525.Az

“Referendum Aktı müasir dövrün çağırışlarına uyğundur”


 

“VİTSE-PREZİDENTLİK İNSTİTUTU PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ HƏYATA KEÇİRİLƏN İSLAHATLARA DİNAMİZM GƏTİRƏCƏK, QƏBUL OLUNAN QƏRARLARIN ÇEVİK YERİNƏ YETİRİLMƏSİNİ TƏMİN EDƏCƏK”

“Referendum Aktı müasir dövrün çağırışlarına uyğundur”<b style="color:red"></b>

“Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunan referendum Azərbaycan dövləti, xalqı üçün yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin bu təşəbbüsünü inkişafa doğru atılan bir addım kimi qiymətləndirmək lazımdır”.

Bu sözləri “525”ə Strateji Tədqiqatlar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə çıxarılacaq “Referendum Aktı”na münasibət bildirərkən deyib.

O qeyd edib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycan dövlətinin davamlı inkişafına hesablanıb:

“Ölkəmizin stabil, təhlükəsizlik şəraitində inkişafı üçün müasir dövrün tələblərinə uyğun qərarlar qəbul etmək, dövlət strukturlarının fəaliyyətini daha da təkmilləşdirmək vacibdir”.

Təklif olunan dəyişikliklər arasında olan vitse-prezidentlik institutu ilə bağlı danışan R.Alıyev deyib ki, Azərbaycan üçün yeni olan bu siyasi model bir çox xarici ölkələrdə uzun illərdir mövcuddur:

“Azərbaycanın idarəçilik sistemində vitse-prezidentlik institutu Prezident tərəfindən həyata keçirilən islahatlara dinamizm gətirəcək, qəbul olunan qərarların çevik yerinə yetirilməsini təmin edəcək”.

Politoloq qeyd edib ki, vitse-prezidentlər ölkə başçısı tərəfindən təyin olunacaq və müxtəlif istiqamətlər üzrə idarəçilikdə özünə yer tutacaqlar:
 
“Dövlət rəhbərinə tabe olaraq fəaliyyət göstərəcək vitse-prezidentlər həm daxili, həm də xarici siyasətdə dövlətyüklü məsələlərin çeviş şəkildə öz həllini tapmasında prezidentə dəstək olacaqlar. Ona görə də hesab edirəm ki, bu institutun yaradılması Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdıırlması baxımdan mütərrəqqi bir addım olacaq”.

R.Alıyev bildirib ki, təklif olunan dəyişikliklər qəbul olunduqdan sonra prezident tərəfindən verilən fərman və sərəncamlar tez bir zamanda öz həllini tapacaq:
 
“Bu da son dövrlər ölkədə Prezident tərəfindən aparılan islahatları daha da dərinləşdirəcək, prosesə yeni keyfiyyət gətirəcək”.

Ceyhun ABASOV

 





08.09.2016    çap et  çap et