525.Az

“Nahaq nədir, Haqq nədir”i biləndə...


 

ŞAİR İBRAHİM İLYASLININ 50 YAŞINA

“Nahaq nədir, Haqq nədir”i biləndə...<b style="color:red"></b>

Bir düşüncəyə görə, ədəbiyyat ormana bənzəyir. Bu ormanın içində fərqli boy-buxunu ilə bir-birinin qonşuluğunda qardaşca neçə ağac torpaqdan güc alıb Allaha dil açır. Nazim Hikmət demişkən;

Yaşamak bir ağaç gibi tek ve hür
Ve bir orman gibi kardeşçesine
Bu hasret bizim. 

Həm də bu ağaclar böyüklüklərinə, kiçikliklərinə görə onlara can verən Allaha asilik-filan da etmirlər. Çünki ormanda böyüyün böyük, kiçiyin kiçik yeri var. Və böyük ağaclar kiçiklərə üstən aşağı baxıb alçaltmırlar da, çünki bilirlər ki, o kiçik ağaclar olmasaydı, o böyük ağacın da yaşamaq şansı qalmazdı. Bəlkə elə o böyük ağacı böyük yapan ondan bu və ya başqa ölçüdə kiçik olan ağaclardır. Bəlkə elə o kiçik ağacların da talelərinə hardasa belə boyun əymələrinin, hüzur içində böyümələrinin ən başlıca səbəbi böyüyüb ormanının ən böyük ağacı olmaq “düşüncəsidir. ” Əsas olan ormanda yer almaqdır, yer aldınmı davamı mütləq gələcək! Nədən də olmasın.

Bu düşüncələrə boşuna varmadım. Yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyim şair İbrahim İlyaslının 50 yaşı tamam olur. (Və o ədəbiyyat “ormanımızın” əsla kölgədə qalan “ağacı” deyil. ) Gizləmirəm, bu 50 rəqəmi bir az məni çaşdırdı da. Bu arada 1990-cı ilin məşum yanvar qırğınından sonrakı bir hadisə düşdü yadıma. Onda çoxumuz elliklə yas içində olduğumuzdan üzümü qırxmırdım və ilk dəfə idi ki, saqqalım bir bu qədər uzanmışdı. Bu o vaxt idi ki, mənim də hələ yenicə 50 yaşım tamam olmuşdu. Amma uzanan saqqalıma baxıb içimdəki qara dərdlərimin necə bəmbəyaz olub üzə vurduğunu görəndə yalnızca özüm deyil, görənləri də təəccübləndirmişdim: ”Qocalıq əl verdi, daha nə şişmək!” Hətta rəhmətlik İsmayıl Şıxlı ilə Yazıçılar Birliyinin pilləkənlərində qarşılaşanda üzümə baxıb: “Biz sizin ədəbi nəsli hələ çox cavan bilirdik, ay kişi, siz nə zaman bu yaşa çatdınız, siz cavan qalmadınızsa, biz də qocaldıq” – deyərək təəccübünü gizlətməmişdi!

İndi İbrahim İlyaslının 50 yaş xəbərini eşidəndə mən də eyni duyğuları yaşadım. Amma onun şeirlərini oxuyanda bu keçilən yaşın elə-belə keçmədiyini görmək elə də çətin deyil. Doğrudur, təvazökarlığı yaxasını hələ də buraxmayıb. Buraxsaydı, bu misranı yazardımı: “Deyəcəyim sağəməlli söz deyil! Amma bu misrası ilə bizi qandıra bilməz ki! Bir də Füzuli dədəmiz demirdimi, “aldanma ki, şair sözü, əlbəttə, yalandır?!”

Əslində onun şeirlərinə yaşından gələn bir müdriklik də yol yoldaşlığı edir:

Dərviş olmasam da dərviş misalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam,-
Adım İbrahimə şikaram indi.

Bəlkə bu bənddəki “şikar” kəlməsinə qulp da qoymaq olardı. Amma məqsədimiz qulp qoymaq olmadığından deyim ki, mən, bizdən xəbərsiz bizə verilən adların bizim gələcək taleyimizə işıq tutacağına inanan adamam. İbrahim İlyaslı! Həm ad, həm soyad bizi peyğəmbərlər dünyasına aparır. Və bəlkə onun şeirlərini də elə bu yöndən incələmək istəyi bu adlar düzümündən doğur.

Bugünkü Azərbaycan şeirinin bozbulanlıq axarında İbrahimin şeirləri mükəmməlliyi ilə seçilir. Bu şeirlərdə, Blok demişkən, “imkansızlığın imkan qazanması” var. Bir az əvvəl internet sitələrindən hansındasa birisinin “qazaxşina” yazısına rast gəldim. Oxudum, cavab verməyə lüzum görmədim. Bugünün reallığı yetərlidir ki, tarixə ekskurs etməyəsən. Nə qədər kinli olasan ki, Qazağın yalnızca İncə dərəsinin bənzərsiz poeziya ovqatını bilə-bilə, “qazaxşina” yazmağa əlin gələ. O dərənin cəmi üç kiçik kəndinin ədəbiyyatımıza uğurladığı Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar, Məhəmməd Aslanbəyli, Məmməd Dəmirçioğlu və indi darmacalda adlarını yada salmadığım fərqli, amma elə o İncə dərəsinin saf suyu, qımqıması kimi dəyərli şairləri görməzlikdən gəlmək nə dərəcədə doğrudur? Tərəddüd etmədən demək olar ki, bu dərənin havası Azərbaycan şeirinə xalq mifologiyasının müdrik fəzalarından mayalanan tamam fərqli bir ruhi hal gətirib. Bir evin iki şairi – İbrahim İlyaslı və Məhəmməd Aslanbəyli! (Əslində doğma kəndindən heç yana ayrılmayan, amma əsərlərində Şərq sufi düşüncəsini gözəldən gözəl, elə İncə dərəsinin özü kimi incələyən bu şairimizin haqqında ayrıca məqalə yazmaq və onun az və öz şeirini araşdırmaq tənqidçilərimizin boynunun borcu olmalıdır.) Suriyada sufizmin banisi Əl Məərinin məzar daşında belə bir yazı oxumuşdum: “Mən atamın elədiyi yanlışlığı eləmədim”. Nəymiş Əl Məərinin atasının yanlışlığı? Əlbəttə ki, evlənməyi! Yəni əgər insan gerçəkdən də Allahına ürəkdən bağlıdırsa, Allaha olan sevgisini kimsə ilə bölüşməməlidir, hətta sevdiyi qadınla belə. İstər İbrahim İlyaslının, istərsə də onun doğmaca qardaşı Məhəmməd Aslanbəylinin şeirlərində Allaha olan sevgi kimlərləsə paylaşılmır. Öz təcrübəmdən bilirəm, yaş ötüb keçdikcə yollar boyu keçici “sevgilərin” hamısı bir-bir tökülüb gedir, qadın sevgisi də, yemək-içmək, kef məclislərinin ləzzəti də buxarlanır. Bəs qalan nədir? Böyük Sözə və o Böyük Sözü bizə bəxş edən Allaha sevgi! Cəmiyyətdə baş verənlər təbiətdə olanların bir baxıma təkrarıdır. Kökünü torpağa pərçimləyən ağac Göyə-Tanrıya yolçuluğunda hər yaz yarpaqlayıb və bir yarpaq boyu böyümək üçün hər payız yarpaqlarını ayaqlarının altına almırmı?

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədir, haqq nədi, bildim. 

. . . Qaranlıq könlümdə yandıqca Şamlar
Ürəkdən əriyən yağ nədi bildim.

Əsas olan da bunları bilmək deyilmi?

Ana övladını dünyaya tənd-dürüst gətirmək istəyir. Əslinə baxsan şair özü də anadır, dünyaya Tanrı qatından şeir gətirən ana. Amma bugünkü Azərbaycan poeziya mənzərəsinə nəzər salsaq, dünyaya tən-dürüst “övlad” gətirən şairimizin nə qədər az olduğunu görərik. Bu mənada, İbrahimin şeirləri hansı mövzunu ələ almasından asılı olmayaraq, bütöv və mükəmməl şeirlərdir. Bəlkə bu mükəmməlliyi İncə dərəsinin sazlı-sözlü aşıq mühitinə borclu olmalıdır, bilmirəm. Gəraylıya, qoşmaya, aludəliyi də bəlkə uşaqlıqdan kökləndiyi aşıq, saz ruhundan qaynaqlanır:

İbrahiməm, için-için,
Göynəyirəm, gedir köçüm.
Ölmürəm yaşamaq üçün,
Ölürəm səndən ötəri! 

Yaxud; 

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır. 

Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan-
Kölənin köləsi olan
Hansı günüynən barışır.

Yaxud,

İznimiz var-xam xəyala dalmağa,
Nə gedənik, nə ümid var qalmağa.
Daş gəzirik başımıza salmağa
Başdan-başa daş ölkənin içində. .

Yaxud,

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla
Bir zaman qapına gerçək yalanla
Qoşa gəlmişdimi, qoşa da getsin?! 

Məni sevindirən odur ki, İbrahimin şeirləri indi yalnızca Azərbaycan ədəbi coğrafiyasında qalmır, yavaş-yavaş başqa iqlimlərə də yol açır. Türkiyədə şeirləri tez-tez çap olunur. Fevral ayında Moskvada olanda “Poeziya” almanaxının 2013-cü ildəki ilk sayında İbrahimin şeir silsiləsini görəndə çox sevindim. Tərcümələr də yaxşı alınmışdı. Bu “yaxşı alınmağı” yalnızca tərcüməçinin ayağına yazmaq yanlış olardı. Şeirlərində ortaya qoyduğu düşündürücü fikirləri ilə İbrahimin şeirləri başqa dillərə çevrilməyə çoxdan haqq qazanmışdır.

Məqsədimiz İbrahim İlyaslının əsərlərini incələmək olmadığından misalları burada nöqtələyir, gözəl hisslər və duyğular şairi, mükəmməl şeirlər müəllifə İbrahim İlyaslıya bundan sonrakı yaradıcılığında başarılar diləyirəm! Əlli yaş nədir ki! Hələ bu ömrün, altmışı, yetmişi, hətta səksəni, doxsanı var!Öz təcrübəmdən bilirəm, içinə və tutduğu yola inananları nə ömür, nə də ilham yarıyolda, boynuburuq qoymur.

 Mart. Çanaqqala, Türkiyə

 





12.03.2013    çap et  çap et