525.Az

“Şahdağ” Turizm Mərkəzi ərəb turistlərin diqqətində


 

“Şahdağ” Turizm Mərkəzi ərəb turistlərin diqqətində<b style="color:red"></b>

Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə bu yay mövsümündə gələn turistlərin 45 faizini ərəb ölkələrindən gələn qonaqlar təşkil edib.

Əcnəbilər arasında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən turistlər daha çoxdur. Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzə iyun ayından bəri ümumilikdə 30 minə yaxın turist gəlib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən olan turist Fatimə Əl Fərdan AZƏRTAC-a müsahibəsində ölkəmizə ikinci dəfə səfər etdiyini bildirib. “Bundan əvvəl Azərbaycana qış aylarında gəlmişdik. Bu səbəbdən Bakı şəhəri ilə tanış olmaqla kifayətləndik. Ölkənizin regionlarına səfər edə bilmədik. Bu səfərimiz zamanı isə “Şahdağ” Turizm Mərkəzinə də gəldik. Buraları çox bəyəndik. Təmiz havası və gözəl təbiət mənzərələri var. Dünyanın bir çox ölkələrinə səyahət etmişəm. Bu ölkələr arasında Azərbaycanın özünəməxsus yeri var”, - deyə Fatimə Əl Fərdan təəssüratlarını bölüşüb.

“Şahdağ” Turizm Mərkəzində ilk dəfə olan Əbdülrahim Rifahim də ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Əcnəbi turist AZƏRTAC-a müsahibəsində Turizm Mərkəzində ən azı 10 gün qalacağını bildirib: “Azərbaycana gələndə mənə daha çox Bakı, Qəbələ və Quba haqqında danışdılar. Amma dostlarımın sayəsində mən “Şahdağ” Turizm Mərkəzini də özüm üçün kəşf etdim. İlk dəfə bura haqda eşidəndə elə bildim yalnız oteldən ibarətdir. Amma gəlib görəndə çox xoşuma gəldi. Mən təmiz havada, dağlar qoynunda gəzməkdən zövq alıram. İki gündür buradayam. Hələ 10 günə qədər burada dincəlmək istəyirəm”.

“Şahdağ” Turizm Mərkəzinə gələn qonaqlar yay boyunca 20-ə yaxın müxtəlif əyləncə və idman oyunundan faydalanmaq imkanı qazanıblar. Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, bob kart, seqvey, trotinetlər, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman və əyləncə növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistləri təlimatlandırırlar. Hazırda adrenalin dolu əyləncələrin sayının artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, turizm mərkəzinə dəvət olunan mütəxəssislər burada paraplanla uçuşları reallaşdırmaq üçün müvafiq məşqlər keçirlər.

“Şahdağ” Turizm Mərkəzində yay turizm mövsümünə hava şəraitindən asılı olaraq sentyabr ayında yekun vurulacaq.

AzərTAc

 





12.09.2016    çap et  çap et