525.Az

"Dəyişikliklərin əsas hissəsi insan hüquqlarının müdafiəsinə yönəldilib"


 

"Dəyişikliklərin əsas hissəsi insan hüquqlarının müdafiəsinə yönəldilib"<b style="color:red"></b>

Demokratik inkişaf modeli seçmiş dövlətlərdə Konstitusiya cəmiyyətin ali qanunu olaraq, "bitkin və dəyişilməz sənəd" mahiyyətini daşımır.

Dövlət və cəmiyyət hər dəfə növbəti inkişaf mərhələsinə keçdikdə siyasi, iqtisadi, sosial və mədəni həyatda yeni prioritetlərin müəyyən olunması Konstitusiyada və ona əsaslanan qanunvericilik aktlarında müvafiq hüquqi islahatların aparılmasını zəruri edir. Demokratikdövlətlərəxasolanbuhüquqiənənəilk növbədə dövlətin Əsas Qanununun dəyişilməz fundamental əsaslarının daha da möhkəmlənməsinə və təkmilləşdirilməsinə xidmət edir.

«Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktı layihəsində Konstitusiyanın 23 maddəsində müvafiq dəyişikliklərin olunması, 6 maddənin mətninə isə əlavələr edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq lazımdır ki, ümumxalq səsverməsinə çıxarılan həmin əlavə və düzəlişlərin əhəmiyyətli hissəsi Azərbaycanın yeni sosial-siyasi inkişaf mərhələsində hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının, eləcə də vətəndaşların siyasi, iqtisadi, mədəni hüquqlarının, vətəndaş məsuliyyətinin Azərbaycan Respublikasının Əsas Qanununda daha geniş və birmənalı təsbit olunması, dövlət orqanlarının bu istiqamətdə fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu baxımdan, Referendum Aktı layihəsinə təklif edilən üç əlavə haqqında mülahizələrimizi bölüşmək istərdik.

Layihədə insan hüquq və azadlıqları ilə bağlı təkliflər Azərbaycan cəmiyyətinin inkişaf tendensiyalarından, ictimai münasibətlərin və dövlət-vətəndaş münasibətlərinin yeni səviyyəyə yüksəldilməsinə verilən əhəmiyyətdən, dövlətin siyasi, hüquqi, iqtisadi və mədəni həyatında insan amilinin getdikcə artan rolundan irəli gəlir.  Məsələn, insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən bəhs edən 24-cü maddə üçün nəzərdə tutulan dəyişiklikdə əsas məqsəd «insan ləyaqəti» kateqoriyasının hüquqi mövqeyinin daha da gücləndirilməsi və onun müdafiəsinə dair tələblərin Əsas Qanundakı digər müvafiq maddələrlə uzlaşdırılmasıdır. Belə ki, Konstitusiyanın 46-cı maddəsində vətəndaşın öz şərəf və ləyaqətini müdafıə etmək hüququ, ləyaqətin qorunmasının dövlət təminatı öz əksini tapsa da, 24-cü maddədə həmin meyar insan hüquqları və azadlıqları prinsiplərindən kənarda qalmış və bununla da hüquqi uyğunsuzluğa səbəb olmuşdu. Məlumdur ki, etik-sosial kateqoriya olan «şərəf» anlayışı fərdin yüksək mənəvi keyfiyyətlərinin, ictimai nüfuzunun, xidmətlərinin cəmiyyət tərəfindən qiymətləndirilməsidirsə, «ləyaqət» kateqoriyası vətəndaşın özünə verdiyi fərdi mənəvi-əxlaqi dəyərdir. Belə olan təqdirdə, Konstitusiyada insan ləyaqətinin dövlət tərəfindən müdafiəsinin labüdlüyü vətəndaşa həyat və düşüncə tərzi, əqidə və s. seçməsi, özünü reallaşdıra bilməsi üçün verilən sərbəstliyin və bu azadlığın dövlət təminatının yüksək təzahürüdür. Beləliklə, Konstitusiyaya təklif olunan həmin dəyişiklik bir tərəfdən vətəndaşın ləyaqətinin, nüfuzunun, şəxsi və ailə həyatının toxunulmazlığını hüquq müstəvisində gücləndirir, digər tərəfdən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, onun hüquq məkanında demokratik prinsiplərin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik hüququ, III hissə) üçün nəzərdə tutulan dəyişikliklərdə «milliyyət», «milli» terminlərinin «etnik mənsubiyyət» və «etnik» sözləri ilə əvəz olunmasında da məqsəd qanunvericilik aktlarında hüquqi-terminoloji uyğunsuzluğun aradan qaldırılmasıdır. Həmin terminoloji islahatların zəruriliyi isə Azərbaycanda yaşayan bütün etnik qrupların hüquq bərabərliyinin təminatına dair Əsas Qanunda və müvafiq qanunvericilik aktlarında olan yerli terminlərin ikili status daşımasından, onların beynəlxalq hüququn analoji ifadələri ilə məzmun fərqinin aradan qaldırılması və unifikasiyasının vacibliyindən, ən nəhayət, multikulturalizm siyasətinin tələblərindən irəli gəlir. Xatırladaq ki, müsəlman Şərqində, o cümlədən Azərbaycanda «millət» anlayışı yarandığı ilk dövrlərdən XX əsrin əvvəllərinədək əsasən dini icma (ərəb. milla) mahiyyətini daşımışdır. Sonralar «milli» və «millət» terminlərinin məzmununa qismən əlavələr edilmiş, paralel olaraq, həm insanların ortaq etnik əlamətlər üzrə birliyini, həm də vahid coğrafi ərazidə tarixən ümumi sosial-iqtisadi, mədəni-siyasi və dini dəyərləri bölüşən əhalini ifadə etmişdir.

Azərbaycan Respublikasının yürütdüyü milli siyasət ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyini, onların mədəni irsə malikolma hüquqlarını, ana dillərinin, mədəniyyətlərinin qorunması və inkişafını təmin edir. Etnik rəngarəngliyi ilə seçilən dövlətimizdə, onun qanunvericilik aktlarında təsbit olunan «Azərbaycan xalqı» və «azərbaycanlı» ifadələri də bu gün etnik məzmunundan çıxmaqla, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, dövlətin bütün vətəndaşlarına şamil olunan ümumiləşdirici terminə – unikal politonimə çevrilmişdir. Belə ki, «Azərbaycan xalqı» termini siyasi-hüquqi mahiyyət kəsb etməklə bu gün Azərbaycan Respublikası ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirir. Bu konseptual yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsində aşağıdakı şəkildə əksini tapmışdır: «Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır». Həmin maddənin ikinci bəndində isə bu terminin hüquqi məzmunu belə açıqlanır: «Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir». Yəni Azərbaycan xalqı bu dövlətin ərazisində tarixən yaşayan müxtəlif xalqların – fərqli etnik mənsubiyyətə malik olan bütün vətəndaşların siyasi, iqtisadi və mədəni birliyidir.

Demokratik dövlətlərin müasir hüquq ənənəsində «xalq» anlayışı ilə paralel məzmun daşıyan «milli» (ing. nation) termini və eləcə də «milli dövlət» (nations state) ifadəsi etnoloji çərçivədən çıxmış, etnik mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların siyasi birliyini və bu birliyin dövlətini bildirir. Məsələn, «millət», «xalq» terminləri beynəlxalq hüquqda və Qərb ölkələrində vətəndaşlıq, ərazi mənsubiyyəti anlamını verirsə, digər dövlətlərdə isə yalnız etnik mənşə əsasında formalaşan sosiumu ifadə edir. Birləşmiş Millətlər Təşkilatının adı (United Nations Organization), «Millətlər Palatası», eləcə də «Azərbaycan Respublikasının Milli Məclisi», «Milli Təhlükəsizlik Konsepsiyası», «milli siyasət» kimi ifadələr məhz beynəlxalq hüququn həmin terminlərə konseptual yanaşmasını özündə əks etdirir. Lakin beynəlxalq terminologiyada «milli mədəniyyət» termini bir dövlət daxilində ayrı-ayrı etnik mədəniyyətlərin toplusu kimi qəbul olunsa da, MDB məkanında, o cümlədən Azərbaycan Respublikasında hələ də konkret etnosun mədəniyyəti çərçivəsində qalmaqdadır. Qeyd edək ki, MDB məkanında bu anlayışların beynəlxalq hüquqa unifikasiyası təcrübəsi vardır. Məsələn, Belarus prezidentinin 2007-ci ildə imzaladığı fərmana əsasən, yalnız dövlət orqanları və təşkilatları, dövlət orqanlarının təsis etdiyi kütləvi informasiya vasitələri «milli» sözündən ad, sənəd və təşviqat-reklam xarakterli materiallarda istifadə hüququndan istifadə edə bilərlər.

Konstitusiyada insan hüquqları ilə bağlı nəzərdə tutulan növbəti dəyişiklik (Maddə 32. Şəxsi toxunulmazlıq hüququ) informasiya təsnifatında «fərdi (şəxsi) məlumat» anlayışının ilk dəfə olaraq Əsas Qanunda təsbit olunması və onun mühafizəsinə dair üç yeni bəndin daxil edilməsidir. Qeyd edək ki, Avropa Şurasının qanunvericilik aktlarına əsasən, «fərdi məlumat» dedikdə, birbaşa və ya dolayı yolla konkret şəxsə, onun yaşam tərzinə, ailəsinə, əqidəsinə, irqi, dini və etnik mənsubiyyətinə, peşə fəaliyyətinə və s. aid olan istənilən informasiya nəzərdə tutulur. «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununda (2010-cu il) isə «fərdi məlumat» ifadəsi yığcam şəkildə «şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən informasiya» kimi izah edilir (Maddə 2,1).

Şəxsiyyətin razılığı olmadan onun nüfuzuna zərər vuran, şərəf və ləyaqətini alçaldan, kimliyini açıqlayan məlumatın qanuna-zidd fəaliyyət nəticəsində yayılması halları son dövrlərdə qlobal problem xarakteri almışdır. Təsadüfi deyildir ki, bir sıra beynəlxalq təşkilatlar, məsələn, Avropa Parlamenti 2012-ci ildə fərdi məlumatların qorunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi zərurətini müzakirəyə çıxarmışdır. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində isə hər bir kəs şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. İnsan hüquqlarının pozulması və məlumat azadlığından sui-istifadə kimi dəyərləndirilən informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin hüquqi bazasının möhkələndirilməsi, sosial şəbəkələrin genişləndirilməsi son nəticədə problemin hüquqi müstəvdə tənzimlənməsini, bu sahədə qanunvericilik aktlarının uzlaşdırılmasını Azərbaycanda da aktuallaşdırmışdır.

Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin (Məlumat azadlığı) I bəndinə uyğun olaraq, «Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır». Eyni zamanda, Əsas Qanunun 32-ci maddəsinin I-V bəndlərində açıq şəkildə bildirilir ki, hər bir şəxsin toxunulmazlıq hüququ, şəxsi və ailə həyatı sirrini saxlamaq, qanunsuz müdaxilədən qorunmaq hüququ vardır, öz razılığı olmadan bu tipli məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir və s. Bu prinsiplərin məntiqi davamı kimi, Konstitusiyaya təklif olunan əlavələrdə informasiya ehtiyatlarına (kağız üzərində və ya elektoron vasitələrdə)qanunsuz daxil olmaqla fərdi məlumatın istənilən formada əldə edilməsi, qanunun yol verdiyi hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən şəxsin əqidəsinə, dini və etnik mənsubiyyətə dair məlumatın açıqlanması yolverilməzdir. Bundan başqa, fərdi məlumatın dairəsi, habelə onların emalı, toplanılması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Bütövlükdə, Konstitusiyanın 32-ci maddəsinə edilən əlavələr insan hüquq və azadlıqlarının dövlət təminatını gücləndirməklə, fərdi məlumatın toplanılması, işlənilməsi, yayılması və ilk növbədə onların qorunması ilə bağlı məsələlərin hüquqi müstəvidə tənzimlənməsinə, dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin, hüquqi və fiziki şəxslərin məsuliyyət səlahiyyətlərinin qanunla müəyyən edilməsinə istiqamətləndirilmişdir.

Newtimes.az
Araz Qurbanov,
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi

 





14.09.2016    çap et  çap et