525.Az

Roma Papası Bakıya Qarabağ mesajı ilə gəlir


 

VATİKAN RƏHBƏRİNİN "HAMIMIZ QARDAŞIQ" ŞÜARI ALTINDA BAŞ TUTACAQ SƏFƏRİ REGİONDA SÜLHÜN BƏRPASINA TÖHFƏ VERƏCƏKMİ?

Roma Papası Bakıya Qarabağ mesajı ilə gəlir<b style="color:red"></b>

Sentyabrın 30-da Roma Papası Fransiskin Azərbaycana səfəri gözlənilir. Vatikan rəhbərinin ölkəmizə planlaşdırılan səfəri "Hamımız qardaşıq" şüarı altında həyata keçiriləcək.

Vatikandan verilən məlumata görə, sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Roma Papası Fransisk Gürcüstanda da olacaq.

Bundan əvvəl isə o Ermənistanda səfərdə olub. Qondarma erməni soyqırımı kampaniyasına verdiyi dəstəklə türk dünyasında özünə qarşı mənfi rəy formalaşdıran Roma Papası cari ilin iyunun 24-də İrəvanda olarkən verdiyi bəyanatlarla bir daha diqqət mərkəzinə düşmüşdü. Fransisk Ermənistanda "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" fikrini səsləndirmişdi. Bu fikir Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də, diplomatik dillə İrəvanda verdiyi bu cür bəyanatlardan sonra Bakıda Roma Papasının "Hamınız qardaşıq" şüarı ilə nə demək istədiyi böyük maraqla gözlənilir.

Məsələ ilə bağlı "525"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanın sivil dünya ilə münasibətlərinin qurulması və inkişafında Roma Papasının ölkəmizə səfəri böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, İkinci İohan Pavelin də ölkəmizə münasibəti çox yaxşı olub: "Mərhum İkinci İohan Pavel hələlik yeganə Roma Papasıdır ki, Azərbaycana səfər edib. Onun ölkəmizə səfərindən sonra xristian təmayüllü beynəlxalq təşkilatlarla Azərbaycanın əlaqələrində irəliləyiş baş verib. Hətta Ümumdünya Xristian Forumu adlı təşkilat son yığıncaqlarında Dağlıq Qarabağla bağlı ermənilərin təklif etdiyi layihəni rədd edib".

Politoloq hesab edir ki, İkinci İohan Pavelin dövründən başlayaraq Azərbaycanın Vatikanla əlaqələrində inkişaf var: "Xüsusilə biz tərəfdən bu inkişafda mühərrik rolunda Heydər Əliyev Fondu iştirak edir. Prezidentin xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bu münasibətlərin inkişafı istiqamətində atılan addımlar Vatikan tərəfindən də yüksək qiymətləndirilir".

Ermənilərin Dağlıq Qarabağ məsələsində uzun müddət xristian amilindən istifadə etdiyi deyən M.Əhmədoğlunun sözlərinə görə, bu spekulyasiyaların qarşısını almaq üçün belə əlaqələr çox vacibdir: "Hazırda Azərbaycan Vatikanla əlaqələrin daha da intensivləşməsi istiqamətində işlər aparır. Çünki bu münasibətlərin inkişafı Azərbaycan üçün olduqca faydalıdır".

Hazırkı Roma Papasının qondarma erməni soyqırımı kampaniyasına dəstək verməsinə münasibət bildirən politoloq qeyd edib ki, Vatikan tam olaraq ermənilərin istədikləri mövqeni nümayiş etdirməyib: "Keçən ilin aprelin 12-də Fransisk "erməni soyqırımı" ifadəsini işlədib, lakin bunun üzərindən bir il keçəndən sonra o bu saxta ifadədən imtina edib. Roma Papası başa düşüb ki, Yaxın Şərqdə xristianların xilasında Türkiyənin rolu əvəzolunmazdır. Ona görə də, erməni təbliğat maşınının Vatikanla əlaqələr barədə ictimailəşdirdiyi fikirlərlə reallıq tamam fərqlidir. Vatikan rəhbərliyi bilir ki, Azərbaycan müsəlman ölkəsidir və Ermənistanla Qarabağ münaqişəsi var".

Mərkəz sədri qeyd edib ki, iki ay əvvəl Roma Papası Ermənistanda olarkən "erməni soyqırımı" ifadəsini işlətməkdən boyun qaçırıb: "Üstəlik, ermənilər Fransiskin Türkiyə əleyhinə fikirlər səsələndirməsini istəsələr də o, Türkiyə-Ermənistan sərhəddinə gedərək sülh göyərçini buraxaraq ermənilərə Türkiyə ilə barışığa dəvət edib".

Politoloqun fikrincə, Roma Papasının bu mövqeyini Azərbaycanda da görə bilərik: "Dağlıq Qarabağ məsələsində Vatikan - dünya xristianlığı Ermənistana dəstək verməyib. Hesab edirəm ki, bundan sonra da xristian nöqteyi-nəzərindən Vatikanın Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verməsi mümkün deyil. Roma Papası ya Dağlıq Qarabağ münaqişəsində neytral mövqedə olacaq, ya da öz mövqeyini Azərbaycanın mövqeyinə yaxınlaşdıracaq".

Vatikan rəhbərinin Ermənistanda olarkən qondarma soyqırım abidəsini ziyarət etməsinə də toxunan politoloq söyləyib ki, real hadisələri özündə əks etdirməyən bu saxta abidəni ziyarət etmək qondarma soyqırımı tanımaq anlamına gəlmir: "Bu sadəcə formal xarakterli ziyarətdir. Bu mənada, qonşu Gürcüstanı da nümunə göstərmək olar. Rəsmi Tbilisi qondarma soyqırımı tanımasa da, gürcü diplomatlar Ermənistana işgüzar səfərlər zamanı saxta abidəni ziyarət edirlər. Bu, onlar tərəfindən erməni xalqına ehtiram əlaməti kimi atılan simvolik addımdır. Həmin yerdə Stepan Şaumyan və ya digərinin abidəsi olsaydı, onu da ziyarət edəcəkdilər. Ona görə də bu cür məsələlərə xüsusi diqqətlə yanaşmaq lazım deyil. Əsas məsələ Ermənistanda "erməni soyqırımı" ifadəsinin Roma Papasının dilindən səslənməsi idi. Sarkisyan başda olmaqla bütün ermənilər bunu Fransiskdən gözləsələr də, o  bu ifadəni işlətmədi. O sadəcə olaraq "soyqırım" sözünü işlədib. Bu da diplomatik incəliklərdən irəli gələn bir məsələdir. Roma Papasının mətbuat xidmətinin rəhbəri Fransisk Ermənistanda olarkən məlumat yayıb ki, Vatikan rəhbəri İrəvan səfərində Türkiyəni narahat edəcək heç bir açıqlama verməyib. Bir sözlə, Fransisk Ermənistana görə, Türkiyənin maraqlarının əleyhinə getməkdən imtina edib".

M.Əhmədoğlu bildirib ki, Roma Papası ermənilərə Azərbaycanla sülhə getməyi məsləhət görüb: "Fransisk ermənilərə başa salmaq istəyib ki, bu Dağlıq Qarabağ sizin deyil. Onun ikibaşlı ifadələrindən elə qənaətə gəlmək olar ki, o konstruktiv sülhün tərəfdarıdır. Hər halda bütün bunlara Roma Papasının Bakı səfərində aydınlıq gələcək".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Roma Papası iki ay əvvəl Ermənistanda səfərdə olarkən "soyqırım" abidəsini ziyarət edib, "soyqırım olub" ifadəsini işlədib, üstəgəl İrəvanda bizi qıcıqlandıran fikirlər səsləndirib.

 E.Şahinoğlu hesab edir ki, əgər Roma Papası bununla Azərbaycanda bütün dinlərin və millətlərin sülh və həmrəylik şəraitində yaşadığına işarə edirsə, çox sağ olsun, yox əgər işğalın davamına rəğmən, bizə ermənilərlə "qardaş" olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir ki, Roma Papasının çıxışının mətninə göz gəzdirsinlər: "Azərbaycana Roma Papası ilk dəfə deyil gəlir. Keçmiş Vatikan rəhbəri bizə nə hansısa şüarla ağıl öyrədirdi, nə də Qarabağı unutmağı tövsiyə edirdi".


Politoloq Qabil Hüseynli hesab edir ki, Roma Papasının seçdiyi şüar çox abstraktdır. O "Azvison.az"a bildirib ki, dində belə məsələlər keçərlidir: "İnsanlar eyni Allahın quludur, eyni Allaha itaət edirlər. Ona görə də qardaşdırlar. Amma yer üzündə həmin qardaşlığı tam bərpa etmək o qədər də asan məsələ deyil. Onlar bu məsələni təbliğ etməlidirlər. Fransisk bilməlidir ki, Ermənistanla Azərbaycan münasibətləri necədir. İndi biz ermənilərlə qardaş olmaq üçün işğal olunmuş torpaqlarımızdan imtina etməliyik? Qardaşlığın prinsipləri var. Qardaşlıqda xəyanət olmur, bir-birinə xəncər sancmaq olmur".

Roma Papasının həddən artıq qəribə adam olduğunu deyən Q.Hüseynli fikirlərini belə davam etdirib: "Bu adam gah qaçqınların ayağını öpür, gah da qondarma "erməni soyqırımı"nı tanıyır, bunu təbliğat vasitəsinə çevirir. Ona görə bu adamın ideologiyası, təbliğatı barədə düşüncələrim birmənalı deyil".

Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, Roma Papasının Bakıya "Hamımız qardaşıq" şüarı ilə gəlməsi pis əlamət deyil: "Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcıları mehriban, harmonik şəkildə, qardaş kimi yaşayırlar. Bu baxımdan bizim üçün belə şüarlar yeni deyil. Azərbaycan dövlətinin siyasəti müxtəlif millətlərin, dinlərin daşıyıcılarının bir-birinə qardaşlıq münasibətləri şəklində yaşaması məntiqini özündə ehtiva edir. Hesab edirəm ki, Papanın belə bir şüarla Azərbaycana gələcəyini bəyan etməsi çox müsbət haldır. Nəzərə alsaq ki, Azərbaycanda katolik kilsəsinin inkişafı, orada dini ayinlərin yerinə yetirilməsi üçün kifayət qədər imkanlar var. Beynəlxalq aləm Azərbaycanı tolerant ölkə kimi tanıyır və artıq tolerantlığın mərkəzinə çevrilməkdədir. Bütün bu reallıqlar dünyada qəbul və dərk edilir. Roma Papası da Azərbaycandakı proseslərdən kifayət qədər xəbərdardır".

E.Nəsirov vurğulayıb ki, bu kimi şüarlar səslənməklə qalmamalı, eyni zamanda əməli addımlar atılmalıdır: "Qardaşlıqdan danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xristian həmrəyliyi, qardaşlığı nümayiş etdirilməməlidir. Yəni, məsələyə belə yanaşma olanda, problemlər həllini tapmır. Əksinə, kəskinləşir. Ona görə də özü-özlüyündə yaxşı qardaşlıq ideyasını ehtiva edən belə yanaşmalar, şüarların praktiki tətbiqi özünü doğrultmalıdır. Bu baş verərsə, regionda sülh və təhlükəsizlik bərpa olunar. Amma belə şüarlar səsləndirib, reallıqda isə fərqli bir xətti həyata keçirdikdə, tərəfkeşlik etdikdə, xristian həmrəyliyi nümayiş etdirdikdə hesab edirəm ki, bu, Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" nəzəriyyəsini praktiki olaraq maddələşdirmiş olur. Belə olarsa, bu çox təhlükəli bir tendensiyaya çevrilər".

Deputat əlavə edib ki, Roma Papasının şüarı çox düzgündür: "Təki, bu konkret əməli işlərdə öz təsdiqini tapsın".

Ceyhun ABASOV

 





08.09.2016    çap et  çap et