525.Az

Problemlər və ziddiyyətlər qalır: Çin sammiti nəyi dəyişir?


 

Problemlər və ziddiyyətlər qalır: <b style="color:red">Çin sammiti nəyi dəyişir?</b>

Dünyanın 20 ən güclü iqtisadiyyatı Çinin Hançjou şəhərində növbəti sammitini keçirdi.

Tədbir öncəsi ekspertlər dünyanı narahat edən qlobal geosiyasi və iqtisadi problemlərin aradan qaldırılması istiqamətində konkret qərarların qəbul edilməsinə olan ehtiyacdan bəhs edirdilər. Proseslərin özü də bunu təsdiqləyirdi. Lakin sammitin gedişatı tamamilə fərqli mənzərəni ortaya çıxardı. Belə ki, liderlər öz aralarında çoxlu müzakirələr apardılar, ancaq onların yekunu gözlənilən nəticəni vermədi. ABŞ, Rusiya, Aİ və Çin rəhbərliyi görüşlərində aktual olan qlobal iqtisadi və geosiyasi problemləri müzakirə etdilər. Bu prosesdə V.Putinin daha fəal olduğu haqqında KİV-də məlumatlar yayıldı. Ancaq Suriya və Ukrayna məsələlərində hər hansı razılaşma əldə edilmədi. Müxtəlif təkliflər və lokal xarakterli razılıqla məhdudlaşdılar. Qlobal təhlükəsizliyin təmini məsələsində də yeni heç bir şeyə nail olunmadı. Bu kimi məqamlar hansı riskləri meydana gətirir və proseslərin proqnozlaşdırılması mümkündürmü?

Müzakirə var, qərar yoxdur: G20 haraya gedir?

"Böyük İyirmilik" (G20) ölkələrinin Çin sammitinin dünya miqyasında mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir mərhələyə təsadüf etməsi ona olan marağı daha da artırmışdı. Ekspertlər, analitiklər, jurnalistlər və iqtisadçılar dövlət başçılarının şəxsi münasibətlərindən tutmuş, həyati önəm daşıyan geosiyasi hadisələrin necə qiymətləndiriləcəyini maraqla gözləyirdilər. Bu sırada, təbii ki, Suriya və Ukrayna məsələlərinin xüsusi yeri vardı. Ancaq Cənubi Çin dənizində yaranmış vəziyyət, yaxud dünya iqtisadiyyatının yaxın perspektivləri kimi mövzular da diqqəti çəkməkdə idi.

Gözlənilənlər özünü doğrultdu. Hər şeydən əvvəl, Türkiyədəki sammitdən fərqli olaraq, diqqət mərkəzində ABŞ-ın prezidenti deyil, Rusiyanın dövlət başçısı oldu. V.Putin çoxlu sayda görüşlər keçirdi və müzakirələr apardı. Doğrudur, onların hər birində ortaq mövqe formalaşmadı, lakin jurnalistlər Rusiya rəhbərinin B.Obamadan xeyli fəal olduğunu qeyd etdilər.

Maraqlı məqamlardan biri Türkiyə prezidenti R.T.Ərdoğanla Rusiyanın dövlət başçısı V.Putinin xatirə fotosu çəkdirən zaman Amerika prezidentinin onları baxışları ilə izləməsi olub. Bəzi fikirlərə görə, bu, təşəbbüsün artıq Moskvanın əlində olması anlamına gəlir. Burada bir həqiqət məqamı var. Çünki G20-nin Hançjou sammitində Qərb ölkələri rəhbərləri bir qədər çaşqın görünürdülər. Onlar apardıqları müzakirələrdə daha çox müdafiə mövqeyində idilər.

Suriya, Ukrayna kimi məsələlərlə yanaşı, iqtisadi və geosiyasi problemlərin də müzakirəsi zamanı bu əhval-ruhiyyə hiss olunub. Ekspertlərin fikrincə, Hançjou sammitini "siyasi problemlər korlayıb". Belə ki, tədbirdə iqtisadi məsələlər əsas müzakirə obyekti olsa da, sammitin "başlıca fonu siyasi və təhlükəsizlik problemləridir" (bax: Political issues weigh on upcoming G-20 summit in China / "The Washington Post", 31 avqust 2016).

Qərb ekspertləri "əhval-ruhiyyənin korlanması" dedikdə, məhz həmin məqamı nəzərdə tuturlar. Əslində, Qərb siyasətçilərinin düşdüyü bu vəziyyətin əsas səbəbi məlumdur – dünyanın inkişaf etməkdə olan ölkələrinin Qərbin ikili standartlar siyasətindən narazılığı getdikcə artır. Aydın görünür ki, Qərb prinsipcə heç bir məsələni həll etmir, ancaq öz maraqları naminə addımlar atır. Buna görə də sammitdə müşahidə edilən Qərb siyasi liderlərinin çaşqınlığı başadüşüləndir.

Burada ekspertlər Çinin bir addımına da fikir verdilər. Çin prezidenti 50 dəqiqəlik çıxışında geosiyasi problemləri arxa plana ataraq əsasən iqtisadi məsələlərin müzakirəsini qabartmağa çalışıb. Bunun səbəbi kimi Cənubi Çin dənizində Scarborough adası ilə bağlı Filippin-Çin münasibətlərinin daha da kəskinləşməsi göstərilir. Belə ki, həmin ərazidə yeni hərbi obyekt tikən rəsmi Pekin Filippin tərəfinin fəaliyyətini məhdudlaşdırır (bax: At China's G20, Economics Is The New Militarism / "Forbes", 4 sentyabr 2016).

Bu addım regionda vəziyyəti gərginləşdirir. Artıq Filippin əks-tədbirlər görməyi planlaşdırır. Filippin G20-də bu məsələnin geniş müzakirəsini arzulardı. Lakin proseslər bir qədər fərqli istiqamətdə getdi. Maraqlıdır ki, həll edilməli olan çoxlu sayda qlobal problemlərin mövcudluğuna baxmayaraq, iştirakçılar prinsipcə həmin problemlərin heç biri barədə son qərara gələ bilmədilər. Geniş fikir mübadiləsi olub, hansısa məsələ ilə bir-birini məlumatlandırma baş verib, ancaq yekun qərar olmayıb.

Liderlərin mövqeləri: problemlərin ağır yükü və bədbinlik

Bu aspektdə Türkiyə prezidentinin Rusiya və ABŞ dövlət başçıları, Almaniya kansleri ilə Suriyaya müdaxiləni müzakirə etməsi daha çox maraq doğurub. Liderlərin bəyanatlarından aydın olur ki, bu məsələdə Ankaranı dəstəkləyir və ya ciddi etiraz etmirlər. O cümlədən Rusiya prezidenti deyib ki, "biz Türkiyəni başa düşürük, hansı addımları atdığını bilirik" (bax: Путин заявил, что операция Турции в Сирии не была неожиданностью для России / "РИА Новости", 5 sentyabr 2016).

Belə bəyanatların fonunda sammitdə gəlinən ümumi qərarlardan çox liderlərin ifadə etdikləri fikirlərə maraq yüksək olub (bax: Саммит G20 в Китае: главные заявления мировых лидеров / "vesti-ukr.com", 5 sentyabr 2016).

Avropa Komissiyasının sədri J.-K.Yunker ABŞ-la Aİ arasında azad ticarət zonası ilə bağlı danışıqların davam etdiyini bildirib. Bir sıra KİV orqanından bu prosesin dalana dirəndiyi haqqında yayılan informasiyaların doğru olmadığı bu fikirlərdən aydınlaşıb. Avropa İttifaqı Şurasının sədri D.Tusk isə bədbin danışıb. O bildirib ki, Aİ-nin yeni qaçqınları qəbul etmək potensialı çox azalıb. Əgər yeni qaçqın dalğası başlasa, Avropanı çətin günlər gözləyir.

ABŞ prezidenti B.Obama isə daha çox Suriya və Ukrayna məsələlərinə toxunub. O deyib ki, "bizim ruslarla Suriya ilə bağlı ciddi fikir ayrılıqlarımız vardır. Rusiya orada bir neçə dəfə mövqelərini dəyişib" (bax: əvvəlki mənbəyə). Ukrayna məsələsində də tərəflər arasında mövqe fərqliliyi kifayət qədərdir. Hətta "Normand dördlüyü" formatının pozulması təhlükəsi də meydana gəlmişdi. V.Putin Ukrayna prezidenti P.Poroşenko ilə görüşmək istəmirdi. Lakin Fransa və Almaniya ilə məsləhətləşmələrdən sonra onun fikri dəyişdi (bax: "Придется общаться с Порошенко" / "Lenta.ru", 5 sentyabr 2016).

Ancaq Amerika və Böyük Britaniyanın Rusiyaya qarşı sərt mövqe tutması da verilən bəyanatlardan açıq hiss olunub. B.Obama Böyük Britaniyanın baş naziri T.Meylə birgə keçirdiyi mətbuat konfransında iki ölkənin Moskvanın "təcavüzünə qarşı qətiyyətlə duracaqlarını" ifadə ediblər. O cümlədən Ukrayna məsələsində London və Vaşinqton Kremlə qarşı vahid cəbhədən çıxış etmək fikrindədirlər (bax: əvvəlki mənbəyə).

Bundan başqa, yayılan informasiyalara görə, Ukrayna problemi Putin-Obama və Putin-Merkel görüşlərində əsas müzakirə obyekti olub. Tərəflər qəti razılığa gələ bilməyiblər. Ancaq "Normand dördlüyü" çərçivəsində görüşmələri davam etdirmək barədə ortaq mövqeyə gəliblər. Ekspertlər hazırkı gərgin durumda bunu müəyyən uğur hesab edirlər. Lakin konkret olaraq danışıqlardan birbaşa hansı nəticələrin alınacağına heç kəs təminat verə bilmir.

Bunların fonunda dünya üçün əhəmiyyəti olan və iqtisadiyyatla bağlı iki faktor maraq yaradıb. Onlardan biri Rusiya ilə Türkiyə arasında azad ticarət zonasını yaratmaq barədə Ərdoğanla Putinin razılığa gəlməsidir. Rusiyanın iqtisadi inkişaf naziri A.Ulyukayev bəyan edib ki, bu ilin sonuna qədər həmin məsələ ilə bağlı müqavilə imzalana bilər.

Digər məsələ "Brexit"in mümkün iqtisadi nəticələri haqqında sammitin yekun bəyannaməsində xüsusi maddənin yer alması ilə bağlıdır. Burada Böyük Britaniyanın Aİ-ni tərk etməsinin dünya iqtisadiyyatına bəzi qeyri-müəyyənliklər gətirəcəyi qeyd olunub. "Böyük İyirmiliyə" daxil olan ölkələr bunu nəzərə alıb, tədbirlər görə bilərlər. Buna onların iqtisadi gücü imkan verir.

Yuxarıda vurğulanan məqamlar G20-nin son sammiti barədə hansı ümumi nəticəni çıxarmağa əsas verir? Belə təəssürat yaranır ki, dünyanın böyük dövlətləri hələlik qlobal geosiyasi problemləri həll etməyə hazır deyillər. Onlar arasında gərgin və güzəştsiz mübarizə davam edəcək. Bunun əsas səbəbləri sırasında ABŞ-da prezident seçkisinin yaxınlaşması göstərilə bilər. Adətən belə hallarda Vaşinqton ciddi addım atmır və məsələni yeni iqtidarın öhdəsinə buraxır. Bundan başqa, Rusiya Dumasına növbəti seçkilər sentyabrın 18-də olmalıdır.

Bununla yanaşı, qlobal problemlərin həlli yolunda ən böyük maneə ikili standartlardır. Çindəki sammitdə bu məsələdə bir addım da irəliyə gedilməyib. Gözləmək olar ki, dünyanı narahat edən ciddi geosiyasi və iqtisadi çətinliklər hələ də qalacaq, sammitlər isə bir-birini əvəz edəcək.

Newtimes.az

 





09.09.2016    çap et  çap et