525.Az

Qanunların yeni standartlara uyğunlaşdırılmasına ehtiyac var


 

"REFERENDUM AKTINDA ÖLKƏNİN DAVAMLI İNKİŞAFINI TƏMİN EDƏCƏK SOSİAL, İQTİSADİ VƏ SİYASİ İSLAHATLARA XÜSUSİ DİQQƏT YETİRİLİB"

Qanunların yeni standartlara uyğunlaşdırılmasına ehtiyac var<b style="color:red"></b>

"Atılan hər addımda məqsəd sözsüz ki, ölkənin hərtərəfli inkişafını təmin etmək, yeniləşdirmək, müasirləşdirmək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq etməkdir.

Azərbaycan müstəqillik tarixinin 25-ci ilini arxada qoyur. Milli Konstitusiyamızın qəbulundan isə bizləri 21 illik zaman fasiləsi ayırır. Bu müddət ərzində iki dəfə  2002 və 2009-cu illərdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib. Atılan addımın mahiyyətini düzgün dəyərləndirmək üçün  keçilən yolun təhlili  bir tələb kimi ortaya çıxır. Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən bu günə qədər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz qabağındadır. Siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycan davamlı uğurları ilə diqqət çəkməkdədir. Bu nailiyyətlərə diqqət yetirmək kifayətdir ki, Konstitusiyaya  nəzərdə tutulan əlavə və dəyişiklikləri zərurətə çevirən amillər barədə aydın təsəvvür yaransın. Konstitusiyada əksini tapan "Dövlətin ali məqsədi" maddəsində qeyd olunduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, yüksək rifahın təmin olunması dövlətin ali məqsədidir. Məhz bu məqsəddən irəli gələrək, insan amili dövlət siyasətinin əsasında dayanır. Hər bir yeniləşmənin, təkmilləşmənin əsasında dövlətin bu məqsədi özünün aydın ifadəsini tapır".
 
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı danışarkən deyib. O SİA-ya bildirib ki, Prezident İlham Əliyev fəaliyyətə başladığı gündən iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəyə xüsusi önəm verib: "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulu və uğurlu icrası da deyilənlərin təsdiqidir. O da məlumdur ki, 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi növbəti 2009-2013 və 2014-2018-ci illər üçün Dövlət Proqramlarının qəbulunu zərurətə çevirib. Məhz bu sənədlərin uğurlu icrası nəticəsində  bu günədək 1 milyon 500 mindən çox yeni iş yeri yaradılıb. Ölkə başçısının qeyd etdiyi kimi, regionların inkişafı qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması deməkdir. Bu gün ümumi daxili məhsulda özəl bölmənin payının 85 faiz təşkil etməsi də qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Bu faktı da xüsusi vurğulamalıyıq ki, 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın az itki ilə çıxmasını şərtləndirən əsas amillərdən biri məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsidir".

Deputat qeyd edib ki, Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan ölkədir: "Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin olunub və qanun çərçivəsində qorunur və müdafiə olunur.  1995-ci ildə ümummilli lider  Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaradıb. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Amma dövrün tələbi, zamanın çağırışı olan təkmilləşmə Milli Konstitusiyamıza edilən  əlavə və dəyişikliklərdən də aydın görünür. Ölkə rəhbərinin "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" fikirləri eyni zamanda bu gerçəkliyin təsdiqidir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Demokratikləşmə prosesinin sürətlənməsi iqtisadi tərəqqiyə geniş yol açır".

A.Vəliyevin sözlərinə görə, hər bir dövlət əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədə ilk olaraq ictimai-siyasi duruma, sabitliyə diqqət yetirir: "Sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunduğu ölkədə  demokratik inkişaf inkaredilməzdir. Bu isə öz növbəsində iqtisadi əlaqələrə geniş yol açır. Sözsüz ki, Azərbaycanın bu gününü müstəqilliyinin ilk illərindəki durumu ilə müqayisə etdikdə deyilənləri təsdiqləmiş olarıq. Həmin illərdə ölkədə xaos, anarxiya və  özbaşınalığın hökm sürməsi, bir sözlə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu. İş adamları  ölkə iqtisadiyyatına qoyacaqları  investisiyaların təhlükəsizliyinə tam əmin deyildirlər. Lakin Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə daxili sabitliyin və malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək üçün əlverişli şəraitin yaradılması Azərbaycana investisiya axınını daha da sürətləndirib. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrilib. Son 20 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollardır. Bu rəqəm Azərbaycana inamın göstəricilərindəndir".

Deputat bildirib ki, bu uğurlara söykənərək, Prezident İlham Əliyev ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə qorunduğunu qeyd edir: "Azərbaycanın bu sahədə təcrübəsi də beynəlxalq səviyyədə təqdir edilir. Çünki iqtisadi cəhətdən elə güclü ölkələr var ki, onlarda demokratiya, şəffaflıq, demokratik inkişafın yüksək olduğu ölkələrdə isə iqtisadi tərəqqi aşağı səviyyədə olur. Ölkəmizdə siyasi və iqtisadi islahatların paralelliyi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Buna əsas yaradan isə təbii ki, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrasıdır".

İnsan hüquqlarının qorunması və müdafiəsi sahəsində atılan davamlı addımların inkaredilməz olduğunu deyən parlamentari qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis etməsi insan amilinə verilən yüksək dəyərin nümayişidir: "Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən sonra  Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə  "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın  təsdiq edilməsi də bu reallığı ortaya qoyub:"İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımların davamlılığının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı"nda da sosial yönümlü, ölkənin iqtisadi inkişafının daha da sürətlənməsinə, hüquqi sistemin təkmilləşdirilməsinə, demokratikləşmə proseslərinin dərinləşməsinə təkan verəcək siyasi islahatlara, dəyişiklik və əlavələrə xüsusi diqqət yetirilib. Bu da öz dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmağa səy göstərən Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasının sürətlənməsindən irəli gəlir. Konstitusiyanın 24-cü maddəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə diqqət yetirsək, insan amilinə dəyər daha qabarıq şəkildə özünü büruzə verir. "İnsan ləyaqəti qorunur və ona hörmət edilir", həmçinin "Hüquqlardan istifadəyə yol verilmir" kimi  əlavələr deyilənlərin təsdiqidir".

Deputat söyləyib ki, daha mütərəqqi dəyişiklik şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır: "Hər bir əlavə və dəyişiklik obyektiv yanaşmanı və düzgün təhlil aparmağı zərurətə çevirir. Mahiyyətin düzgün dəyərləndirilməsi fonunda əhəmiyyət daha aydın görünür. Prezidentlik səlahiyyətlərinin 5 ildən 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun yaradılması, dövlət və seçkili orqanlarda  yaş senzi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması kimi maddələrin Konstitusiyaya əlavə olunması vətəndaşların cəmiyyətdə, ictimai-siyasi  proseslərdə daha fəal iştirakı üçün nəzərdə tutulur ki, bu kimi əlavə və dəyişikliklər birbaşa insan hüquq və azadlıqlarının qorunmasına yönəlib".

A.Vəliyevin sözlərinə görə, reallıq budur ki, daim irəliyə baxan Azərbaycan yeniliklərdən, yeni təcrübələrdən kənarda qalmır, yeni-yeni hədəflərə doğru inamla irəliləməklə Cənubi Qafqaz regionunun parlayan ulduzu, dünyanın xoşbəxt ölkəsi kimi mövqeyini möhkəmləndirir: "Bu xoşbəxtlik insanların inkişafdan, tərəqqidən, özlərinin sosial durumlarının səviyyəsindən, razılıqlarından qaynaqlanır. Beynəlxalq sorğu mərkəzlərinin keçirdikləri sorğuların nəticələrində də bu reallıq öz əksini tapır ki, xalqın hakimiyyətə inamının böyük olduğu ölkədə hansısa sahədə narazılıqdan danışmaq mümkünsüzdür. Prezident İlham Əliyevin Azərbaycanın uğurlu gələcəyinə hesablanan hər bir addımı ictimaiyyət tərəfindən dəstəklənir. Konstitusiyaya ediləcək əlavə və dəyişiklik öz növbəsində inkişafa, tərəqqiyə böyük töhfə verməklə bu birliyi daha da möhkəmləndirəcək".

Deputat əlavə edib ki, bu gün Azərbaycan daha  sürətli inkişaf mərhələsindədir: "Bu inkişaf  tempinin istənilər qanunda, Konstitusiyada əksini tapması yeniləşməyə, qanunlarımızın yeni standartlara, tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır. Yeni-yeni hədəflər möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli hər bir çıxışının əsasında dayanan bu fikrin təsdiqidir: "Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq". Ən yüksək zirvələri fəth edən Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir".

Ceyhun ABASOV

 





09.09.2016    çap et  çap et