəticədə gözlənildiyi kimi Ermənistanda əhali ayağa qalxıb, hətta dövlətə qarşı silahlı təxribatlar da həyata keçirilir: "Ermənistandakı proseslər çox pis məcraya doğru gedir. Onlar gec-tez bu vəziyyətə düşməliydi. Onlar beynəlxalq hüquqa, insanlığa qarşı heç vaxt ədalətli mövqe tutmayıblar".

Hərbi ekspert qeyd edib ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq işğalçı ölkə Dağlıq Qarabağı qısa zamanda boşaltmağa məcburdur: "Bunun alternativi yoxdur. Azərbaycan bu qədər silah-sursatı, hərbi texnikanı sərgi üçün almadığını aprel ayının əvvəllərində ortaya qoyub. Dünya birliyi də gördü ki, münaqişə bu vəziyyətdə qala bilməz. Proses mütləq ədalətli həllini tapmalıdır".

Azərbaycanda ordu quruculuğunun dövlətimizin daim diqqət mərkəzində olduğunu deyən E.Həsənli bildirib ki, buna görə də Azərbaycan ordusu peşəkar, qüdrətli hərbi qüvvəyə çevrilib: "Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt olunduğu üçün bizim əsas vəzifəmiz işğala son qoymaqdır. Bu məqsədlə Azərbaycan geridə qalan dövr ərzində iqtisadiyyatını inkişaf etdirərək ordu quruculuğu istiqamətində də mühüm işlər görüb. Ölkə rəhbərliyi Silahlı Qüvvələrin maddi-texniki bazasını gücləndirmək, ordunu müasir silah-sursat və hərbi texnika ilə təmin etməklə bərabər hərbi kadr hazırlığına da ciddi diqqət yetirib".

E.Həsənli qeyd edib ki, bu gün Azərbaycan dövləti ordunun silahlanması məsələsinə xüsusi diqqət yetirir: "Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərimizi təmin etmək imkanındadır".

Hərbi ekspert bildirib ki, Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığı var: "Bu dövlətin hərbi sahəyə ayırdığı diqqət və qayğının nəticəsidir. Keçirilən zəruri təlimlər hərbçilərimizin döyüş əhval-ruhiyyəsini daha da artırır, yüksək hazırlıqlı peşəkar hərbi kadr kimi yetişməsinə imkan verir. Məşhur bir deyimdə deyildiyi kimi, təlimdə çox tər tökən, döyüşdə az qan tökər".

QHT sədri deyib ki, aprel döyüşləri Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu göstərib: "Bütün parametrlərə - silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir".

E.Həsənli vurğulayıb ki, bizim əsas məqsədimiz işğal olunan torpaqlarımızı düşməndən azad etmək, Ermənistanın ölkəmizə qarşı təcavüzünü dayandırmaqdır: "Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. Şükürlər olsun ki, bu gün Azərbaycanda ordu-xalq-dövlət birliyi var. Bu bizi böyük qələbəyə daha da yaxınlaşdırır".

Ceyhun ABASOV

 





07.09.2016    çap et  çap et